Dünya

Qız tox böyüməlidir, oğlan yarıac – FOTO

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Qədim türk obası Qazaxıstan. Təxminən Avropa boyda əraziyə malik Qazaxıstanda hal-hazırda 19 milyona yaxın əhali yaşayır. Təbii ki, sual yaranır, bu boyda ərazidə niyə belə az əhali yaşayır? Çünki qazax xalqı dəfələrlə repressiyalara uğrayıb və Sovet Rusiyası tərəfindən soyqırımına məruz qalıb. 

Rus hökuməti qazaxların milli şüurunun, tarixinin, milli mənsubiyyətinin yox edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edərək, hətta onların dilinə zorla rus kəlmələri əlavə edib, tarixini silməyə çalışıb.

Bu gün də onları dinləyəndə rus dilində olan sözləri eşidirik. Qeyd edim ki, ölkədə qazax və rus dillərindən istifadə edilir. Lakin gənc nəsil Avropada təhsil alaraq, ingilis dilində daha çox ünsiyyət qurur, gənclər öz milli mənsubiyyətini daha çox dərk edir və bunu təbliğ edir. Ölkədə bir oyanış, milli kökləri dərk etmək, tarixi öyrənmək həvəsi var.

Tarixi çətinliklərə baxmayaraq qazax xalqı hər zaman əziyyət çəkən bir çox xalqlara da yardım edib. Qazax xalqının mərhəməti bu gün də göz qarşısındadır. Səyahətin ikinci günü məndən soruşdular ki, ən çox nəyi, haranı sevdiniz? Dedim ki, bu elin insanlarını – olduqca zəhmətkeş, qonaqpərvər, vətənpərvər, mərhəmətli insanlarını. 

Qırmızı terror ölkəsi Sovet hökumətinin ilhaq etdiyi ölkələrdə apardığı “təmizləmə” əməliyyatı tarixə məlumdur. Belə ki, Sovet quruluşuna qarşı çıxan hər bir ziyalı ya güllələnir, ya da sürgün olunurdu. Və bu insanlar ən ağır maddə ilə – “vətən xaini” adıyla bir gecədə yox olurdular. 

Bu soyqırımında yüzlərlə azərbaycanlı ziyalısı, ictimai-siyasi xadimi məhv olunduğu kimi, digər ölkələrdə də eyni metod işləyirdi. Sovet hökuməti ona qarşı çıxan insanları gözdən uzaq, sərt kontinental iqlimə malik olan (yəni qışı da, yayı da sərt olan) Qazaxıstan çöllərinə sürgün etməyə başlayırdı. Azərbaycandan da Orta Asiya ölkələrinə sürgün edilənlər çox olub. Bunu da qeyd edim ki, sürgün olunan və itkin düşənlər arasında xeyli sayda etnik ruslar da olub. Bu gün Qazaxıstan ərazisində xeyli sayda etnik rusların olması bundan irəli gəlir. Lakin qeyd etməliyəm ki, bu gün Qazaxıstanda üç nəsil yaşayan, ünsiyyətdə olduğumuz etnik ruslar mental düşüncəyə görə qazaxlardan fərqlənmirlər. O torpağı, daşı, dağı səmimi qəlbdən sevirlər.

Qayıdaq tarixi hadisələrə. Beləliklə, 3 dekabr 1937-ci ildə NKVD Akmolinskdə fəhlə qəsəbəsi əsasında xüsusi rejimli düşərgə yaradır. Qısa adı “ALJİR” adlanan bu cəhənnəm – “Vətənə xəyanət edənlərin arvadları üçün Akmola düşərgəsi” mənasını ehtiva edirdi. Bir yaşdan üç yaşa qədər uşaqları olan qadınların ilk dəstəsi 6 yanvar 1938-ci ildə bura “Stalin vaqonlarında” gətirildi. Təbii ki, yolda da xeyli sayda insan tələf oldu.

XX əsrin əvvəllərində “qırmızı terrorla” yüz minlərlə günahsız insan “anonimkalar” hesabına bircə gecəyə məhv, onların yaxınları isə “xalq düşməni” adıyla cəmiyyətdən təcrid olunurdu. Ağır rejimli həbsxana düşərgələrinə gətirilən insanların soyadı, milliyyəti və mülki peşələri silinir, sadəcə sıra nömrəsi ilə müəyyən olunurdular. Onların hamısının bir adı var idi, xalq düşməni, Vətən xaini!

Bəzi məlumatlara görə “ALJİR” düşərgəsində Azərbaycandan sürgün olunan qadın və uşaqlar da olub. Düşərgəyə sürgün olunan qadınlardan isə bir şey tələb olunurdu, onlar ərlərindən, qardaş və atalarından imtina, Sovet hökumətinə beyət etməli idilər. Düşərgəyə məhkum edilən, aclıq, səfalət çəkən, xəstəliklərdən əziyyət çəkən, ən ağır işlər görən qadınlara isə qorxmaz qazax xalqı dəstək olub. 

Öz həyatını riskə atan qazax milləti düşərgədə olan qadınlara tikanlı məftillər arasından qurut atmağa başlayır. Düşərgədə olan qadınlar yumru, ağ qurudulmuş süd məhsulunu əvvəl-əvvəl daş zənn edir. Sonra anlayırlar ki, bu “daşlardan” süd qoxusu gəlir. Qazax xalqının ölümə məhkum olunmuş qadın və uşaqları “daş-qalaq” etdiyi qurutlar yüzlərlə düşərgə sakinin aclıqdan xilas edir. Bu tarixi hadisəni özündə qoruyan muzey bu gün də fəaliyyət göstərir.

Bu gün isə bütün bu terror və soyqrımlara rəğmən hələ də Sovet hökumətinin xiffətini çəkənlər dondurmanın o zaman daha dadlı olmasının dərin üzüntüsünü yaşayır. Yəqin bu kəslər “anonimka” yazanların nəvələridir. Çünki belə vəhşətləri gördükcə başqa səbəb tapmırsan. 

Tarixin bır sıra çətinliklərindən çıxan qazax xalqı və dövləti bu gün inkişafının ən gözəl çağını yaşayır desək yanılmarıq. Birincisi bu gün Qazaxıstan həm təbii sərvətlərini, həm təbiətini, həm də istedadlı gənclərini çox yaxşı təbliğ edə bilir. İkincisi isə Qazaxıstan tarixi hadisələrə yenidən qiymət verərək, yeni müstəviyə qədəm qoyur. Əslən qıpçaq türkləri olan qazax xalqı turizm sahəsində ən çox diqqət yetirdiyi məqamlarda biri də, qədim türk adətlərinin tərənnümüdür. Yaradılan etno-aullarda alaçıqlar qurulur, at çapmaq, at üstündə oyunların keçirilməsi, milli yeməklərin təbliği, adət-ənənələrin, milli geyimlərin nümayişi həyata keçirilir.

Getdiyimiz “Hunlar” etno-aulunda bizi qarşılayan gözəl Qazax qızları milli ənənələrdən danışdıqca xeyli maraqlı faktla məlumatlandıq. Əvvəl onu qeyd edim ki, “Hunlar” Almatıdan 35 km aralıda – Talqar şəhərinə doğru ərazidə yerləşir. Bura komfortlu avtobuslarla rahatca çatmaq olur. 

Qazaxıstana isə Bakıdan çatmağın ən rahat yolu AZAL-ın pandemiyadan sonra bərpa etdiyi Bakı-Almatı və Bakı-Astana reysləri ilə istiqamətindən asılı olaraq 2 saat 50 dəqiqəyə çatmaq olar. Qazaxıstanda pasport nəzarətindən çox asan keçərək əsl səyahət macərasına başlamaq olur. Martın 17-si pandemiyadan sonra Bakı-Almatı reysi ilk uçuşunu həyata keçirtdi. Hər zaman olduğu kimi, bizim pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək, sərnişinləri rahat uçuş və yumşaq enmə ilə təmin etdilər. 

Qayıdaq “Hunlar”a. Orada məlumumuz oldu ki, əgər ki, bir alaçığı düzgün yığıb-söksən bir atın yükü edəcək. Alaçığın qurulmasında istifadə olunan materiallar təbii və ekoloji cəhətdən təmiz olduğu üçün, qışda isti, yayda sərin olan mobil evdir. İldə dörd dəfə köç edən türk tayfası üçün bu ev yurd mənasını verir. Çadırını harada qurdusa, o yer onun üçün yurddur. Bu gün belə alaçıqlar yaz-yay aylarında Qazaxıstanın turistik bölgələrində qurularaq turistlərə icarəyə verilir. Autentik köçəri türk həyatını yaşamaq istəyənlər üçün əsl tapıntıdır. Əsasən maldarlıq və ovçuluqla məşğul olan qazax millətinin əsas yeməyi ət və xəmir yeməkləridir. At ətindən hazırlanan “Beş barmaq” eynilə bizim xəngəl idi. Sadəcə üstündə qoyun ətindən qiymə deyil, at ətindən parça tikələr idi. Tam səmimi deyim, dadlı idi. Bu gün Qazaxıstanda hər ağız dadına uyğun, ən müxtəlif mətbəxləri tərənnüm edən xeyli sayda restoranlar var. Yəni ki, at əti yemək bəziləri üçün həddindən artıq ekzotik görünürsə, heç kim ac qalmayacaq. Almatıda özbək, gürcü, Azərbaycan mətbəxi olan restoranlar çoxdur. Yeməkdən söz düşmüşkən, qədim dövrlərdə qazax ailəsində doğulan qız uşağı hər zaman tox olmalı, oğlan uşağı isə yarıac saxlanılırmış. Çünki oğlan uşağı (burada tipik azərbaycanlı anasının “anan qurban” ifadəsini eşidə bilərik) kiçik yaşlarından çətinliyə öyrəşməli, mübariz olmalı idi.

Qız uşağına ağlı kəsəndən sürətli at çapmaq və sərrast ox atmaq öyrədilib. Çünki ildə dörd dəfə köç edən qazax ailəsi hər an hücuma məruz qala bilərdi ki, buna görə də təhlükə anında qız və qadınlar tez atlanaraq təhlükəli ərazini tərk etməli idilər. Ümumiyyətlə, bu gün də Qazaxıstanda qadınların hörməti bir başqadır. Məsələn, biz adəti üzrə yemək masasında aşağı başqa oturmağa öyrəşmişik, getdiyimiz hər yerdə də aşağı başda oturanda, bunu bizə səhv tuturdular. Çünki, türk obasında qadınlar yuxarı başda oturmalıdır. Bu adət bu gün də Qazaxıstanda qorunur. 

Qazaxıstanda qorunan adətlərdən biri də berkut quşu ilə ova çıxmaqdır. Bir anlıq əsrlər boyu türk çöllərində at belində ova çıxan qazaxı, onun qolunda yekə qanadları, iti gözü və caynaqları ilə sahibinə sadiq olan berkut quşunun dağlarda əks-səda verən səsini, dördnallı çapılan atın sürətini təsəvvür edin. Və fonda dombra musiqi alətinin səsi gəlir. Sanki bir film kimi…

Amma Qazaxıstana getsəniz bunu real həyatda görəcəksiniz. Bütün istirahət və turistik mərkəzlərdə əsrarəngiz berkut quşuna rast gələcəksiniz. Qısa məlumat verim ki, berkut ov quşudur. Quşu əhliləşdirmək üçün onu hələ körpə olanda yuvasından götürülər. Bir müddət sonra böyümüş quş sahibinə öyrəşir. Çünki sahibi onu yemləyir, özü də ətlə. Həm də berkut nə ac, nə də tox olmalı deyil. Çünki ac olsa, ovu ovçuya verməyəcək, tox olsa isə ova çıxmayacaq. Belə çox dəymə-düşər quşdur.

Ov üçün yalnız dişi quşlardan istifadə olunur. Ova çıxanda quşun başına dəridən tikilmiş qapaq taxılır, ov zamanı həmin qapaq götürülür. Hər uğurlu ovdan sonra berkut ət tikəsinə qonaq edilir. Berkut quşuyla ova çıxmaq bu gün Orta Asiya ölkələrinin bir çoxunda mövcuddur. Bu quşla dovşan, tülkü, hətta canavar ovuna da çıxırlar. 

Ekstrim bununla bitmir, Qazaxıstanda görməli olduğunuz gözəl yerlərdən biri də Çarın kanyonudur. Qazax dilində Şarın Şatkalı deyilir. Bu kanyon Çarın çayı boyunca 154 km uzanır. Kanyon Almatı şəhərindən 195 km şərqdə, Çinlə sərhəddə yerləşir. 2004-cü ildə yaradılmış Çarın Milli Parkının ərazisinə daxildir, avtobusla üç saata çatmaq mümkündür. Kanyon özəlliyinə görə (yaranma səbəbi, geoloji uyğunluğu və s) dünyada məşhur olan Böyük Kanyonla (Grand Canyon) oxşar olduğu deyilir. Sadəcə ABŞ-nin Arizona ştatındakı kanyonun təbliğatı, reklamı çox olub deyə o daha çox tanınır. 

Bəzi adamlar Çarın kanyonunda fotosessiya etdirərək, sosial şəbəkələrdə məhz Amerikada olduqlarını yazırlar. Nə fotodan, nə də videodan ayırd edə bilmirsən ki, bura haradır, Qazaxıstan, yoxsa, Amerika. Sırf “Instagram”da foto paylaşmaq üçün Çarın kanyonuna çamadanla paltar daşıyan bloqerlər var ki, onların da çoxu izləyicilərinə yalan məlumat verirlər.

Çarın kanyonunun inanılmaz gözəlliyi orada olan hər bir kəsi vahiməyə salır. Təbiətlə belə təmasda olanda anlayırsan ki, insan dediyin heç nədir. Bir qarışqa belə deyil. Qarışıq, fəlsəfi düşüncələrdən çıxmaq üçünsə ən çox gənclərin üz tutduğu yerlərə getməyinizi tövsiyə edirəm. 

Buraya Almatının mərkəzindən on beş dəqiqə uzaqlıqda yerləşən və Ginnesin Rekordlar Kitabına düşən “Şımbulak” dağ-xizək istirahət mərkəzidir. Dünyada ən yüksək gecə xizək enişinə malik kurort kimi tanınır. “Şimbulak”ın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3200 metr yüksəklikdə yerləşən Talqar aşırım stansiyasında qeydə alınıb. Yüksəkliyə isə kanat yoluyla asanlıqla çıxmaq mümkündür. Əgər bəxtiniz mənim kimi gətirsə, əvvəl qatı dumana düşəcəksiniz ki, kabinədən heç nə görünməyəcək. Sonra isə bir gün çıxacaq ki, gəl görəsən. Bu zaman qarlı dağ yollarında yüzlərlə xizək sürənin sürətlə aşağı sürüşməyini görəcəksiniz. Burada xeyli sayda kafe-restoranlar, hətta gecələmək üçün yerlər də var. “Şımbulak” bu gün milyonlarla qonağı özünə cəlb edən ölkənin əsas turizm məkanlarından biridir. Qeyd edim ki, bu kurort məkanı 1954-cü ildən fəaliyyət göstərir.

Qazaxıstanın turizm potensialı olduqca böyükdür. Ərazisi kimi, xalqının ürəyinin genişliyi kimi, ucsuz-bucaqsız çölləri kimi. 

Təbiət bu diyara hər şey verib. Dağlar, kanyonlar, meşələr, göllər və dəniz. Həm də bunu elə-belə verməyib. Ərazisi seysmik aktiv olduğu üçün Qazaxıstanda olan göllərin əksəriyyəti zəlzələ nəticəsində əmələ gəlib. Bunlardan biri içində ağaclar olan və ya “batmış meşə” deyilən göldür. 

Kaindi gölü Almatıdan 280 kilometr məsafədə, 1667 metr yüksəklikdə yerləşir. Oraya getmək üçün beş saat yol qət olunmalıdır. Bunun üçün çoxu gecəni Sati qəsəbəsində qalır, səhər isə Kaindi gölünə doğru yola çıxır. Sati qəsəbəsində turistlər üçün qonaq evləri yaradılıb ki, burada əsl qazax ailəsinin, məişətinin, adət-ənənələrinin şahidi ola bilərsiniz. Qonaq evlərinin bu kimi turistik ərazilərdə yaradılması üçün dövlət xüsusi subsidiyalar ayırır ki, bu da turizmin inkişafına daha da təkan verir. Qazaxıstanda iki qazax ailəsində qonaq olduğum vaxtda bir şeyə şahid oldum, evdə “komandir” arvaddır, vəssalam! Bütün əmrləri evin qadını verir. 

Qayıdaq Kaindi gölünə. Deməli əvvəlcə 1667 metr yüksəkliyə dağa dırmanmaq (alternativ olaraq atla da çıxmaq olar) tələb olunur. Hazırlıqsız adam kimi deyə bilərəm ki, ilk dəfə idi belə yüksəkliyə çıxırdım. Yol yoldaşlarımın dəstəyi sayəsində sağ-salamat məkana qalxa bildim. Gedənlər üçün isə xüsusi qeyd edim ki, dağ üçün xüsusi ayaqqabınız və geyiminiz olsa yaxşı olar. Mənim kimi palçığa düşməyəsiniz deyə xəbərdarlıq edirəm. Amma qarşınızda açılan fantastik mənzərədən sonra hər şey yaddan çıxır. Gölün firuzəyi səthindən nəhəng küknar ağaclarının gövdələri ucalır. Bunu beyin sanki başqa planetə düşmüsən kimi qəbul edir. Nəhəng su hövzəsindən göyə ucalan yekə gövdəli ağaclar təbiətə meydan oxuyur. Bu ağaclar hələ də yaşayır, suyun içində çürümür. Bu göl dayverlərin sevimli məkanıdır. Qazax dilində isə “Kaindy” “ağcaqayın bolluğu” deməkdir. Bu gözəlliyi görəndən sonra da geri qayıtmaq var. Amma qonaq evinə çatanda adamı bir dənə “Dapanji” gözləyir ki, gəl görəsən. Bu uyğur yeməyi düyü, qaz əti, kartof və ədviyyatlardan ibarət, tərifolunmaz bir yeməkdir. Bunu da nuş edib, gedirik Qazaxıstanın digər gözəl yerlərini kəşf etməyə. 

Həqiqətən də, bu gün Qazaxıstan biz azərbaycanlılar üçün kəşf olunmalı yerdir. Fiziki olaraq uzaq olsaq da, eyni köklərə malik olmamız oraya çatan kimi özünü büruzə verir. Adam özünü heç bir halda yad hiss etmir. 

Məsələn, getdiyim Kölsay gölü də var ki, bir suyu elə bizim Göygölə bənzəyir. Gecə qar yağdığı üçün gölün bir hissəsi donmuşdu. Bu da ona xüsusi gözəllik qatırdı. Kölsay qazax dilindən tərcümədə “kölsay” “dərədəki göl” deməkdir. Göl Almatıdan 300 km məsafədə olan Kungey Alatau silsiləsinin şərq hissəsinin ən mənzərəli dərəsində yerləşir. Orada olan üç gölün hər biri dəniz səviyyəsindən 1800, 2250 və 2700 yüksəklikdə yerləşir. Qeyd edim ki, xüsusi qorunan ərazidir, nəqliyyat vasitələri və s. görə bilməzsiniz. Mənim kimi atdan qorxmursunuzsa, bütün yüksəkliklərə atla gedə bilərsiniz.

Yeri gəlmişkən, qazax xalqının çox maraqlı və məzəli yumor hissi də var. Deyirlər ki, əgər at yaxşı atdırsa, deməli onunla yola çıxmaq olar, yox əgər yaxşı deyilsə, ondan qəşəng beşbarmaq çıxar. Bu sözdən özümə növbəti nəticəni çıxartdım ki, nə edirsən elə, çalış faydalı ol, yoxsa “beşbarmaq” olacaqsan. 

Səyahətin sonunda özüm üçün bir həqiqəti anladım. Qazaxıstana getmək çox pis bir şeydir, çünki qayıdandan sonra yaman bərk darıxırsan. Ucsuz-bucaqsız ərazisi, təmiz dağ havası, soyuq küləyi, berkutların səmada dövrə vurması, bacalardan tüstülənən türk alaçıqları, döyüş ruhunu tərənnüm edən dombranın sədası, azad ruhlu, bərəkətli və mərhəmətli ölkə. Ən böyük neməti isə insanı olan ölkə. 

Məndən indi də soruşsalar Qazaxıstanda ən çox nəyi bəyəndin? Yenə də deyəcəyəm ki, insanını.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir