Dünya

Fransanın Əlcəzairdə törətdiyi qırğınlar və ermənilərə havadarlığı – ŞƏRH + FOTO

Sharing is caring!

Azərbaycan müstəqil olandan ərəb dövlətləri ilə xoşməramlı münasibətdədir. Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edirlər. Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxması ilə bağlı bu təşkilatda dəfələrlə qətnamə qəbul olunub. Ermənistanın işğalçı və təcavüzkar adlanmasına təşkilata üzv olan ərəb dövlətləri də səs veriblər. Bir sıra ərəb dövlətləri İslam Əməkdaşlıq Təşkilatı daxilində Xocalı soyqırımını da tanıyıblar.

Azərbaycanın Ərəb Dövlətləri Liqası (ƏDL) üzvləri ilə də ayrı-ayrılıqda geniş əlaqələri mövcuddur. Misir, İraq, Suriya, Liviya, Tunis, Səudiyyə Ərəbistanı, İordaniya, Əlcəzair və başqaları ilə əlaqələr ənənəvi xarakter daşıyır. Məsələn, İordaniya Xocalı soyqırımını tanıyan dövlətlərdəndir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Səudiyyə Ərəbistanı Ermənistanla uzun müddət əməkdaşlıq etməyib.

Azərbaycanla ərəb dövlətləri arasında isə iqtisadi, siyasi və mədəni əlaqələrə aid çoxsaylı örnəklər göstərmək mümkündür.

Əslində, Əlcəzairlə Azərbaycanın tarixində oxşar cəhətlər çoxdur. Hər iki ölkə işğalçılığa qarşı mübarizə aparıb. Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Onda dünya demokratiyasının mərkəzlərindən sayılan Fransa həm də soyqırımı kimi beynəlxalq cinayət törədib.

Azərbaycan da milli azadlıq və müstəqil dövlətçilik uğrunda minlərlə şəhid verib. Bu mübarizədə onun yolunda başlıca maneə Ermənistan olub. Ermənilər havadarları, o cümlədən Fransanın dəstəyi ilə Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. Bu ölkə 44 günlük müharibə zamanı rəsmi İrəvana işğalçılığı davam etdirmək üçün hər cür yardım göstərib. Hətta onlar terrorçu qrupların Fransadan Suriya və İraqa təyyarə ilə daşınıb, oradan da Ermənistana gətirilməsinə yardım ediblər. Bu ölkənin Prezidenti Emmanuel Makron əsassız və saxta çıxışları ilə Azərbaycan barəsində mənfi rəy yaratmağa çalışıb. Bu ölkəni idarə edənlər qondarma erməni soyqırımını kriminallaşdırıblar.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bu kimi məsələlərə də toxunub. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini sammitdə çıxışı zamanı vurğulayan dövlət başçısı bildirib:

“Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”.

Prezident bu cür fəlakətlərin gələcəkdə qarşısının alınması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı bütün beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi tarixindən, 44 günlük döyüşlər nəticəsində ərazilərin azad olunmasından, ermənilərin 30 il ərzində törətdikləri vəhşiliklərdən də bəhs edir. O, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən bu barədə danışıb:

“Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq”.

Dövlət başçısı 2020-ci il noyabrın 10-da atəşkəslə bağlı bəyanatdan sonra 260-dan çox Azərbaycan vətəndaşının mina qurbanı olduğunu, yaxud müxtəlif dərəcəli bədən xəsarətləri aldığını da toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan-Fransa cütlüyünün cinayətlərinin davam etməsindən söz açıb. Prezident Əlcəzairin də vaxtilə oxşar problemlə qarşılaşdığını vurğulayıb:

“Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar beş milyondan çox mina basdırmışdılar. Bu isə mənə bizim eynilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı”.

Dövlət başçısı bununla Ermənistanın Fransanın yolunu getdiyinə işarə edib.

Fransa ötən əsrdə Azərbaycan torpaqlarında törədilən soyqırımıların müəlliflərindəndir. 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz (Nəğədə), Urmiya, Muğan və başqa ərazilərində Azərbaycan türklərinə qarşı törədilən soyqırımılarda ermənilərlə yanaşı, Fransa hərbçiləri də iştirak ediblər. Başqa sözlə, Ermənistan və Fransanın Azərbaycana qarşı cinayətlərinin yüz ildən artıq tarixi var. Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə də ən qəddar dövlətlərdən biri olaraq dünya tarixində yer tutub.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra quruculuq işlərinə başlayıb. Prezident sammitdə bu məsələyə də toxunaraq şəhər və kəndlərin bərpasından bəhs edib:

“Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər”.

Dövlət başçısı Ərəb Dövlətləri Liqasına üzv dövlətlərdən də həmrəylik, beynəlxalq təsisatlardan da dəstək gördüklərini qeyd edib.

Əlcəzair insanları, taleyi, yaşadıqları, tarixi ilə Azərbaycana yaxındır. Bu ölkənin insanları Fransadan gördükləri zülmün nəticəsini bu gün də yaşayırlar. Əlcəzairlilər fransızlar tərəfindən dil və mədəni soyqırımına da məruz qalıblar. Yer adları dəyişdirilib, mədəni abidələr dağıdılıb. İslam dini qadağan edilib. Zorla Fransa təbəəliyinə qəbul etdirilib. Ermənistan Fransanın da dəstəyi ilə Azərbaycan torpaqları üzərində qurulan dövlətdir. Azərbaycanlılar da öz torpaqlarından zor gücü ilə çıxarılıblar. Yer adları erməniləşdirilib. Tarixi abidələr ya dağıdılıb, ya da erməniləşdirilib və s.

Fransanın Əlcəzairdə, Ermənistanın Azərbaycanda törətdikləri vəhşiliklər bir-birini sanki təkrarlayıb. Bu onların eyni mərkəzdən idarə olunduğunun, eyni üsulla insanlığa qarşı cinayət törətdiklərinin göstəricisidir. Ancaq belə şər güclərə və onların əlaltılarına qarşı birgə mübarizə də səmərəli olur. Həmin mübarizənin nəticələrindən dünya da faydalanır. Bunu Azərbaycan və Əlcəzair torpaqlarını işğaldan azad etməklə isbatlayıblar…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir