Dünya

Avropada proksi-müharibə təhlükəsi: Kosovoda antiterror əməliyyatı olacaq? – FOTO

Sharing is caring!

Ötən gün tanınmayan Kosovo hökuməti Serbiya nömrəli avtomobillərin ərazisinə daxil olmasına qadağa tətbiq etməyə cəhd göstərib. Bu səbəblə Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xətdə gərginlik yaşanıb. Hətta Serbiya Prezidenti Aleksandr Vuçiç dərhal Silahlı Qüvvələrin Baş Qərargahına gedərək ordu rəhbərliyi ilə Kosovodakı vəziyyətlə bağlı mümkün addımları müzakirə edib. Məlumdur ki, bölgədə bir müddət əvvəl, daha dəqiq desək, keçən il də gərginlik yaşanmışdı. Bəs görəsən, Kosovoda nə baş verir? Balkan coğrafiyasındakı bu münaqişədə kimlərin marağı var?

Mövcud durumu Oxu.Az-a şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, ötən ilə qədər sərhəddə NATO qüvvələri dayanıb, serbləri Kosovo ərazisinə onlar daxil ediblər, hazırda isə həmin qüvvələr Kosovo əsgərləri ilə əvəzlənib:

“Kosovonun şimalında on minlərlə serb yaşayır. Münaqişənin bir istiqaməti onların hüquqları ilə bağlıdır. Uzun illərdir ki, Kosovonun şimalındakı serblərin yaşayışını normallaşdırmaq üçün danışıqlar gedir.  Avropa İttifaqı vasitəçidir. Təxminən beş il əvvəl tərəflər arasında razılaşma əldə olunub ki, Kosovoda yaşayan serblər Serbiya pasportu, nömrələri istifadə edərək Serbiyaya gedib-gələ bilərlər. Bir il əvvəl razılaşmanın müddəti başa çatdı. İnzibati əraziyə Kosovo qüvvələri nəzarət etməyə başladılar. Onlar isə bu aydan serblərlə bağlı sərt qaydalar tətbiq edirlər. Bunu da razılaşmanın qüvvədən düşməsi ilə əsaslandırırlar.

Lakin razılaşma müddətinin bitməsinə baxmayaraq, Serbiya üçün atılan bu addımlar qəbulolunmazdır. Serbiya indiyədək danışıqlar aparır ki, həmin razılaşmanı müddətsiz etsin və ya müddəti daha beş il uzatsın, ancaq Kosovo rəhbərləri bunu qəbul etmirlər. İndiki gərginlik də buradan qaynaqlanır”.

Ekspert vəziyyətin nə cür inkişaf edəcəyi barədə təxminlərdə bir qədər çətinlik olduğunu bildirib:

“Çünki Serbiya Kosovonu öz ərazisi sayır və orada yaşayan serblərin təhlükəsizliyinə zəmanətçi qismində çıxış edir. Ona görə də burada xüsusi əməliyyatların keçirilməsini istisna etmək olmaz. Serbiya regionda yerləşən Kosovo qüvvələrini neytrallaşdıraraq antiterror əməliyyatı keçirə bilər. Yaxud da bu əməliyyatla Kosovonu hədələyib, Kosovo hakimiyyətinin məsələyə münasibətini dəyişdirə bilər.  Burada əsas rolu güc faktoru oynayır.

Avropa İttifaqının məsələyə diqqət göstərəcəyini, münaqişənin çözülməsi yolunda addımlar atacağını da düşünürəm. Çünki hazırda Avropada yeni münaqişə ocağının yaradılmasında nə Aİ, nə də qonşu ölkələr maraqlıdır. Son məlumat isə ondan ibarətdir ki, Kosovo rəhbərləri artıq geri çəkiliblər. Bu ondan xəbər verir ki, onlara Aİ və ya NATO tərəfindən təzyiq göstərilib. Deməli, xarici qüvvələr yeni münaqişənin yaranmasını istəmirlər”.

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov isə diqqətə çatdırıb ki, Balkan yarımadasında baş verən münaqişələr geniş əks-səda yaratmaq iqtidarındadır:

“Kosovo rəhbərliyi dünən şimalda yaşayan təxminən 50 min serbin bundan sonra Kosovo qeydiyyatlı avtomobil nömrələrindən istifadə etməsi ilə bağlı yeni qayda tətbiq etməyə başladı. Bu isə serblərin narazılığı ilə nəticələndi. Balkan yarımadasındakı münaqişələrdə isə həmişə üçüncü tərəflərin marağı olub. Kosovo daim Rusiya ilə Qərbin mübarizə meydanına çevrilib. Rusiya Serbiyanı, Qərb isə Kosovonun müstəqilliyini dəstəkləyir. Bu baxımdan münaqişənin indi inkişaf etməsi diqqətləri Rusiya-Ukrayna müharibəsinə yönəldir. Müharibə digərləri üçün də fürsət kimi dəyərləndirilə bilər. Ümumilikdə isə Kosovoda baş verənlər Rusiya-Ukrayna müharibəsinin regiondakı bir proyeksiyasıdır. İstisna olunmur ki, bu münaqişənin qızışması Rusiya və ya Qərbin təxribatının nəticəsidir”.

Həmsöhbətimiz Qərb və Rusiyanın regiondakı maraqlarını belə izah edib:

“Qərb münaqişədə ona görə maraqlı ola bilər ki, serblər Rusiyanın müttəfiqidirlər. Serbiyanın zəifləməsi Rusiyanın Balkan yarımadasında zəifləməsi deməkdir. Bu da Qərbin, həmçinin ABŞ-ın marağındadır. Rusiya isə müharibədə öz müttəfiqlərindən maksimum yararlanmağa çalışdığı üçün ikinci bir münaqişənin olmasını istəyə bilər. Məsələn, elə bu niyyətinə görə Belarusa təsir edərək onun müharibəyə daxil olacağı siqnallarını ötürürdü. İndi də Serbiyanı münaqişəyə qataraq öz müttəfiqləri vasitəsilə proksi-müharibənin baş verməsində maraqlı ola bilər.

Məqsəd isə özünün düşdüyü bataqlığa digər dövlətləri də salmaqdır. Rusiya istəyir ki, Qərb dövlətlərinin də iqtisadi-sosial durumu tənəzzülə doğru getsin. Amma hazırda ciddi bir müharibənin olacağına inanmıram. Çünki serblərin hücum ehtimalı azdır, Kosovoda 3700-dən çox “Kosovo Forces” (KFOR), yəni NATO-Kosovo sülhməramlıları var. NATO indiki halda regionda ciddi müharibənin baş verməsini istəməz. Onların Ukraynadakı müharibədə kifayət qədər itkiləri olub. Dünya iqtisadiyyatı inflyasiyaya uğrayır. Lakin müharibənin baş verəcəyinə inanmasam da, tərəflər arasındakı münaqişəni bitmiş hesab etmirəm. Nə vaxtsa onların ciddi itkilər verəcəyi proses baş verə bilər”.

Ekspert münaqişənin tarixindən də danışıb:

“1999-cu ildə NATO-nun Serbiyanı bombalaması nəticəsində Kosovo Serbiyadan de-fakto ayrıldı. Bir çoxlarına görə, 2008-ci ildə Kosovonun müstəqillik əldə etməsi ilə münaqişə bitmiş olsa da, regionda hələ də gərginlik hökm sürür. Çünki heç biri güzəşt etmək istəmir.

Xatırladım ki, ötən il serblər tərəfindən kütləvi iğtişaşlar baş vermiş, nəticədə Kosovo bu gün də elan etdiyi qanunu bir müddətlik geri çəkmiş, Avropa Birliyinin müdaxiləsi ilə ara müvəqqəti səngimişdi. İndi isə durum yenidən gərginləşdi. Əslində, Serbiyada uzun illərdir belə qanun hökm sürür ki, Kosovodan Serbiyaya gələn albanlar mütləq Serbiya qeydiyyatlı avtomobilə malik olmalıdırlar. Ona görə Kosovo da analoji qaydanı tətbiq etmək istəyir.

Təxminən 11 il əvvəl tərəflər arasında saziş imzalanmışdı, sazişə görə, 10 il müddətinə Kosovonun şimalındakı serblər Kosovo qeydiyyat nömrəli avtomobillərdən istifadə etməyə bilərdilər. Ötən il müddət başa çatdı və ara yenidən qızışdı. Düzü, bu münaqişədə konkret hansısa tərəfi qınamaq çətindir. Bəzən serblər, bəzən də albanlar sərt çıxışlar ediblər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir