Dünya

Yunan funksioner meymun şəkli qoydu, azərbaycanlı hakimin təyinatını tənqid etdi – FOTO

Sharing is caring!

Yunanıstanın “Olimpiakos” klubunun vitse-prezidenti Konstantinos Karapapas AEK-ə qarşı keçirəcəkləri ölkə kubokunun yarımfinal oyununa azərbaycanlı FIFA referisi Əliyar Ağayevin təyinat almasından narazı qalıb.

Oxu.Az xəbər verir ki, o, özünün “Instagram” hesabının hekayə bölümündə yerli federasiyanın sözügedən qərarına ironiya ilə yanaşıb:

“Axır ki, bizi eşitdilər və böyük bir liqadan – Azərbaycandan hakim təyin etdilər. Azərbaycan çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, A Seriyası və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşılarından hesab edilən futbol çempionatı ilə də məşhurdur! Niyə də yox?!”

Karapapasın sözügedən paylaşıma meymun “emoji”si əlavə etməsi də diqqət çəkib.

Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Oxu.Az saytına açıqlamasında oyuna təyinatın hakimlərin xahişi əsasında deyil, qarşı tərəfin ehtiyacına görə reallaşdırıldığını deyib:

“Hansısa oyuna hakim təyinatı məsələsini həll etmək hansısa klubun vitse-prezidentinin səlahiyyətinə aid olmadığı üçün məlum açıqlama ilə bağlı da uzun-uzadı nəsə danışmağa lüzum görmürük. Ümumiyyətlə, hakimliklə bağlı oyundan əvvəl fikir bildirmək özü nə qədər peşəkar davranışdır?! Bu sual bir qədər ritorik səslənə bilər, amma cavabsız da deyil. Məlum oyuna təyinat azərbaycanlı hakimlərin xahişi əsasında gerçəkləşməyib, qarşı tərəf buna ehtiyac duyub. Əliyara və komandasına uğurlar arzu edirəm. İstənilən açıqlamanın ən sərrast cavabı hakimlərimizin ədalətli və şəffaf idarəçiliyi olacaq”.

Xatırladaq ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası ölkə kubokunun yarımfinal mərhələsinin bu gün keçiriləcək “Olimpiakos”-AEK cavab oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir