Dünya

12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və… – FOTO/VİDEO

Sharing is caring!

Kamçatkadakı (Rusiya) Klyuçevski vulkanından üç nəfər – iki turist və bələdçi təxliyə olunub. Onların olduğu qrupdan doqquz nəfər isə həyatını itirib. Sağ qalanlar 3300 metr hündürlükdəki vulkanoloqların evində olublar.

Zərərçəkənlər 4000 metr yüksəklikdə baş verənlərdən danışıblar.

Məlum olub ki, dırmanma zamanı iştirakçılardan Anastasiya Usaçova və Roman Averin xəstələniblər. Buna görə də bələdçi İvan Alabugin onları aşağı aparmaq qərarına gəlib və birlikdə 3300 metr hündürlüyə eniblər.

Qalan turistlər isə ikinci bələdçi ilə yoxuşa çıxıblar.

Geriyə dönən qrup vulkanoloqların evinə yaxınlaşanda yoxuşda olan bələdçi radio vasitəsilə onlarla əlaqə saxlayıb və qrup üzvlərinin yıxıldıqlarını bildirib.

Bələdçi İvan da turistləri evə yerləşdirdikdən sonra yuxu çantalarını və çadır götürərək köməyə yollanıb. O, hadisə yerinə bir neçə saatdan sonra çatıb, ancaq artıq üç nəfərin öldüyünü görüb. İvan düşərgə quraraq, qalan zərərçəkənlərə ilkin tibbi yardım göstərməyə başlayıb.

Buna baxmayaraq, xilasedicilərin onlara çatmağa səy etdiyi bir neçə gün ərzində daha altı nəfər ölüb. Sonuncu turist öləndən sonra İvan geriyə, Anastasiya və Romanın onu gözlədikləri evə qayıdıb.

Burada onlar xilas ediliblər.

Həkimlərin sözlərinə görə, 4158 metr hündürlükdən enən bələdçinin ayaqları və qolları donub, qalanların vəziyyəti nisbətən qaydasındadır.

Xatırladaq ki, avqustun 30-da 12 nəfərlik turist qrupu Kamçatka ərazisindəki Klyuçevskaya Sopka dağına qalxmağa başlayıb. Qrupa Rusiyanın müxtəlif bölgələrindən (Altay diyarı, Novosibirsk vilayəti, Primorsk, Kamçatka, Moskva və Vladimir vilayəti) olan insanlar daxil olublar. Artıq sentyabrın 3-də bələdçilərdən biri xilasedicilərlə əlaqə saxlayıb və bildirib ki, 4200 metr yüksəklikdə bir neçə turist yıxılaraq ölüb. Hadisə yerinə helikopter yollanıb. Lakin hava şəraiti ilə əlaqədar xilasediciləri endirə bilməyib. Bazar ertəsi, sentyabrın 5-də artıq doqquz nəfərin öldüyü öyrənilib.

Qəzanın səbəbi hələlik məlum deyil. Fövqəladə vəziyyət zamanı hava yaxşı olub. İlkin ehtimallara görə, daş uçqunu baş verib, daşlar bir neçə nəfəri relyefdən qoparıb, digərləri ilə birlikdə bütün qrupu aşağı sürükləyib.

Mənbə: “Baza” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir