Dünya

Bu film, yaxud serial deyil, beş min qız zəhərlənib…

Sharing is caring!

Qan Turalı yazır…

Hər şey keçən ilin noyabr ayının son günündə  başladı. Qum şəhərindəki “Nur” adlı qız peşə məktəbinin şagirdləri kütləvi şəkildə zəhərləndilər. Ardınca Qumun başqa məktəblərində zəhərlənmələr oldu. Bütün bunlar “Nur” məktəbində baş verən kütləvi zəhərlənmənin planlaşdırılmış bir cinayət aktı olduğunu göstərirdi.

Qum şəhərinin İran üçün əhəmiyyəti böyükdür. Belə ki, rəsmi ideologiya üçün ruhanilər məhz bu şəhərdə hazırlanırlar. 

Ancaq hadisələrin miqyası Qum şəhəri ilə yekunlaşmadı. Fevral ayının son günlərindən başlayaraq kütləvi zəhərlənmələr İranın başqa şəhərlərinə də keçməyə başlandı. 

21 fevralda Bürucərd şəhərindəki qız məktəbinin həyətinə qaz bombası atıldı. Bombadan yayılan zəhərli qaz qızları zəhərlədi. Ardınca Tehranda 30 qız zəhərləndi. Məktəb rəhbərliyi şagirdlərin həşərat dərmanını sinif otağına sıxdıqları üçün hadisənin baş verdiyini bildirsə də, şagirdlər bu bəyanı qətiyyətlə təkzib etdilər. Ərdəbildə 8 məktəbdə bu cür zəhərlənmələrin ortaya çıxdığını nəzərə alanda şagirdlərin haqlı olduğu aşkara çıxır. 

Ardınca Tehranın başqa məktəblərində də kütləvi zəhərlənmələr qeydə alındı. Qurban yenə qızlar idi. Metod da dəyişmirdi, zəhərli qaz…

Qızlar zəhərli qazın mandarin və çürük balıq qoxusu verdiyini bildirirlər. Ekspertlər isə bu qazın az dozada zəhərli azot qazı olduğunu güman edirlər. 

Zəhərlənmələrin mütəşəkkil qaydada təşkil edildiyini anlamaq üçün münəccim, ya da detektiv olmağa ehtiyac yoxdur. Artıq İranın 25 şəhərində qız şagirdlərə qarşı tətbiq edilən bu amansız terror aktı 5000-dən çox şagirdi xəstəxanaya salıb. 

Bu, bir film, yaxud serial deyil, inanmaq çətin olsa da, bu, gerçəkdir. Hökumət rəsmiləri də hadisəni etiraf edirlər. Ancaq…

Günahkarlar tapılmır. “Tapa bilmirlər” demək çox sadəlövh görünür. Çünki onlarla zəhərlənmə aktı baş verdiyi bir halda bu hadisələrin üstünü aça bilməmək məntiqli deyil. Üstəlik, zəhərlənmələr 100 gündən çoxdur ki, davam edir. 

İran prezidenti xüsusi xidmət, daxili işlər və səhiyyə nazirlərinə hadisələrin üstünü açmaq göstərişi verib. Nəticə isə yoxdur. 

Bəziləri qızların təhsilinə qarşı çıxan radikal dini qrupların bu işdə əli olduğunu düşünür. Hadisə insanlar arasında böyük təşvişə səbəb olub. Bəzi şəhərlərdə aksiyalar da keçirilib. İnsanlar uşaqları üçün qorxduqlarını və onları məktəbə göndərmək istəmədiklərini bildirirlər. 

Ən sonda isə səhnəyə İranın Ali Dini Rəhbəri Əli Xamenei çıxdı: “Kəşfiyyat və təhlükəsizlik orqanları cinayətkarları müəyyən etməli, cinayətkarlar ən ağır cəzalara layiq görülməlidirlər”. Ancaq onun bu çıxışının üstündən az qala bir həftə keçsə də, bu dəhşətli aktı törədənlər hələ də tapılmayıblar.

25 şəhərdə baş verən bir cinayət aktı mütəşəkkil və böyük bir qrupun bu işin arxasında olduğunu göstərir. İranda kim buna cürət edə bilər? İranda bu cür böyük bir terror təşkilatı yoxdur. 

Bir çoxları Məhsa Əmininin qətlindən sonra İranda başlayan kütləvi aksiyalarda xüsusi fəallıq göstərən qızları susdurmaq, onların gözünü qorxutmaq üçün hökumətin bu cinayəti törətdiyini bildirir. Bir neçə aydır davam edən kütləvi zəhərlənmə hallarında İranın hüquq-mühafizə orqanlarının göstərdiyi hərəkətsizlik bu versiyanın güclü olduğunu bir daha sübut edir. 

25 şəhərə yayılan və tarixin şahid olduğu ən qəribə terror aktı İran hökumətinin düşdüyü çətin və böhranlı vəziyyəti göstərir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir