Dünya

Georgi Baramidze: “Putin getməlidir” – Tbilisidən MÜSAHİBƏ

Sharing is caring!

Gürcüstan KİV-lərinin məlumatına görə, fevralın 24-dən – Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu yana ən azı 13 gürcü könüllü həlak olub. Gürcüstanın baş nazirinin keçmiş müavini, keçmiş Avroatlantik inteqrasiya naziri, Gürcüstan parlamentinin keçmiş vitse-spikeri, “Vahid Milli Hərəkat Partiyası”nın liderlərindən biri Georgi Baramidze Oxu.Az-a açıqlamasında hazırda Ukraynada 2000-dən çox gürcünün döyüşdüyünü deyib. Rusiya mətbuatı isə bu yaxınlarda Ukraynadan vətəninə qayıdan politoloqu artıq gürcü legionunda “muzdlu əsgər kimi” döyüşməkdə ittiham etməyə macal tapıb.

– Bu yaxınlarda Ukraynadan qayıtdınız, orada gürcü könüllülərlə ünsiyyətdə olmusunuz…

– Bəli, mən gürcülərin döyüşdüyü bölmələrdən birində idim – bu, “gürcü legionu” deyilən dəstədir. Lakin gürcülər bütün istiqamətlərdə və Ukrayna qoşunlarının demək olar ki, bütün növ bölmələrdə döyüşürlər. Bu, Ukraynanın ümumi düşmənimizə – modernləşdirilmiş Rusiya imperiyasına qarşı vətən müharibəsidir, bütün gürcülər bunu dərk edir. Ukraynada iki mindən çox gürcü könüllü var. Hamının da ümumi anlayışı var ki, Rusiya Ukraynada məğlub olmalıdır. Ukraynanın tamamilə barbar, zalım imperiyanın öhdəsindən gəlmək və bütün sivil dünyanın zəfəri hesab ediləcək qələbə qazanmaq imkanı var.

Rusiyada hesab edirlər ki, əgər tankları, artilleriyaları və raketləri varsa, o zaman hər hansı dövlətin, ilk növbədə qonşu dövlətlərin (hansı ki, nədənsə onların nəzarətində olmalıdır) sərhədlərini poza bilərlər. Amma elə deyil! Hamı çox yaxşı bilir ki, Putin Sovet İttifaqının dağılmasından təəssüflənir. Görünür o, SSRİ-ni gücləndirən Stalinin şöhrətini xəyal edir. Hazırda Rusiyanın başçısı bu qanlı diktatora bənzəmək istəyir. Amma buna imkan verməməliyik, Putin getməlidir.

Gürcü könüllülərinə gəlincə, deyə bilərəm ki, onlarda döyüş ruhu var, gürcülər Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən, yəni 2014-cü ildən döyüşürlər. Təəssüf ki, ölənlər var. Amma bütün gürcülər sona qədər mübarizə aparacaqlar.

– Bu yaxınlarda xəbər yayıldı ki, Ukraynadakı gürcü könüllülər də “Vahid Qafqaz legionu” adlı birlik yaradıblar, onlar Qafqazdan Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə hazır olan hər kəsi buraya dəvət edirlər…

– Bəli, Gürcüstanda bu hərəkatın yaradıcılarını tanıyıram. Onlar indi Ukraynada döyüşürlər. Onlar lap əvvəldə gürcü legionunun sıralarında idilər, sonra isə ümumqafqaz legionu yaratmağa başladılar ki, burada Cənubi və Şimali Qafqazdan olan xristianlar və müsəlmanlar rusiyalı işğalçılara qarşı çiyin-çiyinə döyüşürlər. Orada azadlıqsevər, əsl çeçenlər də var ki, onlar öz qəhrəman xalqının mənafeyinə heç vaxt xəyanət etməzlər.

– Rusiya mətbuatında sizi “Ukraynaya döyüşməyə gedən muzdlu” adlandırırdılar. Siz bu haqda nə düşünürsünüz? Bəs siz Rusiyanın, bəlkə də, Gürcüstan hakimiyyətinin təqiblərindən qorxmursunuz?

– Təbii ki, indiki Gürcüstan hakimiyyəti  – maliyyə cəhətdən Rusiya ilə göbək bağı olan rusiyalı oliqarx Bidzina İvanişvili üçün şirmadır. Amma əminəm ki, rəsmi Tbilisi belə tədbirlər görmək qərarına gəlməyəcək.

Rusiya hakimiyyətinə, mediasına gəlincə, onlar bütün düşmənlərinə münasibətdə belə yalanlar yayırlar. Ona görə də, yəqin ki, mənim haqqımda hələ yumşaq danışıblar. Onlar yaxşı bilirlər ki, insanlar azadlığı sevə və Ukraynanın suverenliyini könüllü şəkildə müdafiə edə bilərlər, rusiyalılara isə mütləq könüllülərə böhtan atmaq, onları muzdlu adlandırmaq lazımdır. Bu, Gebbels təbliğatından daha pisdir. Buna görə də heç təəccüblənmirəm, hətta məmnunam. Əgər Rusiyada məni tərifləsəydilər, onda fikirləşərdim ki, mən nəyi isə düz eləmirəm (gülür).

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir