Dünya

Rusiyalı ekspert: “Ermənilər bir tikə qoparmaq üçün Ukraynaya bəlkə iki-üç bölük göndərə bilərlər”

Sharing is caring!

“KTMT-nin müəyyən “sülhməramlı missiya”sı çərçivəsində (hansı ki, Rusiya Federasiyası Dövlət Dumasında müzakirə olunub) Ermənistan hərbi kontingentinin Ukraynaya cəlb olunması ehtimalı var, mümkündür. Baxmayaraq ki, bu əməliyyatın statusu ilə bağlı bir çox mübahisəli hüquqi və s. məsələlər var”.

Bunu rusiyalı hərbi ekspert Aleksey Xlopotov Ermənistan hərbi kontingentinin Ukraynaya yeridilməsi ehtimalı barədə Oxu.Az-ın sualını şərh edərkən bildirib.

Bununla belə o, ilin əvvəlində Qazaxıstanda baş verən hadisələri – real xarici təcavüz təhlükəsi olmamasına baxmayaraq, Rusiya, Ermənistan və digər dövlətlərin sülhməramlı kontingentlərinin KTMT bayrağı altında bu ölkəyə yeridilməsini yada salıb.

“Həmin vaxt internetdə nə qədər gülməli memlər və videolar göründü: “Sənə kim hücum etdi? – Hamı mənə hücum etdi!”, – deyə ekspert baş verənləri xatırladıb.

Xlopotov Ukrayna məsələsində hadisələrin inkişafını izləməyin lazım olduğunu bildirib.

“Ermənistan, elə Paşinyanın özü hansı preferensiyalara can atacaq? Axı, indi Rusiyanın ən yaxın müttəfiqi olan Belarus da (müharibədə – red.) iştirak etməyə həvəsli deyil. Anladığım qədər, Belarus Prezidenti Aleksandr Lukaşenko ikili vəziyyətə düşüb. Bir tərəfdən dostu Vladimir Putin var, digər tərəfdən, Belarus generalları xüsusi əməliyyatda iştirakın qəti əleyhinədirlər. Lukaşenko isə nə olursa olsun, onlarla hesablaşmalı olur. Halbuki Minsk Moskvanın ən yaxın müttəfiqidir. Ermənistana gəlincə, həm bu ölkənin daxilində baş verənləri, həm də Ukraynada xüsusi əməliyyatın necə getdiyini diqqətlə izləməliyik. Əgər Rusiya Federasiyasında bu, uğurla inkişaf edərsə, Moskvanın xeyrinə hansısa dönüş yaranarsa, o zaman Ermənistanın hər hansı bir tikə qoparmaq, bu işdə iştirakını göstərmək üçün bir, bəlkə də iki-üç bölük göndərməsi tamamilə mümkündür”, – deyə hərbi ekspert bildirib.

Xlopotov bununla belə KTMT qoşunlarından istifadə üçün heç bir ilkin hüquqi şərtin olmadığını, bunun “xüsusi əməliyyat” statusunun özü ilə də təmin edilmədiyini vurğulayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir