Dünya

Cavid Abdullahzadə: “Ermənistan Azərbaycan dövlətinə və zərər çəkmiş vətəndaşlarına təzminat ödəməlidir”

Sharing is caring!

“Qərbi Azərbaycandan olan qaçqınların hazırda mülkiyyət hüquqlarından istifadə edə bilməmələri də Ermənistanın məsuliyyətidir”.

Bu fikirləri “Report”un Ankara bürosuna Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Cavid Abdullahzadə bildirib.

O vurğulayıb ki, faktlarla və beynəlxalq məhkəmələr yolu ilə Ermənistanın qanunsuz hərəkətlərini, törətdiyi cinayətləri, məsuliyyətini və cavabdehliyini sübut etmək mümkündür.

Qarabağ probleminin hüquqi aspektlərini araşdıran, bu mövzuda kitab və məqalələrin müəllifi olan Cavid Abdullahzadə bildirib ki, Qarabağ hadisələrində Ermənistan birbaşa rol oynasa da, özünü tərəf göstərməməyə çalışmaqla məsuliyyətdən yayınmaq istəyir:

“Amma 44 günlük müharibədə Ermənistan tərəf olduğunu beynəlxalq aləmə nümayiş etdirib. Qarabağ məsələsi hərbi baxımdan bitsə də, hüquqi aspektdən bitməyib. Bu məsələdə Ermənistanın məsuliyyəti və cavabdehliyini nəzərdə tuturam. Azərbaycana vurulmuş zərər var: üç il müharibə olub, sonra 26-27 il torpaqlarımız işğalda qalıb. Azərbaycan dövlət-ordu-xalq birliyi ilə gücünü toparlayaraq işğalda olan torpaqlarını geri alıb. Amma bu qədər müddət ərzində Ermənistanın Azərbaycan dövlətinin malına-mülkünə, insanlarına, onların mülkiyyətlərinə vurduğu maddi-mənəvi zərərlər ödənilməlidir. Beynəlxalq hüquq da bunu belə qiymətləndirir. Ermənistan Azərbaycan dövlətinə də, zərər çəkmiş vətəndaşlarına da təzminat ödəməlidir”.

Ekspert bildirib ki, Ermənistanın cinayətlərinə görə Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə, mülkiyyətə zərər və insan hüquqları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM), Ermənistandan və Qarabağdan olan erməni məsul şəxslərin cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olunmalıdır:

“Ermənistan azərbaycanlıları etnik mənşəyinə görə zorla yerlərindən didərgin edib, Azərbaycan türklərinə işgəncə verib, öldürüb, qəddar rəftar edib. Azərbaycanın şəhərlərini, yaşayış yerlərini, tarixi abidələrini, mədəniyyət abidələrini tamamilə məhv edib. Üçtərəfli Bəyannamə imzalandıqdan sonra da Ermənistan şərtləri pozub. Keçmiş işğal olunmuş ərazilərdə minalar basdırmaqla azərbaycanlı məcburi köçkünlərin yurd-yuvalarına dönmələrinin qarşısını alıb. Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan torpaqları Ermənistan əməkdaşlıq etdiyi ölkələrlə birgə ekoloji terrora məruz qoyur. Odur ki, biz beynəlxalq hüququn tələbləri çərçivəsində hərəkətə keçməliyik. Ermənistanı fərqli şəkildə hüquqlar üzrə elə bir məsuliyyətə cəlb etməliyik ki, iqtisadiyyatı imkan versə də, verməsə də, ya tələb olunan təzminatı versin, ya da Azərbaycanla razılaşmaya getsin. Ola bilər ki, bu tələblər qarşılığında heç məhkəməyə getmədən də bu, müzakirə yolu ilə həll edilsin. Bütün bunlar isə yalnız beynəlxalq hüququn tələbləri çərçivəsində mümkündür”.

Cavid Abdullahzadə bildirib ki, Ermənistanın məsuliyyəti məsələsi Azərbaycan dövləti tərəfindən planlı, əsaslı bir layihə şəkilində həyata keçsə, bu prosesin daha da sürətlənməsinə və asan həllinə dəstək vermiş olar:

“Bütün hallarda dövlət dəstəyi ilə gecikmədən beynəlxalq hüququn tələbləri çərçivəsində iddialar qaldırılmalıdır. Bu işə vicdanla, könüllə yanaşan, beynəlxalq məhkəməyə müraciət hüququ olan Türkiyə və digər xarici ölkələrdən də mütəxəssislər cəlb oluna bilər. İlk olaraq bu işin infrastrukturu hazırlanmalı, çox əhatəli araşdırmalar, arxiv sənədləri, fotolar, videogörüntülər, sübutlar, faktlar bir araya toplanmalıdır. Bundan sonra beynəlxalq məhkəmələrə müraciət olunmalıdır. Necə ki Azərbaycan savaş meydanında ədalətli mübarizə nümayiş etdirməklə haqq etdiyi zəfəri qazandı, eləcə də hüquqi baxımdan da bu qalibiyyəti əldə etmək haqqı var. Bunun üçün də məsələyə elə hazırlıqlarla yanaşmaq lazımdır ki, Ermənistanın əlinə heç fürsət verməyək”.

Hazırda qərbi azərbaycanlıların öz yaşayış yerlərinə dönmək istəklərini də qiymətləndirən həmsöhbətimizin fikrincə, bu qayıdış onların ata-babalarının tarixən yaşadıqları yerlərdə mövqeyini möhkəmləndirməyə, bu isə həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə xidmət etmiş olar:

“Qərbi Azərbaycandan olan qaçqınların hazırda mülkiyyət hüquqlarından istifadə edə bilməmələri də Ermənistanın məsuliyyətidir. Ümumiyyətlə, “Çıraqov və digərləri Ermənistana qarşı” işi köçkünlərə də, qaçqınlara da nümunəvi yol xəritəsidir. Qərbi azərbaycanlılarla bağlı digər bir məsələ ondan ibarətdir ki, bu gün Qarabağda yaşayan Azərbaycan vətəndaşları ermənilərlə eyni hüquqlara malik olduqları kimi, vaxtilə Ermənistandan zorla çıxarılan azərbaycanlılar da öz yurdlarına qayıtdıqda Ermənistan vətəndaşları kimi orada bütün hüquqlara sahib olmalıdırlar. Bunu da beynəlxalq hüququn tələbləri ilə həll etmək mümkündür. Bu qayıdış həm də siyasi baxımdan hər iki ölkənin xeyrinə olan məsələdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir