Dünya

“Qarabağ”ın “Traktor”la qarşılaşması qardaşlıq adına gözəl addım olar” – RƏY + FOTO

Sharing is caring!

“Qarabağ”ın “Traktor”la qarşılaşması qardaşlıq adına gözəl addım olar”.

Bunu “Report”a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktor” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.

O, 5-10 il öncə bu tipli təkliflərə ehtiyatla yanaşıldığını bildirib:

“Artıq buna münbit zəmin yaranıb. Türk dövlətlərinin birliyi günbəgün möhkəmlənir, inkişaf edir. Futbol əlaqələri daha da genişlənməli, idman mədəni əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verməlidir. Qonşu ölkədə daxili siyasi böhranın, qarşıdurma, etirazların olduğu vaxtda belə bir görüşün baş tutması inandırıcı deyil. İran rejimi, Moskvada “Neftçi”nin qorxusundan meydandan qaçan “Pünik”lə Tehranda “dostluq” görüşünün keçirilməsinə razılıq verər. Ümumilikdə isə futbolun siyasətə qarışmasının tərəfdarı deyiləm. Futbol milyonları öz ətrafında birləşdirən böyük qüvvədir! Belə məsələlər həssaslıq tələb edir və emosiyalara yol verilməməlidir. Futbol – yaşıl meydanlara, tribunalara sülh, birlik, bərabərlik, əmin-amanlıq gətirməlidir”.

Süleymanov mövzu ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlərin səsləndirildiyini söyləyib:

“FIFA, UEFA-nın bəlli qanunları var və bu tipli oyunlar beynəlxalq status daşıyır, klubların istəyi ilə yanaşı milli federasiyaların rəsmi razılığı əsasında keçirilir. Hətta hazırlıq dönəmlərində müxtəlif ölkə klubları arasında yoxlama oyunları yerli federasiyaların daimi nəzarəti altında baş tutur, konfederasiyalar məlumatlı olur”.

“Neftçi” klubunun sabiq vitse-prezidenti mövzunun yeni olmadığını və bununla bağlı istəklərin hər zaman olduğunu diqqətə çatdırıb:

“2013/2014 mövsümündə “Traktor”un ovaxtkı nümayəndələri ilə danışıqlarımız olub, Bakı və Təbrizdə iki dostluq matçının keçirilməsini rəsmi məktublar vasitəsilə bildirmişik. Bilirsiniz ki, rəhmətlik Böyükağa Hacıyev Təbriz klublarında baş məşqçilik etmişdi və gözəl əlaqələri var idi. Qonşu ölkədə futbol sistemi idarəçiliyi fərqlidir, klublar təmsil etdikləri bölgə federasiyalarının nəzarətindədirlər. Təbriz nümayəndələri ilə telefon danışıqlarımızdan sonra onlara da rəsmi məktublar ünvanlamışdıq. “Neftçi”dən getməyimizdən sonra proses davam etdirilmədi. Belə məsələlərdə futbolla yanaşı milli ruh, vətən sevgisi, qardaşlıq tellərinin dərk edilməsi böyük rol oynayır. “Neftçi”, “Rubin”, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan komandalarının iştirakı ilə hər il Antalya hazırlıq dönəmində iki qrupdan ibarət 8 komandalı turnirlərin keçirilməsi ideyasını irəli sürmüşük. Onsuz da zaman-zaman rəsmi oyunlar, turnirlər, yoxlama matçlarında “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray”, “Paxtakor”, “Rubin”, “Traktor” və digər klublarla qarşılaşılır.

“Köhlən atlar” 10 il əvvəl Türkiyədəki yoldaşlıq oyununda “Traktor”a 1:0 hesabı ilə qalib gəliblər.

Həmin dönəmdə “köhlən atlar”ın heyətində Təbriz klubuna qarşı meydana çıxan Rauf Əliyev də xatirələrini bölüşüb:

“Həmin görüşdən uzun müddət keçib. Amma Ankaradakı oyunda hər iki tərəfin bir-birinə olan xoş münasibətlərini yaxşı xatırlayıram. İstər biz, istərsə də onlar çox mehriban idilər. İki klub birlikdə xatirə şəkli də çəkdirdik. Həmin vaxt normal yoldaşlıq matçı idi. Düzü, elə də çox nüans xatırlamıram. Təbriz klubunun işçilərinin xoş münasibəti yadımdadır. Onlar da azərbaycanca danışırdılar, çox mehriban idilər”.

Hazırda “Kəpəz” klubunun formasını geyinən hücumçu növbəti mümkün görüşlə bağlı danışıb: “Mən də dünən mətbuatda oxudum ki, “Qarabağ” yenidən “Traktor”la yoldaşlıq qarşılaşması keçirə bilər. Məncə, bu, çox yaxşı olar. Bəlkə də komandanın avrokuboklardakı matçı qədər stadionda azarkeş olacaq. Bu matç futbolsevərlər tərəfindən də maraqla qarşılanar.

Ankaradakı görüşdə “Qarabağ”ın formasını geyinmiş Əfran İsmayılov da “Traktor”la matçlarının yetəri qədər maraqlı alındığını diqqətə çatdırıb:

“Artıq 10 il keçib. Rəqib futbolçularla xatirə şəkli çəkdirib söhbətləşmişdik. Normal yoldaşlıq görüşü keçdi. Dilləri bizimlə eyni idi. Meydanda da mehribanlıq var idi. Öz aramızda söhbət etdik. Adətən bizim komandalarımız İran təmsilçiləri ilə oynamırlar. Çünki sərt və aqressiv oyuna üstünlük verirlər. Onlardan uzaq qaçırıq. Amma “Traktor” başqadır. Onlara yaxın və mehribanıq. Həmin qarşılaşmadan da xoş münasibətlərlə ayrılmışdıq. İndi də bu komandaların qarşılaşması maraqlı olar. Düşünürəm ki, belə qarşılaşmanın gerçəkləşməsi azarkeşlər üçün də maraqlıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə futbol azarkeşləri Təbrizin “Traktor” və Ağdamın “Qarabağ” komandaları arasında dostluq görüşü keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir