Dünya

Beynəlxalq güclər Azərbaycanla Ermənistan arasında sülhə niyə əngəl törədir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Ermənistanın 2020-ci ildəki hərbi-diplomatik məğlubiyyətdən sonra revanşist əməllərindən çəkinəcəyi və 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirəcəyi düşünülsə də, gözləntilər özünü doğrultmadı. İki ildir ki, düşmən öhdəliklərini icra etməkdən boyun qaçırır. Hələ üstəlik hərbi qüvvəsi darmadağın edildiyi halda, təxribat əməllərini də davam etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyanat versə də, Qarabağdakı erməni silahlı birləşmələri çıxarılmır, müxtəlif yollarla oradakı separatçılar silahlandırılırlar. Bütün bunlar isə açıq şəkildə Ermənistanın bölgədə gərginliyin qalmasında maraqlı olduğunu göstərir. Sentyabrın 12-si və 13-də Azərbaycana qarşı növbəti təxribata əl atsa da, bu gün Ermənistan beynəlxalq aləmi rahatlıqla öz xeyrinə manipulyasiya edə bilir. Görünür, Ermənistan Qarabağda aparılan yenidənqurma işlərinin miqyasından xəbərdardır, həmçinin orada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu da bilir, ona görə də proseslərə zərbə vurmağa çalışır. 

Bu yolda isə artıq Rusiyaya yox, Qərbə arxalanır. Nikol Paşinyanın parlamentdəki bugünkü çıxışı da Ermənistanın Rusiya ilə əlaqələrinin əvvəlki səviyyədə olmadığını, Rusiyadan dəstək ala bilmədiyini təsdiqləyib. Belə ki, Nikol Paşinyan bəzi ölkələrə silah-sursat üçün yüz milyonlarla dollar ödədikləri halda, qarşı tərəfin sifarişləri verməkdən imtina etdiyini vurğulayıb. Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın nitqində nəzərdə tutulan ölkələrdən biri Rusiya olub. Ermənistanın 400-600 milyon dollar arası ödəniş etməsinə baxmayaraq, Moskvanın müqavilə üzrə nəzərdə tutulmuş hava hücumundan müdafiə, reaktiv yaylım atəşi sistemləri və bir çox digər silahları bu ölkəyə vermədiyi bildirilir. Bunlar isə Ermənistanı revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmaq yolunu seçməyə sövq edib. Hazırda Qərb ölkələrinin əksəriyyəti 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olmasına susduğu halda, Ermənistana dəstək göstərir. Ermənistan da onlara güvənərək regiondakı əməkdaşlıq imkanlarına, təhlükəsizliyə zərbə vurur. 

Məsələ ilə bağlı Xeberal.az-a danışan Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin rəhbəri Rey Kərimoğlu bildirib ki, Ermənistanın destruktiv davranışları, beynəlxalq hüququ pozması beynəlxalq güclərin sülh sazişinin imzalanmasında maraqlı olmaması və ya özlərinin iştirakı ilə maraqlı olmalarıyla bağlıdır:

“Həmin dövlətlər 30 il həqiqətlərə qarşı susub. Ermənistana dəstək olan, onun müdafiəsi üçün haray-həşir salan böyük dövlətlər, xüsusilə Qərb və ABŞ 30 il Azərbaycan torpaqlarının işğalına etiraz etmədilər. Bu isə bütövlükdə islam dünyasının ədalətə olan inamını qırdı. Onlar bu gün səslərini çıxarmağa başlayıblar, amma Ermənistanın lehinə. Sülhə ancaq öz iştirakları ilə maraqlı ola bilərlər, yəni ABŞ da, digər dövlətlər də vasitəçinin özləri olmasını istəyirlər, bu isə Ermənistanda gərgin vəziyyət yaradır, hakimiyyətə qarşı təzyiq olur, beləliklə, Paşinyan sülh sazişini imzalamaqdan vaz keçir. Halbuki 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanata əməl olunsa, indi qan-qada olmazdı”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir