Dünya

Türkiyə XİN Liviyada tutulan 6 Türkiyə vətəndaşı ilə bağlı sərt reaksiya verib

Türkiyənin Xarici İşlər Nazirliyi Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Xəftərin tərəfdarlarının 6 Türkiyə vətəndaşını girov götürməsinə sərt reaksiya verib.

APA-nın məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Liviyada 6 Türkiyə vətəndaşının Xəftərə tabe olan qanunsuz qüvvələri tərəfindən 6 vətəndaşımızın tutulması quldurluq və pirtaçılıqdır. Vətəndaşlarımızın dərhal sərbəst buraxılmasını tələb edirik. Əks təqdirdə Xəftərin tərəfdarları qanuni şəkildə hədəfə alınacaq”.

Qeyd edək ki, Liviya sularında Türkiyəyə məxsus “Nesa Sercan”, “Kara Bilal” və “Mina Ayşe” adlı gəmilərə general Xəftərin tərəfdarlarının basqın edərək 6 Türkiyə dənizçisini girov götürmələri barədə bu gün xəbər yayılıb.

Bundan başqa, Liviyada Muammər Qəddafinin devrilməsindən sonra ölkənin şərqini ələ keçirən və son zamanlar gücü zəifləyən Xəlifə Xəftər Ərdoğnı Liviyanın daxili işlərinə qarşımaqda ittiham edib.

Xəftər Türkiyənin Qətərlə birgə Liviyanın mərkəzi hökumətinə dəstək verdiyini və ölkənin bir qismini işğal altında saxladığını söyləyib.

Dünən Yaponiyada jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan məsələ ilə bağlı mövqeyini öyrəndikdə o, “Bu barədə mənə heç nə deyilməyib. Xəftər tərəfindən belə bir təlimat varsa, araşdırılar. Bu mövzularda lazımi tədbirlər görülüb. Bundan sonra da lazım olarsa, görülər”, – deyə cavab verib.