Dünya

Özbəkistanda 18 uşağın öskürək dərmanından ölməsindən sonra Hindistan araşdırmalara başladı

Sharing is caring!

Özbəkistanda 20-yə yaxın uşağın “Dok-1 Maks” öskürək həbi və şərbətini qəbul etməsi səbəbindən ölməsindən sonra Hindistan səlahiyyətliləri “Marion Biotech” dərman şirkəti ilə bağlı araşdırmaya başlayıblar.

Birgə araşdırma Dərman Standartlarına Nəzarət Mərkəzi Təşkilatı (CDSCO) və Uttar Pradeş ştatında Dərmanlara Nəzarət və Lisenziyalaşdırma Təşkilatının qrupları tərəfindən aparılacaq.

Hindistan hakimiyyəti Özbəkistana qurbanların zəhərlənməsi ilə bağlı məlumatı vermələri xahişi ilə sorğu da göndərib.

Xatırladaq ki, bir neçə gün öncə Özbəkistanda 18 uşaq kəskin respirator virus infeksiyalarına (KRVI) qarşı Hindistan istehsalı olan şərbətdən zəhərlənərək dünyasını dəyişib. Bununla əlaqədar ölkənin Dövlət Təhlükəsizliyi Xidməti idxalçı şirkət “Quramax Medical” MMC və “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi açıb.

Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın “Marion Biotech” şirkəti tərəfindən istehsal olunan “Dok-1 Maks” preparatında zəhərli etilenqlikol maddəsi aşkarlandığını bildirib. Hazırda Özbəkistanın bütün apteklərində bu preparatın tablet və şərbətləri satışdan çıxarılıb.

Yeri gəlmişkən, bu, son vaxtlar Hindistan istehsalı olan öskürək dərmanları ilə bağlı uşaqların ölümünə səbəb olan ilk hadisə deyil. Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qambiyada 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə şərbəti (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək şərbətləri, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib. ÜST Hindistanın “Maiden Pharmaceuticals” əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilenqlikol və etilenqlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. Qurumun rəsmiləri bildiriblər ki, bu şərbətlər potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur. Bununla bağlı Hindistanda istintaqa başlanılsa da, nəticələr bu günə qədər elan olunmayıb. İndoneziyada isə 99 uşağın ölməsindən, 200-ə yaxın uşağın böyrək zədələnməsi ilə xəstəxanalara yerləşdirilməsindən sonra ölkədə bütün şərbət və maye dərmanların satışı dayandırılmışdı. Səhiyyə Nazirliyinin açıqlamasında beş yaşından kiçik uşaqlara verilən öskürək şərbətlərinin bəzilərinin tərkibində lazım olduğundan çox dietilenqlikol və etilenqlikol olduğunun ortaya çıxdığı bildirilmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir