Dünya

ABŞ-Azərbaycan Mədəniyyət Fondu mərhum israilli ictimai xadim Arye Qutun adına mükafat təsis edib – FOTO

Sharing is caring!

ABŞ-Azərbaycan Mədəniyyət Fondu Azərbaycan parlamentinin 18 noyabr 2022-ci ildə İsrail Dövlətində səfirliyin açılmasına qərar verməsi və elm və təhsil nazirinin müavini Muxtar Məmmədovun bu ölkədə ilk səfir təyin edilməsini alqışlayır.

Bu xəbər təkcə Azərbaycanda deyil, İsraildə də müsbət qarşılanıb və İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” səhifəsində “Azərbaycanın İsraildəki ilk səfirini təbrik edirəm və uğurlar arzulayıram!” sözlərini yazıb. 

Bu tarixi hadisə fonunda ABŞ-Azərbaycan Mədəniyyət Fondunun (https://www.us-az-culturalfoundation.com/) İdarə Heyəti iki ölkə arasında son 15 ildə dostluq münasibətlərinin daha da dərinləşməsində, eləcə də Azərbaycan həqiqətlərinin İsraildə təbliğində müstəsna rol oynamış mərhum israilli ictimai xadim və jurnalist Arye Qutun adına xüsusi mükafat təsis edib. 

Hər il xüsusi mərasimdə təqdim olunacaq mükafat Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək şəxslərə və ya təşkilatlara təqdim olunacaq. 

Xatırladaq ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və ABŞ-nin “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin dəstəyi ilə İkinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı hərbçi Arif Hacıyev haqqında lentə alınan “Göz qırpımında” adlı sənədli film də Arye Qutun əziz xatirəsinə həsr olunub. 

Fondun rəhbəri Nurit Qringer bildirib ki, 2022-ci ilin iyul ayında sonuncu dəfə Arye Qutla görüş zamanı Vətən müharibəsində ağır yaralanan qazi Arif Hacıyev haqqında sənədli film çəkilməsi ideyası ilə bölüşüb və Arye Qut bu təşəbbüsü dəstəkləyib. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə yaralanmış 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin görmə qabiliyyəti israilli donor tərəfindən verilən göz və israilli həkim Yişhay Falikin icra etdiyi əməliyyat sayəsində bərpa edilib. 

Nəzərdə tutulub ki, Arye Qutun adını daşıyan mükafat 2023-cü ildə Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunsun. 

Arye Qut haqqında:

Arye 15 ildən çox Azərbaycan və İsrail arasında münasibətlərin yaxınlaşmasına xidmət edib və Azərbaycanda İsrailin xoşməramlı səfiri kimi tanınırdı.

1975-ci ildə Bakıda anadan olan Arye 2000-ci ildə İsrailə köçüb, oradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinə rəhbərlik edib. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir