Dünya

Rusiyalı ekspert: “Makron Ukraynada və Cənubi Qafqazda cərəyan edən prosesləri anlamır”

Sharing is caring!

Fransada başa çatan parlament seçkiləri hazırkı prezident Emmanuel Makronu məyus edib.

Onun “İntibah” (“İrəli, Respublika!”) partiyası ətrafında formalaşdırdığı “Birgə!” liberal siyasi bloku seçkilərdə formal olaraq qalib gəlsə də, səslərin mütləq əksəriyyətini qazana bilməyib.

Seçkilərdə ikinci və üçüncü yerləri isə solçu Jan-Lyuk Melenşonun “Yeni Xalq Ekoloji və Sosial Birliyi” (NUPES) və Marin Le Penin ifrat sağçı “Milli Cəbhə” partiyası qazanıb.

Aydındır ki, parlament seçkilərindən zəif nəticələr göstərən istənilən siyasətçi, dövlət xadimi öz elektoratını geri qaytarmağa, güclənməyə çalışır. Bu isə həm daxili, həm də xarici siyasətə yenidən baxılmasını tələb edir. Lakin hazırda Fransanı idarə edən Makronun həm daxili, həm xarici siyasəti aydın deyil. O, bir tərəfdən Ukraynanı dəstəkləyir, amma digər tərəfdən Rusiya prezidentinə zəng edərək onunla razılığa gəlməyə çalışır. E.Makronun nə istədiyini heç kim başa düşə bilmir.

Fransadakı seçkini və Fransa Prezidentinin yürütdüyü siyasəti Oxu.Az-a şərh edən Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev bildirib ki, söhbətin əvvəlini Makronun çox zəif siyasətçi olmasından başlamaq lazımdır:

“O, hər həftə Vladimir Putinə zəng edərək, Ukrayna ilə Rusiya arasında manevr edən sülhməramlı siyasətçi rolunu yerinə yetirmək istəyirdi. Amma heç nə alınmadı. Fransızlar anladılar ki, onların zəif prezidenti var və o, heç nəyə nail ola bilmədi.

Makron Rusiyaya münasibətdə kifayət qədər sabit siyasət yürütməsinə baxmayaraq, o, Rusiya Federasiyasına qarşı sanksiyaları da dəstəkləyib. Fransa Ukraynaya silah tədarükünü həyata keçirir. Fransa vətəndaşları Ukraynada döyüşməyə yollanır. Bununla belə, Makron Ukrayna prezidenti Volodimir Zelenskini çox da dəstəkləmir. Bütün bunlar fransızları çox əsəbiləşdirir və çoxları prezident seçkilərində ona səs verdiklərinə görə artıq məyusdurlar”.

Rusiyalı ekspert Emmanuel Makronun Cənubi Qafqaz və Ermənistana yönəlik siyasətini isə belə şərh edib:

“Makronun Cənubi Qafqaz üzrə siyasəti də aydın deyil. Bəli, aydındır ki, Fransa ilə Ermənistan arasında ənənəvi əlaqələr mövcuddur. Fransada böyük erməni diasporu, erməni əsilli çoxlu siyasi və mədəniyyət xadimləri var. Ona görə də Fransa prezidenti Cənubi Qafqazda manevrlər etməyə çalışır, lakin o, regionda cərəyan edən hadisələri anlamır, proseslərdən çox kənardır. Yeri gəlmişkən, o, Ukraynada da nə baş verdiyini tam başa düşmür. Əlbəttə, Emmanuel Makron öz elektoratını genişləndirməkdə maraqlıdır, lakin bu, baş vermir. Fransa prezidenti ilk növbədə özünün daxili siyasətə münasibətini dəyişməli, iqtisadiyyata fikir verməlidir. İnsanlar soyuducuya baxır, onlar daha Makronun gözəl çıxışlarına qulaq asmırlar.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir