Dünya Manşetüstü

Məşhur rejissor: “Rusiya həmişə günahkardır…” – Şok monoloq

Sharing is caring!

XəbərAl.az məşhur rejissor Andrey Konçalovskinin “Rossiyskaya Qazeta”da dərc olunmuş monoloq-yazısını təqdim edir.

Ölüm haqqında düşünməmək qeyri-mümkündür; yaş üstünə yaş gəldikdə, hətta zəruridir. Ömrə davam etdikcə, özündə sonsuz olmayan nəsnəni daha böyük maraqla dərk edirsən. Sənin təzahür edən və zahirə çıxmayan mahiyyətin sonsuz deyil. Biz, axı, hansı həddə kimi öldüymüzü bilmirik.

Düşünürəm orada, xəttin arxasında əbədi qalan bir nəsnə var.

Bir yandan Çexov insan ölümünü həyatımızın adi faktı kimi qeyd edir. O biri tərəfdən həmin Çexov: “Ölməzlik faktdır, bir dayanın, mən sizlərə bunu sübut edəcəm” yazırdı…

Fövqəladə etiraz

Belə deyəcəm, anlayanda ki, həyat gündəlik zəruri çörək və oxuyan quślarla, lakin sənsiz davam edəcək, gedonizm əriyib gedir. Amma bu fikri özündən qova bilənədək sən yaśayırsan, həyatdasan.

Həyat ağrı-acı dadir, bəli. Hər halda həyat böyük istəkdir. Həyat – defisitdir, bolluq isə ölüm…

Sönük baxışa və hər hansı dünya istəklərində toxluğa rast gəldikdə, bilin, həyat sona çatıb artıq.

İstəkləri bəsləyib yetiştirmək gərəkdir. Istəklər varsa, hər şey olacaq – yaradıcılıq da, yerdə qalanlar da.

Aclıq ömrü uzadır. Toxluq – ölümə daha yaxındır. Defisit qəribə zövq-səfa hissi doğurur. Aclıq çəkdikdə, ya pəhriz saxladıqda məndə yeməyə və bir parça çörəyə tam fərqli münasibət yaranır.

Defisit hər sahədə çox əhəmiyyətlidir. Azadlığın özündə də defisit gərəkdir, hətta zəruridir. Elə ki insan dünyanın bütün azadlıqlarını əldə edir – heyvana çevrilir.

“Mən cəhalətpərəst vatnikləm …”

İnsan hüquqları xam xəyaldır və Avropa sivilizasiyasının uydurma nəzəriyyəsidir. Bu, yalanın nəhəng diktaturasıdır. İnsan hüquqları heç yerdə gözlənilmir. Öhdəsinə düşən vəzifələri icra edə bilətyənin hüququ olmaz.

Çin və xristian sivilizasiyalarına nəzər salın. Orada hər śeydən öndə öhdəlikr durur. Bütün hüquqları əldə etdikdən sonra, kobud desək, insan öz surətini itirir.

Öhdəliklər nədir? Mədəniyyətdir. Avropa liberal düşüncəsi, hüququ fetişizə etdiyi üçün, fikrimcə, yalnız uçuruma aparır. Bu cəhənnəmə birbaşa yoldur və bu mənada mən cəhalətpərəst və vatnikəm.

Ukrayna ilə nə qədər uzun müddətə küsüşmüşük? Uzun müddətə. Amma başqa cür də olmaz. Bu gün Ukraynada baş verənlər bütöv bir etnikin faciəsidir. Bu, Ukrayna xalqının öz etnik bütövlüyünə verdiyi dəhşətli qurbandır.

Burada Rusiyanın günah payi varmi? Əslində, Rusiya həmişə günahklardır. Əsas bu deyil. Əsas odur ki, kiməsə Qərbi Avropa ilə birləşmək illüziyası asan gəlir, kiməsə çətin. Amma slavyanlarla latinyanların fərqi böyükdür. Polyaklar slavyandırlar, lakin onlar latinyandırlar. Ruslara polyaklarla anlaşmaq tatarlarla anlaşmaqdan daha çətindir. Pravoslavlıq əsl müsəlmanlıqla heç vaxt düşmən olmayıb, lakin katolisizmlə daimi toqquşma və müharibələr qaçılmaz olub.

Qərb və Şərq arasında bu günə kimi dəmir pərdə var. Bu, pravoslavlıqla latinyanların, yunanlarla italyanların arasında olan pərdədir. BMT-nin indeksi ilə baxmış olsanız, bütün pravoslav ölkələri katoliklərdən aşağı, protestantlardan isə lap aşağı indeksə malik olduğunu görərsiniz.

Lakin provaslavlıqda da nəhəng qradasiya mövcuddur. Yunan fəlsəfəsi, yunan mədəniyyəti ilə yunan pravoslavlığı isə əntiq hüquqla tanış olduğundan.

Hələ filosof Klüçevski deyirdi ki, biz pravoslavlığı slavyan dilində aldıqımız üçün yəhudi sxolastikasından, yunan fəlsəfəsindən və Roma hüququndan məhrum olmuşuq. Qərb sivilizasiyası həmin o üç filin üstündə bərqərar olduğu üçün biz onlara yiyələnə bilmədik.

Ancaq hər halda Qoqol böyük rus yazıçısıdır.Ukraynalı olduğu halda böyük rus yazıçısı… Əlbəttə, o, həm də böyük Ukrayna yazıçısıdır. Fikrimi belə tamamlayacam: bu gün ukraynalılara acımaqdan qeyri hissim yoxdur.

Həyat sona yetməmiş dünyanı görmək…

Nədən az qala səksənimdə Saxalinə uçdum? Bilirsiniz, rasional səbəblər yox idi. Sadəcə mən heç vaxt Uzaq Şərqdə olmamışdım və bu diyarı görmək mənə maraqlı idi. Düşündüm ki, iyirmi il bundan qabaq doğulmuş gənclərə mənim filmlərimin retrospektivini göstərmək lazımdır – o vaxta qədər mən artiq iyirmi film çəkmişdim və onlar təbii ki, həmin filmləri görməmişdirlər.

İnsanlarla ünsiyyətdə olmaq istədim; məni ələlxüsus qırx yaşlı valideyinlər və onların iyirmi yaşlı övladları maraqlandırırdı. Onlarla həyatdan, incəsənətdən söhbətlər etmək keçdi könlümdən. Onların həyatı necə qəbul edib, dərk etmələri mənim üçün çox əhəmiyyətli idi. Axı, həyatın sükanını bundan sonra onlar çevirəcəkdi.

Saxalin – burada baş manok (aldadıb çağıran ov quşu-red.) Çexovdur. Anton Pavloviçdən qabaq buraya, dünyanin qurtaracağina, öz xoşuna sürgünə yollanmaq heç kəsin ağlına belə gəlməmişdi!

Adaya hazırlaşarkən həkimlər ona elə belə də dedilər: “Siz ağlınızı itirmisiniz!” Axı o, artıq çox xəstə idi. Bir həkim olaraq ömrünün çox uzun olmayacağını çox gözəl bilirdi. Demək, onun bu addımının çox dərin səbəb-nəticə əlaqələri vardı.

Fyodor Mixayloviç Dostoyevskinin “Ölü evdən məktublar”, Çexovun “Saxalin adası” əsərləri vardı, bundan sonra Soljenitsin öz “Qulaq Arxipelaqı” ilə zühur etdi.

Lakin Anton Pavloviç bunları məcburi deyil, dərk edərək öyrənirdi və bu da heç vaxt siyasi bələdçiliyi olmayan birinin siyasi əməli idi. Düşünürəm ki, onu ömür bitmədən dünyanı görmək kimi aşkar bir həvəs idarə edirdi.

Babama necə məktub yazdım

Həyatımızda bir çox zəif cəhətlərimiz var və bunlardan biri – həyatda olan əqrəbalarımıza biganəlikdir. Bax, mən yetmiş beş yaşımda babam Pyotr Konçalovskiyə məktub yazdım. Mənim üçün bu həddindən artıq maraqlı məşğuliyyət idi – babama öz yaş dövrümdən suallar vermək. O sualları ki, mən ona on səkkiz- iyirmi yaşında verə bilməzdim. O vaxt bunlar məni qəti maraqlandırmırdı.

Böyük rəssam Vrubelin nənəmlə babamın toyunda şahidlik etməsi məni o vaxt maraqlandıra bilərdimi? Mən sonralar öyrəndim ki, Mişa Vrubel küçə ilə gedərkən qoşqulu xizəklə yanından ötən dostlarından soruşub: “Siz haraya gedirsiniz?” “Rəssam Surikovun qızı, Petya Konçalovskiyə ərə gedir”, – deyə ona cavab verirlər. “Mən də sizinlə gedə bilərəmmi?”

Beləcə o, xizəkçinin oturacağına tullanır və babamla nənəmin toyunda şahid kimi iştirak edir. Faytonçunun yanında ayaq üstə dayanmış Vrubeli təsəvvür edin! Axı, bu, unikal hadisədir! Babamı Vrubel və Korovin haqda sorğu-sual etmədiyim üçün çox təəssüflənirəm.

İllər sonrası mən bütün o sualları məqalədə yazdım. Cavabları isə ədəbiyyatdan əxz etməli oldum. Babamın mənə verəcəyi cavabları təsəvvür etməyə çalışırdım. Amma sağlığında onu sorğu-sual etmədiyim üçün çox təəssüflənirəm. Gənclik yelbeyinliyi bunu etməyə qoymadı.

Mən öz atama tez-tez deyirdim: “Ata, xatirələrini yaz…” Amma o yazmadı.

“Alçaq həqiqətlər” adlı bioqrafik kitabımı heç bir gərginlik keçirmədən səmimi açıqlıqla yazdım. Amma yazdığım etirafa bənzəmir. Etiraf trilogiyası Jan-Jak Russoda var idi. Lev Tolstoyun tam etiraf xarakterli yazıları qalıb. Mən belə şeylərdən uzağam.

Nikita Mixalkov bu gün mənim üçün kimdir? Kiçik qardaş. Nə olsun ki, bığları ağarıb? Bu, şərt deyil. Atam həyatda olanda məni həmişə burnufırtıqlı uşaq sanirdı, baxmayaraq ki, mənim yetmişə yaxın yaşım vardı və baba idim. Atam mənə: “Sən nə anlarsan axı…” deyərdi.

Bu gün əllidən yuxarı yaşı olsa da oğlum Yeqora elə baxıram. Və bu normaldır. Atam vəfat edəndə mən Nikitaya dedim: “Bax, biz indi yetimik”.

Nikita ilə yaradıcılıq rəqabəti? Var idi, elə indi də var. Bu qaçılmazdır. İki erkək kimi. Rəqabət həmişə var. Həm yaxşı, həm pis mənada. Rəqabətimizdə ən başlıcası – polemikadır. Lakin yaşa dolduqca o öz formasını dəyişir. İnsana olduğu kimi qalmasina izn vermək çətindir. Və yaxud insanlara olduğu kimi qalmağa izn vermək olmaz. Hər zaman nəyisə düzəltmək, ora-burasını sahmana salmaq istəyirsən. Ömür boyu həyatı və insanları olduqları kimi qəbul etməyi öyrənirsən.

Rəssamlar arasında rəqabət onların yaşayışının ayrılmaz hissəsdir. Rafael və Mikelancelo arasında böyük rəqabət vardı. Eləcə də Mikelancelo və Leonardo da Vinçi arasında. Onlar riyasız, tam səmimi, biri-birilərini görən gözləri yox idi. Mikelancelo daha dözümsüz idi. O, çətin adam idi. Rafael ona: “Sən dahisən” – deyirdi. O isə: “Sən hər şeyi məndən oğurlayırsan…” – cavab verirdi.

Aydan aşağı təzə heç nə yoxdur və olası da deyil

Kiçik qardaşla isə hər şey başqa cürdür. Əvvəllər o sənin üçün balaca oğlancığazdı. Sonra oğlancığaz kino çəkməyə başlayır. Sonra işinin alındığına heyrətlənməyə başlayırsan. Daha sonra onun ustad olduğunu anlayırsan.

Lakin Nikita mənimlə heç vaxt məsləhətləşmir. Əsla! Düşünürəm ki, o karyerasına başlayanda, mənim nüfuz-təsirimdən çəkinirdi.

Bu yaxınlarda mənim “Cənnət” filmimə “Qızıl Qartal” mükafatının təqdimindən sonra media bizim Nikita ilə qol-boyun şəklimizi görüb yenə küy qaldırdı…Bizim münasibətlərimiz yaxşıdır, qardaşyana! Mübahisələrimiz olur, bəli. Daha çox mən mübahisə edirəm, o, dözümlülük göstərir. Mənim ona olan dözümlülüyümdən daha çox.

Dözümlülük ümumiyyətlə rus insanına xas deyil, amma yaş ötdükcə bunu özündə təlim edirsən.

İnsan zəifliklərinin vəkili

Bəzi hadisələr var ki, mənə hədsiz təsir göstərib. Misal üçün, Valentin Katayev rus ədəbi şedevrləri ilə zühur etdi. Mən “Müqəddəs quyu” və “Mənim almaz tacim” əsərlərini nəzərdə tuturam. Yadımdadır, bunları oxuduqdan sonra dilin gözəlliyinə mat qalmışdım. O zaman biz hələ Bunini oxumurduq. Onun da gözəl üslubu var.

Bir dəfə Katayevi maşında gördüm, qar tökürdü, yadımdadır, əyilərək yaxınlaşıb pəncərəsini döydüm. Katayev pəncərəni açdı, narazı sifəti indiki kimi gözümün qabağındadır.

Sergey Mixalkovun oğlu olduğumu dedikdə sifəti daha da əyildi və mənim ehtiram ifadə eləyən sözlərimi turşumuş fizionomiya ilə dinlədi. Lakin bunlar insani keyfiyyətlərdir. Yazıçı kimi o dahidir.

Serqey Yeseninin “Qara adam” poemasını oxumasını təsvir edərkən onun az qala brilyant misraları var. Bu, oxuması təkrar-təkrar mümkün olan səhifəyarım əsl şedevrdir.

Çox zaman məni rus adamına həşərat kimi baxmaqda töhmələndirirlər – bu belə deyil. Bu, kiminsə mənə badalaq atmaq istəyəndə yapışdırdığı möhürdür. “Poçtalyon Aleksey Tryapitsinin bəyaz gecələri” filmində yenə də rus insanına iyrənc münasibət gözdən keçirilir. Cəfəngiyatdır. Allah mənə insanları sevmək qabiliyyəti verib və mən öz qəhrəmanlarımı sevirəm. Bu məhəbbəti hər hansı dərəcədə insanlara ötürmək bacarığı mənim ikinci qabiliyyətimdir. Bunlar iki fərqli qabiliyyətlərdir.

İnsanları sevmək çətindirmi? Bilirsiniz, burada dərhal yada yarıya qədər dolu, ya da yarıya qədər boş stəkan haqqında əfsanə düşür. Müxtəlif insanlar, müxtəlif rəylər… Bütün bunlar insani keyfiyyətlərdir. Bu baxımdan mən və arvadım iki müxtəlif insanlarıq. Yulka deyir ki, stəkan yarıya qədər boşdur, mənsə stəkan yarıya qədər doludur deyirəm.

Mən insanlarla çox asan ünsiyyət qururam və yaşadıqca insanlar mənə daha maraqlı gəlir. Həyat və insanlardan zərrə qədər bezmədim. Bir hind filosofunun: “Hər qarşına çıxan adama öz müəllimin kimi baxmaq lazımdır” frazası hafizəmə bənd olub.

Tolstoy isə jurnalistin “Sizin ən sevimli həmsöhbətiniz kimdir” sualına son dərəcə mükəmməl cavab verib: “Hal-hazırda söhbət etdiyim adam”.

Mənim zəif cəhətim əl vermək istəmədiyimə də əl verməyimdir. Əl verməmək – nəzakətsizlikdir və bu onu dəyişməyəcək ki. Bilirsiniz, mühakimə etmək asan, anlamaq isə daha çətindir. Düşünürəm ki, sadizm daxili patalogiya kimi, insanın tənəzzülündə ən ağır məqamdır. Sadizm insanı cəhənnəmə düşürür. Dante xainləri cəhənnəmin ən dərin qatlarına atdı. Uşaq və əqrəba satqınlarını.

Mənə görə orada sadistlər yerləşib. Hər halda mən insan zəifliklərinin ittihamçısı deyil, vəkiliyəm. Bilirsiniz, “İlahi onları əfv et, çünki onlar nə etdiklərini anlamırlar” kəlamı dərindən-dərin müdriklikdir.

Kişi ağlayanda…

Niyə Andron? Mən Andrey kimi vəftiz olunmuşam. Sadəcə Pyotr Petroviç Konçalovski Vasiliy İvanoviç Surikovdan eşitdiyi bir Sibir zərb-məsəlini iqtibas etməyi sevirdi:” Bu, ilıq bişirilmiş çəkmələrdir. Andronlar gəlir…”

Bunun nə demək olduğunu indinin özündə də bilmirəm. Abrakadabradir (cəfəng bir şey-red.) hər halda. Bax buna görə də o məni Andron çağırdi. Bu ad orta əsrlər dövrünün köhnə rus adıdır və mənə yaxın deyil. Andrey – daha irəlidir.

Bəs niyə Konçalovski? Atamla 1956-cı il Macar hadisələri fonunda, bir gənclik ixtilafları ilə bağlı münaqişəmiz olmuşdu. Mən destalinizasiya yetirməsi olduğumu artıq bəyan etmişdim və bununla əlaqəli atamla mübahisə edirdik. O dözmürdü, həyəcan keçirirdi, hiddətlənirdi. Mən ona hansısa dissident sualları verirdim.

Andrey Tarkovski ilə ilk ssenarimizi “Moskovski komsomolets”də dərc etdik və mən onu Bezuxov kimi imzaladım. Sonra Mixalkov-Konçalovski, daha sonra – Konçalovski oldum. Kino sənətində Mixalkov Nikita özünü mükəmməl təqdim etməyə başladı. Bu gün mənim üçün Konçalovski soyadı orqanikdir. Amma mənim pasportla Mixalkov olan balalarım Konçalovski oldular. Oğlum Yeqor Konçalovski oldu. Mənim renomeyimdən (şöhrətimdən-red.) istifadə edir…

Aktyora ağil lazımdırmı? Bu, mürəkkəb məsələdir. Böyük aktrisalar böyük müdrikliyə malikdirlər. İnna Çurikova, Cülyetta Mazini, Anna Manyanini götürün – bunlar hamısı böyük aktrisalardır, lakin müdriklikləri də fenomenaldır.

Böyük aktyor təhsilsiz, sadəlövh ola bilər. Aktyor çox səfeh ola bilər, lakin böyük aktyor da ola bilər. Çox ağıllı adam da pis aktyor ola bilər. Burada vahid formula yoxdur.

Keşa Smoktunvski intellektual deyildi, lakin dahi aktyor idi. Narsis aktyorlar da var – onlarda müəyyən narsisizm mövcuddur ki, o da onların aktyor mahiyyətini məlum edir və aşaği ay-kyusünü (İQ) göstərir.

Xoşa gəlmək, ümumiyyətlə kişiyə xas olmayan, qeyri-təbii istəkdir. Bu, təmiz qadın xüsusiyyətidir. Bəyənilmək istəyi təkcə aktyorlara aid deyil, ümumilikdə yaradıcı adamlara xasdir. Yaziçılara, misal üçün… Hər şey çox individualdır. Bunin düşünürəm xoşa gəlməyi sevirdi, Çexovun isə ondan zəhləsi gedirdi.

Özü ağlamadan başqalarını ağladanlara qibtə ilə baxmışam. Bu yöndə Konstantin Simonov mənim üçün fenomenaldır.

İnternetdə bir görüntü var – Simonov “Məni gözlə”ni oxuyur. Bu, kişi talantının şedevridir. Öz ağrı-acımdan ağlaya bilərəm. Ağrı-acım var ikən Saxalinə uçmağa haradan qüvvə alıram? Bilmirəm… Hər halda mənim bəxtim gətirir.

Tanınmış filosof Viktor Frankl “Həyata HƏ demək!” adlı unikal əsər yazıb. Bu möhtəşəm əsər mənə çox nədənləri öyrətdi. Öyrətdi ki, hər hansı situasiyada insan məna tapa bilər. Müəyyən mənalar var ki, qızımın başına gələn müsibətdən sonra ortaya çıxdı və bu gün məni idarə edir.

Yalnız səfehlər dəyişmir

Qloballaşma ölkələrin suverenliyni məhv edir… Tamaşaçılarımız daha çox “kinoamerikan”lara çevrilirlər. Seans zamanı pop-korn yeyirlər. Niyə bu gün kino bu qədər səs-küylüdür? Çünki hamı gövşəyir. Hollivud gövşəyənlər üçün kino çəkir, mən – mütaliə edənlər üçün.

Bazar qanunları ilə tələbat təklifi müəyyənləşdirdikdə mədəniyyətin məhvi başlayır. Çünki tələbat həmişə qədərindən aşağı olur. Kütləvilik – zərərdir. İnsana individuallıq xasdır. Bibliyada əbəs yerə: “Yuxarıya yol çətin və dardir” deyilməyib. Tələbat bazarı kütləviləşdikcə bu hal incəsənətdə də baş verir. İnsan üçün çaba göstərmədən yaşamaq daha rahatdır; çabasız da inkişaf yoxdur.

Mən oğluma tez-tez “Kitab oxuyanlar oxumayanları idarə edəcək”, deyirəm.

Biz hamımız dəyişilirik. Dəyişməyən yalnız səfehlərdir. Yaş artdıqca başqa illüziyalar yaranır. Bəs illüziyalar niyə? Çünki hər on ildən bir: “Ah, mən necə də axmaq olmuşam” deyirik. Otuz yaşında düşünürsən ki, iyirmi yaşında səfeh idim, qirxda – otuz yaşında sadəlövh olduğunu düşünürsən. Səksəndə də eyni – yetmişimdə lap cavan idim ki, düşünürsən.

Abstrakt incəsənət məndə heç bir təəssürat yaratmır. Mən Maleviçin “Qara kvadrat”ını sadəcə fırıldaq hesab edirəm. Mən – retroqradam (köhnəpərəst).

Uşaq da qara kvadratı çəkə bilər. Lakin Maleviç böyük qalmaqalçıdır və öz qara kvadratını ikona asılan qırmızı guşədən asması böyük qalmaqal yaradan dotələb bir çağırış oldu. Mixail Şvıdkinlə də bu mövzuda mübahisəmiz olub. Mən “Qara kvadrat”ın nə olduğunu izah etmək üçün səkkiz səhifəlik bir mətnin nəyə gərək olduğunu demişdim. Vasnetsovun əsərlərini, Rublyovun “Tpoitsa”sını izah etmək gərək deyil. Hisslər izahsız ötürülür – başı qoşub işə salmağa gəldikdə isə bu mənə intellektual onanizmi xatırladır. Üzr diləyirəm.

Onun üçün də heç vaxt: “Mənim xoşuma gəlmir” deməkdən çəkinmək lazım deyil. Kral lütdür. Bir fraza və hər şey aydındır.

Bu mövzuya aid Aleksandr İsayeviç Soljenitsinin dahiyanə məqaləsi var. Təkcə başlığı çox mətləblərdən xəbər verir. Məqalə “Boşluğun simlərində çalğı” adlanır.

İqtisadiyyat xoşbəxtliklə ölçülmür

Mən tez-tez düşünürəm, niyə görə ÜDM yüksəkdirsə, ölkə çiçəklənir, aşağı ÜDM – fəlakətin sinonimidir ki? Axı, bu, böyük illüziyadır. Yüksək ÜDM-lə də bədbəxt insanlar ola bilər. Norvec – uğurlu iqtisadiyyatı ilə yanaşı, həm də, sui-qəsdlərin yüksək göstəricisi olan ölkədir. İqtisadiyyat rəqəmlərlə ölçülür, insanların xoşbəxtliyi ilə yox. Bazar dəyəri ilə insani dəyər – bunlar fərqli faktorlardır.

Çağdaş incəsənət həvəskarları məşhur rəssam Endi Uorxolu yaxşı tanıyırlar. Bu, Amerikada yaşayan bədbəxt ruhi xəstə idi. O öz yolunu yaxşı tapdı – fotoşəkilləri ipəyin üstünə köçürürdü, sonra rəngləyirdi. Daha doğrusu bunu özü də etmirdi, “Fabrika”sı edirdi. Doğrudur, bir rəsmi də var, ağlı başında olmayanda üstünə sidik salıb. İpəyin üstündə bu sidik ləkələri qalmışdı və o “şedevri” on bir milyon ABŞ dollarına satmışdilar. Bu bazar və bədii dəyərlərə bir ştrixdir.

Salvador Dali əbəs yerə: “Mən, dünya axmaqlarla dolu olduğu üçün varlıyam”, – deməmişdi…

Rəssam, ustad – mədəniyyətsiz ola bilməz. Günümüzdə bu ciddi problemdir. Bütün ciddi rəssamlar dünya mədəniyyəti ilə yaxından tanış idilər. Axı, ənənələr, insan müdrikliyidir. Novatorluq isə artıq ənənələrin pozulmasıdır. Nəyi isə pozmamışdan qabaq bilmək lazımdır.

Bilirsiniz rejissor üçün ən qiyməli nədir? Tamaşaçıların filmdən sonraki sükutu. Bu, sözlə ifadə olunmayana toxunmanın göstəricisidir.

Siz də deyirsiniz azadlıq. İş azadlıqda deyil, istedaddadır.

Andrey Konçalovski 20 avqust 1937-ci ildə anadan olub. Kinorejissor, ssenarist, xalq artistidir. İki dəfə Venesiya beynəlxalq kinofestivalının “Gümüş şir” (Serebryanıy lev) mükafatına layiq görülüb. Atası – şair Sergey Mixalkov, kiçik qardaşı – Nikita Mixalkovdur.

Aktrisa Yuliya Vısotskaya ilə beşinci nikahla evlidir.

Tərcüməçi: Səkinə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir