Dünya

Hindistanın islamofob SİYASƏTİ: 240 milyon dollarlıq keyfiyyətsiz silahlarını Ermənistana niyə satır? – FOTO

Sharing is caring!

Hindistanla Ermənistan hərbi sahədə əməkdaşlığı genişləndirir. Sentyabrın əvvəlində iki ölkə arasında silah tədarükü haqqında müqavilə imzalanıb. Razılaşmaya əsasən, Hindistandan Ermənistana raket və döyüş sursatları ixrac olunacaq. İxracın hansı həcmdə olacağı barədə dəqiq açıqlama verilməsə də, yaxın vaxtlarda Ermənistana dəyəri 240 milyon dollardan çox olan silahların göndərilməsi gözlənilir. 

Üstəlik bu, Hindistanın ilk ermənipərəst mövqeyi deyil. Belə ki, 2020-ci ildə Hindistandan bu ölkəyə 40 milyon dollar dəyəri olan dörd ədəd “Svati” radarı göndərilib. Həmin radarların funksiyası daxil olan artilleriya mərmilərini, minaatanları və raketləri izləmək, düşmənin buraxılış qurğularını və mövqelərini dəqiqləşdirməkdən ibarətdir. Hindistan onlardan Pakistan və Çin sərhədlərində faydalanıb, lakin son dövrlər həmin radarların çox da effektiv olmadığı ortaya çıxıb.  

Hindistanın Ermənistanla hərb sahəsində əlaqələri inkişaf etdirməsi və 240 milyon dəyərində silah satması regionda sülh prosesinə qarşı yönələn addımdır. Doğrudur, Hindistanın istehsal etdiyi silahlar bu gün elə də keyfiyyətli hesab olunmur. Hətta rusiyalı hərbi ekspertlər bu silahları Rusiya silahlarının ucuz nüsxəsi hesab edirlər. Çünki Hindistan bu gün hər şey istehsal edən azsaylı ölkələrdən olsa da, onun hərbi texnika baxımından təcrübəsi elə də ürəkaçan deyil. Hətta onun hərb ehtiyatlarının böyük bir hissəsini sovet-rus silahları təşkil edir. Çünki Hindistan Rusiya silahlarının əsas alıcılarındandır. Ona görə də Ermənistan bu silahları alaraq hərbi ehtiyatları baxımında heç də irəliləmiş hesab oluna bilməz. Hindistanın bu gün yürütdüyü ermənipərəst siyasət həm də hökumətin islamofob mövqeyindən xəbər verir. 

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan daim xarici qüvvələrdən dəstək almağa cəhd edərək Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən qaçınmağa çalışır:

“Bu yolla onun həmin addımlarına dəstək verən dövlətlərin niyyəti də ortaya çıxır. Ermənistan sülh müqaviləsinədək öz xeyrinə müəyyən faydalar əldə etmək istəyir. ABŞ-ın rəsmi nümayəndəsinin Ermənistana səfəri də göstərir ki, regionda sabitlik istəmirlər. Məqsəd regionda gərginliyi artıraraq Rusiyanın Cənubi Qafqazda mövqeyinin itirilməsinə nail olmaqla yanaşı, Rusiyanı növbəti münaqişə zonasına cəlb etməkdir. Uzun sürən müharibələr hesabına Rusiyanın hərbi və iqtisadi gücünü zəiflətmək istəyirlər”.

Həmsöhbətimiz qeyd edib ki, Hindistanın ermənipərəst mövqeyində Azərbaycanın Pakistanla olan dostluq münasibəti də rol oynayır:

“Hindistan silahları hərbi gücü yüksək olan dövlətlərin silahları ilə müqayisə edilə bilməz. Düşünürəm ki, Hindistanın Ermənistana dəstək verməsi məhz bizim qardaş Pakistanın yanında olub ona dəstək verməyimizlə bağlıdır. Bu gün biz də alternativ addımlar ataraq Hindistana lazımı cavabı verə bilərik. Məsələn, Çinlə münasibətləri daha da inkişaf etdirə bilərik. 

Düzü, inanmıram ki, dünya dövlətləri Hindistan silahlarının satışına embarqo qoysun. Çünki Hindistanın Ermənistan silah satması Qərbin də maraqlarına cavab verir. Ermənilərin bəzi dövlətlərdən dəstək almasının kökü tarixə bağlanır. Belə ki, Osmanlı imperiyası zəiflədiyi bir dövrdə Antanta dövlətləri birləşərək Turanın yaranmaması üçün həmin hissəyə Türkiyədən, İrandan ermənilər gətirib Azərbaycanın qərbinə yerləşdirdilər, orada xristian dövləti yaradaraq ikiyə böldülər. Ona görə də bu gün həmin dövlətlər ermənilərə dəstək verirlər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir