Dünya

Slobodan Samardjiya: “Hələlik Serbiyanın gücü yoxdur…” – MÜSAHİBƏ

Sharing is caring!

Kosovo hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə saldı. Bu xəbərdən sonra böhran bir ay təxirə düşdü.

Birinci Dünya Müharibəsinin başlanmasının ildönümündən az sonra baş verən gərginlik dünyanı yeni hərbi toqquşma təhlükəsi ilə üz-üzə qoydu.

Avqustun 1-nə keçən gecə Serbiya Prezidenti Aleksandr Vuçiç beynəlxalq ictimaiyyətdən Kosovo hakimiyyətinə təsir göstərməyi xahiş edib.

Türkiyə hakimiyyəti bir tərəfdən Priştina hakimiyyəti ilə qismən tanınan Kosovonun şimalındakı serblər, digər tərəfdən isə Serbiya Respublikası arasında gərginliyin qarşısını almağa çalışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiya və Kosovodan olan həmkarları ilə danışıb.

Öz növbəsində NATO sülhməramlı kontingenti müharibənin başlayacağı təqdirdə müdaxilə edəcəyini açıqlayıb.

Hətta belə fikirlər səsləndi ki, Serbiya Kosovonu güc yolu ilə öz nəzarətinə qaytarmaqla öz ərazi bütövlüyünü bərpa etməyə çalışacaq.

Lakin ABŞ-ın müraciətindən sonra Kosovo hakimiyyəti məhdudiyyətlərin tətbiqini sentyabrın 1-dək təxirə salıb, serblərdən isə barrikadaları götürməyi xahiş ediblər.

Oxu.Az mövzu ilə əlaqədar serbiyalı analitik Slobodan Samardjiyanın rəyini öyrənib.

– 2020-ci ildə Qarabağda olduğu kimi, Serbiya öz ərazi bütövlüyünü bərpa etmək üçün Kosovoda hərbi əməliyyatlar keçirə bilərmi?

– Hesab edirəm ki, Balkan yarımadasında, xüsusən də Serbiyada yeni münaqişənin olmasını istəyənlər o qədər də çox deyil. Məsələ ondan ibarətdir ki, albanlar beynəlxalq ictimaiyyətin köməyi ilə adətən yalnız tam müstəqil dövlətlərin malik olduğu səlahiyyətlərə sahibləniblər. Amma hələ ki, Serbiyanın buna müqavimət göstərəcək gücü yoxdur. Hazırda vəziyyət belədir. Serbiya ən azı status-kvonu təmin etməyə və sülhü qorumağa çalışır. Təşəbbüs daha çox albanların tərəfindədir və biz buna uyğunlaşmalıyıq. Nəzərə almaq lazımdır ki, Serbiya hələ də parlamentini formalaşdırmaq mərhələsindədir. Bundan əlavə, hökumətdəki vakuum Kosovoya münasibətdə də özünü göstərir. Bizim bəzi narahatlıqlarımız var, amma həyat öz axarında davam edir.

– Böhran sentyabrın 1-nə qədər təxirə salınıb. Bəs bir aydan sonra nə olacaq? Axı Kosovo məhdudiyyətlərdən imtina etməyib, sadəcə olaraq onların tətbiq olunma tarixini təxirə salıb. Buna görə də kəskinləşmə təkrarlana bilərmi?

– Bəli, bu tamamilə mümkündür. Maraqlısı odur ki, indiki böhran ABŞ-ın Priştinadakı səfiri Ceff Hovenier sayəsində təxirə salınıb. Bu məqam Kosovonun kim tərəfindən idarə edildiyinin göstəricisidir. Mən həmçinin hesab edirəm ki, beynəlxalq aləmdə baş verən hadisələr Amerikanın xeyrinə deyil. Bir çoxları tərəfindən ABŞ-Rusiya müharibəsi kimi qiymətləndirilən Ukrayna müharibəsi beynəlxalq münasibətləri böyük ölçüdə pozub. İndi aydın olur ki, birtərəfli qərarları qəbul etməzdən əvvəl yaxşı düşünmək lazımdır. Müharibə heç kimə fayda verməyəcək.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir