Dünya

Polşada üç həftəlik ümumxalq karantini başlayır

Sharing is caring!

Polşa Milad tətili bitdikdən sonra ümumxalq karantin rejiminə keçir. Bazar ertəsindən etibarən üç həftə ərzində respublika demək olar ki, tam lokdaun şəraitində yaşayacaq.

Qeyd edək ki, Polşada hökumət tərəfindən mart ayında elan edilən epidemiya rejimi hələ də qüvvədədir. Noyabr ayının əvvəlində hökumət ölkədə qismən karantin tətbiq edilməsinə qərar verib – mədəniyyət müəssisələri, idman kompleksləri bağlanıb, vətəndaşlara evdə qalmaq və uzaqdan işləmək tövsiyə edilib. Ölkədə maska ​​rejimi tətbiq edilib, məktəblilər uzaqdan təhsil alır, restoran, kafe və barlarda yalnız çatdırılma xidmətləri işləyir. Beş nəfərdən çox toplaşmaq qadağandır.

28 dekabr – 17 yanvar tarixlərində ümummilli karantin çərçivəsində mövcud məhdudiyyətlərə əlavə olaraq ərzaq, məişət dükanları və apteklər istisna olmaqla hotellər, xizək kurortları və digər satış müəssisələri bağlanacaq.

Yeni il ərəfəsində Polşa rəhbərliyi 31 dekabr saat 19:00-dan 1 yanvar 06:00-dək insanların hərəkət hüquqlarını məhdudlaşdırmağa qərar verib. Evdən yalnız təcili və ya rəsmi ehtiyac olduqda çıxmağa icazə verilir.

Qeyd edək ki, Polşada bazar günündən etibarən koronavirusa qarşı vaksinasiya başlayıb. “Pfizer”in koronavirus peyvəndinin ilk partiyası təxminən 10 000 dozadan ibarətdir və ilk olaraq tibb işçiləri, sanitariya və epidemioloji stansiyaların işçiləri, onlardan sonra yaşlı qrup daxil olmaqla digər risk qruplarının nümayəndələrinə peyvənd vurulacaq. 15 yanvar tarixindən isə hər kəs peyvənd növbəsinə yazıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir