Dünya

Krivoy Roqun hərbi administrasiyasının rəhbəri: “Bu, Rusiya tərəfindən terror və nüvə şantajıdır” – MÜSAHİBƏ

Sharing is caring!

Ukrayna ordusunun ölkənin cənubunda ciddi əks-hücum hazırladığına dair xəbərlər getdikcə artmaqdadır və bir çox şərhçilər bunu artıq “Xerson döyüşü” və ya “Cənub döyüşü” adlandırıblar.

ABŞ Nümayəndələr Palatasının Silah Komitəsinin rəhbəri Adam Smit “Politico” qəzetinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenskiyə istinad edərək qeyd edib ki, növbəti üç-altı həftə həlledici olacaq. Öz növbəsində, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Silahlı Qüvvələrinə xəbərdarlıq edərək vurğulayıb ki, onların Xersonu tərk etmək üçün hələ də fürsətləri qalır.

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivorojski rayonu müvəqqəti olaraq işğal olunmuş Xerson vilayəti ilə həmsərhəddir. Bir neçə ay əvvəl Krivoy Roq şəhəri ətrafında ağır döyüşlər gedib və Ukrayna Silahlı Qüvvələri düşməni geriyə oturda bilib. Hazırda Krivoy Roqda vəziyyət necədir?

Oxu.Az son vəziyyət barədə şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkulldan müsahibə götürüb.

– Biz sizinlə təqribən dörd ay əvvəl danışmışdıq. O vaxtdan bəri nə dəyişdi?

– Hazırda vəziyyət gərgin olsa da Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Döyüşlərin Krivoy Roq şəhərindən bir neçə yüz metr aralıda getdiyi dövr var idi. Lakin hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində cəbhə xətti şəhərdən 50 kilometrə qədər arxaya atıldı. Düşmən müvəqqəti işğal olunmuş Xerson rayonu ərazisinə geri çəkilməli oldu. Və açıq şəkildə deyə bilərik ki, son 2,5 ay ərzində biz artıq Xerson vilayətində 25-dən çox yaşayış məntəqəsini azad etmişik. Təkcə keçən həftə bizim həyata keçirdiyimiz hücum taktikası nəticəsində İvanovka və Potemkino kəndləri azad edildi.

– Bununla belə Krivoy Roqun Rusiya ordusu tərəfindən atəşə tutulması intensivləşməkdədir. Onlar geri çəkilirlər, lakin uzaq məsafədən zərbələrin sayını artırırlar…

– Rusiya qoşunları özlərini terrorçu kimi aparırlar. Onlar bütün növ silahlardan dinc yaşayış məntəqələrini atəşə tuturlar. Buraya artilleriya, reaktiv yaylım atəş sistemi (“Smerç”, “Uraqan”, “Qrad”), minaatanlar, tanklar və raketlər daxildir. Bizim olduğumuz istiqamət müxtəlif raketlərdən – “Toçka-U”, “İskəndər”, “Kalibr” və “S-300”-dən atəşə məruz qalıb.

– Krivoy Roqun yaxınlığında Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyası (AES) var. Və məlumat var ki, Rusiya Silahlı Qüvvələri AES ərazisindən Ukrayna yaşayış məntəqələrini atəşə tutur…

– Bu doğrudur. Dnepr çayının Dnepropetrovsk vilayətindən axan digər sahilində Zaporojye vilayətinin işğal olunmuş hissəsi yerləşir. Orada, Enerqodar şəhərində Avropanın ən böyük Atom Elektrik Stansiyası yerləşir. Rusiya hərbçiləri Atom Elektrik Stansiyasında yerləşdirilib və Dnepr vasitəsilə daim bizim cəbhə istiqamətimizi atəşə tuturlar. Söhbət Nikopoldan və Nikopol bölgəsindən gedir. Son bir həftə ərzində dinc hədəflərə 300-dən çox raket atılıb. Və onlar başa düşürlər ki, Ukrayna ordusu cavab atəşi aça bilməz, kontrbatareya döyüşü apara bilməz, çünki düşmən atom elektrik stansiyasında gizlənir. Bu, Rusiya Federasiyası tərəfindən terrorizmin və nüvə şantajının bu şəkildə çirkin versiyasıdır.

– Krivoy Roqda qaçqınlarla bağlı vəziyyət necədir? Onlar haradan gəlir, nə qədəri qalıb və nə qədəri Ukraynanın dərinliklərinə və ola bilsin ki, Avropaya doğru irəliləməkdə davam edir?

– Krivoy Roqdan tranzit kimi 100 mindən çox qaçqın keçib. Biz hamını qəbul edirdik, tibbi yardım göstərirdik, yemək verirdik, evakuasiya qatarlarına mindirirdik. Daha 70 min qaçqın bizimlədir. Biz müvəqqəti köçürmə üçün 80-ə yaxın yer hazırlamışıq – bunlar məktəblər, uşaq bağçaları, yataqxanalardır. Və onlar təbii ki, sosial və psixoloji dəstək də daxil olmaqla hər cür dəstək alırlar. Bütün qaçqınlar gündə üç dəfə yeməklə təmin olunurlar. Krivoy Roqda qalan qaçqınların yarısı Xerson vilayətinin sakinləri, qalanları isə Ukraynanın daha on iki vilayətindən olan məcburi köçkünlərdir.

– Bəs şəhərin iqtisadiyyatı barədə nə deyə bilərsiniz? Aydındır ki, müharibə şəraitində logistika pozulub. Bu problemlərin öhdəsindən necə gəlirsiniz?

– Vəziyyət çox çətindir. Krivoy Roq sənaye müəssisələri dövriyyəsinin 95%-i Qara dəniz limanlarından keçirdi. Bunlar metallurgiya kombinatı, mədən zavodları və mədənlərdir. Bəli, logistika pozulub. Biz Avropa vasitəsilə yeni logistika qurmaq üçün hər şeyi edirik. Amma bizim məsələn, geniş xəttli dəmiryolu ilə bağlı problemlərimiz var, çünki Avropada dəmiryolu daha genişdir. Keçid imkanları ilə bağlı həll olunmamış məsələlər var. İstənilən halda daşımaların bahalaşmasından danışmaq olar. Həm də dünya bazarında filiz və metal prokat qiymətlərinin  düşməsi faktoru var. Amma biz hər bir müəssisəyə fərdi yanaşırıq, çalışırıq ki, insanlar işlə təmin olunsun.

Bundan əlavə, biz Krivoy Roqda əvvəllər bizdə olmayan bir sıra istehsal müəssisələri açmışıq. Söhbət gülləkeçirməz jiletlərin, uniformaların tikilməsindən gedir. Makarondan tutmuş “tuşonka”lara qədər ərzaq məhsulları istehsalı ilə məşğul olmağa başladıq. Biz bu sahələri həm daxili təminat məqsədilə, həm də insanların işlə təmin olunması üçün inkişaf etdiririk. Lakin təbii ki, bununla iri sənaye ilə bağlı problemləri 100% kompensasiya etmək mümkün deyil.

– Rəsmilərin adından da olmaqla bir çox xəbərlər yayılıb ki, tezliklə Ukrayna ordusunun Xersona qarşı hücumu gözlənilir. Krivoy Roq isə Xerson bölgəsinə yaxındır. Ukrayna hücuma hazırdırmı?

– Belə deyəcəm, əminəm ki, Ukrayna bütün işğal olunmuş əraziləri azad edəcək. Mənim heç bir şübhəm yoxdur. Amma bizim silah təchizatı ilə bağlı köməyə ehtiyacımız var.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir