Dünya

“Bakı müdrik siyasəti ilə Tehranın Türkiyəyə qarşı cəhdlərini əngəlləyəcək” – İranlı ekspert Oxu.Az-a DANIŞDI

Sharing is caring!

“İranın kürd silahlı qruplarına dəstək məsələsi fərqli ölçülərə malikdir. İran öz maraqlarına uyğun olaraq bəzən kürd silahlı qüvvələrinə dəstək verir, yaxud lazım gəldikdə onları top və raketlərlə hədəfə alır. Məsələn, “Tasnim” xəbər agentliyinin məlumatına görə, SEPAH quru qüvvələri çərşənbə günü səhər (11 may) Ərbildə İran kürd qruplarının, o cümlədən İran Kürdüstan Demokratik Partiyasının mövqelərini hədəfə alıb”.

Bunu Oxu.Az-a açıqlamasında İranın daxili siyasəti üzrə ekspert Babək Çələbyani deyib. 

Ekspertin sözlərinə görə, İran rejiminin Güney Azərbaycanın qərb bölgələrində kürd terrorçularına dəstək verməsinin iki əsas səbəbi var:

“Birincisi, İranın iqtisadi və siyasi vəziyyəti ağır böhran içindədir, belə ki, biz tez-tez İranın müxtəlif şəhərlərində hər həftə iki və ya üç etiraz aksiyasının şahidi oluruq. İnflyasiya, işsizlik və yoxsulluğun artması insanların güzəranına ağır təsir edib və hər an ümummilli rejim əleyhinə nümayişlərin keçirilməsi ehtimalı var. Bütün bunlarla yanaşı, İran müxalifəti – istər mərkəzçi, istərsə də qeyri-fars xalqları öz fəaliyyətlərini artırıblar. Ona görə də İran vahid müxalifət cəbhəsinin yaranmasının qarşısını almaq üçün Güney Azərbaycanla kürd xalqı arasında nifrət yaratmaq üçün PJAK (PKK-nın İran qolu) başda olmaqla kürd silahlı qruplarına dəstək verir. Təbii ki, bəzi kürd partiyalarının həddindən artıq və genişlənmə siyasətini də nəzərdən qaçırmaq olmaz.

Onu da əlavə etməliyəm ki, Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün nə Tehrandan, nə də başqalarından əmr gözləməyəcək, lazım gələrsə, qanuni müdafiə hüququ çərçivəsində düşməni dəf etmək üçün istənilən mexanizmdən istifadə olunacaq. İran rejiminin kürd silahlı qruplaşmalarına dəstək verməsinin ikinci səbəbi Türkiyə ilə Güney Azərbaycan arasında bufer zonanın yaradılmasıdır. Beləliklə İran Türkiyənin digər türk dövlətləri ilə quru əlaqəsini məhv etməyə çalışır. İnanıram ki, Azərbaycan Respublikası rəhbərliyinin müdrik və sülhsevər siyasətinin nəticəsində İranın da bu cəhdinin qarşısı alınacaq”.

B.Çələbyani vurğulayıb ki, həmçinin bu günlər Türkiyənin Şimali Suriyada antiterror əməliyyatları keçirmə ehtimalının artması ilə İranın həm Suriyada, həm İraqda, həm də Güney Azərbaycanda silahlı kürd qruplarına dəstəyi artıb:

“Görünür İran öz məqsədinə çatmaq üçün kürd xalqından bir vasitə kimi istifadə edir. Kürd xalqının ağsaqqalları və rəhbərləri kürd gənclərinin həyatını İran rejiminin iddialı siyasətlərinə qurban verməməlidirlər. Güney Azərbaycan Şimali İraq və ya Suriya ilə eyni deyil, türk gəncləri vətənlərini müdafiə etməyə hazırdırlar. Azərbaycanın düşmənləri İkinci Qarabağ müharibəsindən dərs çıxarmalıdırlar”.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir