Dünya

Ermənistanın atdığı addımlar sülh prosesinə zərbədir – “Kaspi”nin ŞƏRHİ + FOTO

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən növbəti dördüncü görüş tərəflər arasında sülh sazişinə doğru addım kimi qiymətləndirildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasında da müsbət dinamikanın olması vurğulandı.

Lakin bu görüşdən bir neçə gün keçməmiş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etdi. Ardınca isə Ermənistan tərəfindən sərhəddə tez-tez təxribatlar baş verdi. Maraqlıdır ki, Ermənistan bu addımları ilə nə etmək istəyir? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ermənistanın razılaşmalara sadiq qalacağı suallar yaradır

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan son görüşü pozitiv mesajlarla yadda qaldı:

“Sülh sazişi layihəsinin üzərində işin başlanması üçün konkret öhdəliklər və müddət müəyyən olundu. Həmçinin bir daha Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin bağlanması üçün Bakının irəli sürdüyü 5 prinsipin İrəvan tərəfindən qəbul edildiyi təsdiqini tapdı. Eyni zamanda Avropa İttifaqının vasitəçilik səylərinin məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyi çərçivəsində aparıldığı, Brüsselin Bakının mövqeyi ilə razılaşdığı aydın oldu.

Xüsusən Qarabağda məskunlaşan ermənilərə hər hansı əlahiddə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozan status verilməsi məsələsinin qaldırılmaması ümumilikdə danışıqların konstruktiv məcrada keçdiyindən xəbər verdi. 

Bu kontekstdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndinə səfəri, Ermənistan Silahlı Qüvvələrinin sərhəddə atəşkəsi pozması İrəvanın Brüssel və bundan əvvəl Moskva danışıqlarında əldə olunmuş razılaşmalara sadiq qalacağı ilə əlaqədar ciddi tərəddüdlər yaradır”. 

“Növbəti dəfə də müharibəni seçsələr…”

Z.İbrahimli qeyd etdi ki, İrəvanda hər fürsət düşəndə Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinin zəruriliyinin, “Qarabağ münaqişəsi”nin həll olunmamasının vurğulanması Ermənistan siyasi rəhbərliyinin sülh gündəliyi üzrə addımlayacağına inamı azaldır:

“Hətta bu cür addımların daxili siyasi auditoriya üçün nəzərdə tutulması belə, sülh sazişi ilə bağlı danışıqlar ətrafında inamsızlıq mühiti yaradır. Eyni zamanda, Ermənistan Baş nazirinin komanda üzvlərinin bu cür təşəbbüsləri və addımları sülh danışıqlarını pozmağa çalışan qüvvələrə öz mövqelərini əsaslandırmaq imkanları verir. İrəvanda bunları nəzərə almalı və əgər doğrudan da sülh danışıqlarına sadiqliklərini nümayiş etdirmək istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi ilə bağlı məsələlərdə üzərilərinə götürdükləri öhdəliklərə sözsüz əməl etməlidirlər.

Rəsmi Bakının sərt etirazından sonra Armen Qriqoryanın qeyri-rəsmi kanallarla Xankəndinə səfər üçün üzr istədiyi barədə məlumatlar yayıldı. Hətta bu doğru olsa belə, İrəvanla 30 illik danışıqlar prosesi göstərir ki, Ermənistan diplomatiyası hər zaman təxribatlarla razılaşmaları pozmağa hazır olub. Bu baxımdan, Azərbaycan diplomatiyası müvafiq addımlar atır, eyni zamanda Azərbaycan KİV və ictimai rəyi, ekspert dairələri xəbərdarlıq edirlər.

Əgər bu cür təxribat xarakterli addımlar davam edəcəksə, növbəti qisas əməliyyatları keçiriləcək, İrəvan artıq real müharibə, yaxud sülh seçimi qarşısında qalacaq. 30 illik danışıqlarda Azərbaycanın bütün səylərinə baxmayaraq, ermənilər sülhü deyil, müharibəni seçdilər və 44 günə məğlub oldular. Növbəti dəfə də müharibə variantını seçsələr, güman edirəm ki, heç kim nəticənin necə olacağına şübhə etmir”.

“Bu, Azərbaycan üçün qəbulolunmaz haldır”

Politoloq Samir Hümbətov bildirdi ki, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən dördüncü görüşdə bəzi ciddi mesajlar verildi: “Hətta Şarl Mişelin açıqlamalarından belə məlum oldu ki, sülh müqaviləsi üçün layihənin işlənməsinə başlayacaqlar. Danışıqlardan cəmi iki gün sonra Ermənistan tərəfindən prosesə zərbə vuruldu və bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan ərazisi olan Xankəndinə qanunsuz səfər etdi.

Bu, Azərbaycan üçün qəbulolunmaz haldır, çünki bununla bağlı hər hansı razılaşma olmayıb. Amma onu qeyd edim ki, Armen Qriqoryan təxminən bir ay öncə açıqlama vermişdi. O bildirmişdi ki, erməni hərbiçiləri sentyabr ayında Qarabağ ərazisindən çıxarılacaq. Ola bilsin ki, Xankəndinə Araikə “artıq başınızın çarəsinə baxmalısınız” xəbərdarlığını verməyə gedib”.

Ermənistan hökuməti yekdil mövqeyə malik deyil

S.Hümbətov burğuladı ki, Ermənistan tərəfinin bu addımları sülh prosesinə zərbədir:

“Azərbaycan tərəfi haqlı olaraq bu cür səfərə qəti etiraz edir. Düşünürəm ki, belə səfərlərin qarşısı tamamilə alınmalıdır. Burada həm də rus hərbçilərinin məsuliyyəti böyükdür. Onlar bu səfərə icazə verməməli idilər. Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan hökuməti daxilində də bir idarəetmə yoxdur. Yəni vahid mərkəzdən idarə olunmayan hökumətin, əlbəttə ki, atdığı addımlar ancaq belə ola bilərdi.

Bir tərəfdə baş nazir sülh prosesindən danışır, digər tərəfdə Təhlükəsizlik Şurasının katibi sülh prosesini pozan addımlar atır. O biri tərəfdən xarici işlər naziri tamam başqa bir açıqlama verir. Yaxud da Ermənistan tez-tez Azərbaycan mövqelərini atəşə məruz qoyur. Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində yekdillik yoxdur və bu da nizamsız addımların atılmasına gətirib çıxarır. Zərbə isə sülh prosesinə dəyir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir