Dünya

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür” – MÜSAHİBƏ

Sharing is caring!

Finlandiya və İsveç Türkiyə ilə imzalanan memorandumda qeyd olunan razılaşmaları yerinə yetirmək istəmirdi və istəmirlər. Ancaq Türkiyə yalnız əldə olunan razılaşmalardan sonra bu ölkələrin NATO-ya daxil olmasına qoyduğu vetonu ləğv etdi.

Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova deyib:

– İmzalanan memoranduma baxmayaraq, isveçlilər və finlər ABŞ-dan təlimat almayana qədər PKK fəallarını terrorçu kimi qəbul etməyəcəklər. Türkiyə üzərində təzyiq vasitələrinə sahib olmaq istəyən Vaşinqton isə belə bir əmr verməyəcək. ABŞ indiyə kimi kürd qruplaşmalarına maliyyə və hərbi dəstək verdiyi kimi, bundan sonra da dəstəyini davam etdirəcək.

Mən gözləyirdim ki, Türkiyə bundan sonra da Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razı olmayacaq. Lakin ABŞ və Türkiyə Prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasındakı söhbət hər şeyi dəyişdi. Vaşinqtonun Rusiyaya daha çox təzyiq göstərməsi üçün şimal ölkələrinin NATO-ya üzv olması gərəkdir.

Məlumdur ki, Ağ Ev rəhbəri Ankaraya türk tərəfinin inkişafına ciddi sərmayə qoyduğu F-35-ləri əvəz edəcək çoxfunksiyalı F-16 qırıcılarının tədarükünü vəd edib. Digər məsələ Rusiyanın S-400 zenit-raket kompleksləridir. ABŞ Türkiyənin onlardan istifadə etməsini istəmir. Amma düşünürəm ki, yaxın gələcəkdə ABŞ artıq vəd edilmiş və siyasi sövdələşmə obyektinə çevrilmiş F-16-ları Türkiyəyə təhvil verməyəcək.

Finlandiya və İsveçə qayıtsaq, vəziyyət Yunanıstandakı kimi inkişaf edəcək. Türkiyədə bu məsələ bütün platformalarda aktiv şəkildə müzakirə olunur.

– İzah edin, məhz nəyi nəzərdə tutursunuz?

– Türkiyə NATO-da ikinci ən böyük quru ordusuna malikdir. Quruda Türkiyənin Yunanıstan üzərində üstünlüyü danılmazdır. Digər tərəfdən, Yunan tərəfinin yeni təyyarələr sayəsində artıq müəyyən üstünlüyə malik olduğu hava məkanıdır. Co Bayden F-16 ilə bağlı Ankara ilə danışıqlar aparmaq qərarına gəlib. Lakin amerikalılar Yunanıstana daha çox son nəsil F-35 təyyarəsi təhvil verməyə hazırdırlar. Bu isə NATO daxilində baş verir. Beləliklə, Finlandiya və İsveçdəki kürd terrorçuları ilə bağlı vəziyyətdə olduğu kimi Yunanıstana ən son təyyarələrin çatdırılması ilə də ABŞ Türkiyə üzərində təsir rıçaqları və nəzarət əldə etmək istəyir.

– Amma Ankaranın hələ də öz təsir rıçaqları var ki, məhz bu barədə də xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib – İsveç və Finlandiyanın üzvlüklə bağlı protokolları hələ Türkiyə parlamentində ratifikasiya edilməlidir…

– Bəli, bu vasitə hələ də var. Buna görə də indi Ankara sərt mövqe tutaraq kürd terrorçularının ekstradisiyasını tələb edir, isveçlilər və finlər bundan imtina edirlər. Amma ola bilsin ki, Stokholm və Helsinki bir neçə terrorçunu ekstradisiya etsin, protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasını gözləsin, sonra bu və digər məsələlərdə Ankara ilə əməkdaşlığı dayandırsın. Bilirsiniz ki, NATO-ya daxil olmaq çətindir, amma kimisə istisna etmək sadəcə mümkün deyil. NATO üzvü olan ölkə özü alyansdan çıxdığını bəyan etməlidir.

İndi Türkiyə çoxmərhələli oyun aparır: ABŞ-la münasibətləri korlamır, Vaşinqtondan F-16 təyyarələri, Finlandiya və İsveçdən terrorçuları almağa çalışır. Amma hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür. İsveç və Finlandiya hakimiyyəti kürdlərin ekstradisiyasının əleyhinədir, əksəriyyəti ermənipərəst olan konqresmenlər artıq F-16-ların tədarükünə mane olmağı tələb ediblər və Konqresin təsdiqi olmadan belə bir sövdələşmə sadəcə olaraq mümkün deyil.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir