Dünya

“Fransa prezidentinin özünə də söylədim, sən bu işdə yenisən, cavansan”

Sharing is caring!

“Erməni məsələsi və terrorla mücadilə üzərindən Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə qalxanların hamısının keçmişinin qanlı olduğunu görürük. Arxiv materialları sona qədər açıldı və soyqırımların, qətliamların, işgəncələrin heç birisinin bizə aid olmadığı sübuta yetirildi”.

XəbərAl.az -ın  Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində “Arxivlərimizin inkişafı, vəziyyəti və tarixi araşdırmalarda rolu” simpozimunun açılışında səsləndirib.

Ərdoğan arxiv materiallarının dövlətin və millətin hafizəsində önəmli yer tutduğunu bildirərək, Osmanlı arxivlərində 33,5 milyon sənəd, 8 milyon dəftər, Cümhuriyyət arxivində isə 19 milyon sənəd və 2 milyon dəftər görüntüsünün elektron sistemə salındığını bildirib: “Bir insanın şah damarı kəsildiyində durumu nədirsə, arxivi olmayan bur dövlətin də durumu odur. Biz arxiv araşdırmaçılığını inkişaf etdirmək üçün hər cür dəstək verməyə hazırıq. Türkiyə öz arxivlərində nəhəng bir coğrafiyanın hafizəsini saxlayır. Osmanlı arxivi elə bir xəzinədir ki, orda 40-dan çox dövlətin keçmişinin məlumatları yatır. Bizim arxivlərimizdə olanlar bu bölgənin gerçək sahiblərini ortaya qoymaqdadır. Əlimizdəki arxiv sənədlərinin yardımı ilə haqq yerini tapacaq. Öncə gəncliyimizə anladıb, sonra bütün dünyaya anladacağıq”.

Müstəmləkəçi dövlətlərin insana, insanlığa və təbiətə qarşı yürütdüyü amansız savaşdan söz açan Türkiyə prezidenti erməni soyqırımını əlində əsas tutan dövlətlərə də səslənib: “Səlib yürüşlərində 400 milyon insanın ölümünün sorumlusu nə türklər, nə də müsəlmanlardır. Müstəmləkəçilik yolu ilə qazanc əldə etmək üçün dünyanın 4 bir tərəfində 50 milyon insanı qətlə yetirənlər kimlərdir? Birinci və İkinci Dünya müharibələrində 70 milyona yaxın insanın ölümünə bais olan dövlətlərin adı aşkardır. Milyonlarca Krım tatarlarını, Ahıska türklərini və digər türk xalqlarını qatarlara doldurub ölümə sürükləyənləri unutmadıq. 25 il öncə Ruandada 800 min insanın ölümünə bais olanlar fransızlardır. Bunların hamısı sənədlə, sübutla əlimizdədir. Fransa prezidentinin özünə də söylədim, sən bu işdə yenisən, cavansan. Əlcəzairdə, Ruandada necə qətllər törətdiniz. Afrikada vertolyotlarla enib almazları toplamaq üçün necə amansız qətliamlar etdiniz, hamısını çox yaxşı bilirik. Qarabağda, Bosniyada, Arakanda milyonlarla məsum insanı qətl edənləri, kimlərin örtülü dəstək verdiyini də çox gözəl bilirik. Millət olaraq çəkdiyimiz acıların siyahısını çıxarsaq onların başını qaldırmağa üzü qalmaz”.

Ərdoğan xatırladıb ki, 1912-ci ildən 1919-cu ilə qədər Balkanlarda 2 milyon, Doğu və Güney Anadoluda 2 milyona yaxın insan türk və müsəlman olduqları üçün qətlə yetiriliblər: “Bu gün də İraqda, Suriyada, Afrikanın çeşidli yerlərində günahsız insanları kimlərin qətlə yetirdiyi hamımıza bəllidir. Bir daha vurğulayıram – bu qədər qətllərin baiskarlarının kimlər olduğunu araşdırsaq bu gün soyqırım, demokratiya deyib özünü dünyaya yaxşı tanıdanların ismi ortaya çıxacaq. Əcdadlarımız kimi bu gün Türkiyə olaraq bizim işimiz məzlumun axan göz yaşlarını silməkdir. Bizi erməni məsələsində küncə sıxanların hər fürsətdə üzlərinə qanlı keçmişlərini söyləmək məcburiyyətindəyik. Doğu Anadolu bölgəmizdəki müsəlman əhalini qadın, uşaq, qoca, məsum demədən qətl edən erməni çetelərini və onların havadarlarını üzə çıxarmaqda arxivlər bizə kömək olur. Məni izləyən bütün dünya bilsin. Biz arxivlərimizi sona qədər açdıq, ey ermənilər, üçüncü dünya ölkələri, bütün dünya – varsa arxiviniz, siz də açın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir