Cəmiyyət

Bir aydır övladına həsrət qalan HƏKİM: “Suraxanı rayon İcra və Probasiya Şöbəsi işə baxmır” – ŞİKAYƏT + FOTO

Sharing is caring!

Həkim-kardioloq Sevda Yaqubova bir aydan çoxdur ki, övladını görə bilmir. Belə ki, onun keçmiş həyat yoldaşı Bayramov Niyazi Məmməd oğlu iyul ayının 30-u övladını görüş adı ilə götürüb və geri qaytarmayıb.

Hadisə barədə Oxu.Az-a məlumat verən Sevda Yaqubova bildirib ki, Niyazi Bayramovdan üç il əvvəl ayrılıb. 2019-cu ildə məhkəmədə həftənin şənbə günləri ataya övladla ünsiyyət təyin edilib. Lakin Niyazi Bayramov hər görüşündə uşağı anaya dörd-beş saat gec qaytarıb:

“İxtisas artırmaq üçün işlədiyim klinika tərəfindən göndəriş kağızı ilə bir aydan daha qısa müddətə Türkiyənin Ege Universiteti Xəstəxanasına ezam olunmuşdum. Ezamiyyətdən qayıdanda ailəm mənə məlumat verdi ki, övladımı bir gün əvvəl atası götürüb və qaytarmayıb.  Mən iyul ayının 31-i qayıtmışam. Övladım 2019-cu ildə qəbul edilən məhkəmə qərarına əsasən, hər şənbə atası ilə görüşüb, amma uşağın qaytarılması mütəmadi olaraq dörd-beş saatadək gecikdirilib. Bu barədə Suraxanı rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Mirzəyev Elşənə dəfələrlə məlumat verilib, amma o: “Atasıdır da, eybi yox”, – deyərək işi ciddiyə almırdı. Sonu da belə oldu, atası övladımı geri qaytarmır”.

Şikayətçi qeyd edib ki, hadisədən dərhal sonra probasiya şöbəsinə məlumat verib, ancaq qurum yenə heç bir tədbir görməyib:

“Həmin şöbəyə zəng vurub məlumat vermək istəyəndə zənglərə cavab vermədilər. Bir gün sonra isə məsələyə etinasız yanaşdılar. Başqa çarəm qalmadığı üçün avqustun 1-də probasiya şöbəsinin rəisi Nazim Nərimanovun qəbuluna getdim. Rəis məni dinlədi və övladımı qaytaracağına söz verdi, Niyazi Bayramova zəng edib, onu icraya çağırdı. İki-üç saat gözlədik və övladımın atası gəldi, oğlum da yanında idi. Nazim Nərimanov onunla görüşdü, söhbət etdi, mən də düşündüm ki, uşağı mənə verəcəklər, amma atası otaqdan uşağı götürüb qaçdı. Qapıda polis dayanmışdı, amma polis də onu saxlamadı. Uşağın qaçırılmasına şərait yaradıldı”.

Sevda Yaqubovanın sözlərinə görə, şöbədə övladını danışdırmaq üçün psixoloq tələb etsə də, qurum belə bir addım atmayıb:

“Həmin vaxt üçüncü gün idi ki, uşağım atasının təzyiqi altında idi, ona görə də qorxudan atasıyla getmək istədiyini dedi. Mən psixoloq tələb etdim, dedim ki, hamımız otaqdan çıxaq, uşaq psixoloqla danışsın, sorğu keçirilsin. Əslində isə o yaşda uşaqdan heç nə soruşulmamalıdır. Mən uşağı atası ilə görüşüb qayıdandan sonra həmişə psixoloq yanına aparırdım, psixoloji dəstək görürdü. Çünki üç il o şəxslə eyni evdə yaşamışam və xasiyyətinə bələdəm, ondan şiddətə görə ayrılmışam, o evdən çıxanda mənim ayağım qırıq idi, başımda hematoma vardı, həmin xəsarətlərə görə ona iki il həbs cəzası düşürdü, amma övladıma görə mən şikayətçi olmadım. Uşağın gözünün qarşısında anaya təcavüz olunurdu, şiddət göstərilirdi, indi bu uşağı aparıb zorla öz yanında saxlayıb. Bütün baş verənlərə rəğmən, onların görüşünə heç vaxt əngəl törətməmişəm.

Atası elə imic yaradırdı ki, guya mən övladımı atıb getmişəm, elə bir şey olmayıb, işimlə bağlı getmişdim və övladımla hər gün görüntülü danışmışam. Probasiya şöbəsinin əməkdaşları qətnamədə yazılanları icra etməliydilər. Rəis deyir: “Qətnamədə uşağın atasıyla görüşdən sonra geri qaytarılmalı olduğu yazılmayıb”.

Məndən uşağımı qaytarmaq üçün məhkəməyə müraciət etməyimi istəyirlər. Axı uşağın vəkaləti məndə ola-ola niyə övladımla görüşmək üçün məhkəməyə müraciət etməliyəm? Üstəlik icra uşaq qaytarılmadığına görə məhkəmədə iş qaldırıb. Məhkəmədə Niyazi Bayramov 500 manat cərimə olunub. Uşağın anaya qaytarılmasına qərar verilib. Məhkəmə zalından çıxanda mən icra nümayəndəsindən uşağı mənə qaytarmalarını istədim. O: “Bizim işimiz cərimə ilə bitdi, uşağı qaytarmaq bizim işimiz deyil”, – dedi. Bütün hüquqi prosedurları bilirəm. Rəis övladımın qaytarılmasını tələb etməlidir. Mən əlacsız qalıb polisə də müraciət etmişəm. Polis isə deyir ki, bizim uşağı gətirməyimiz üçün icradan bizə məlumat verilməlidir. Heç kim bir addım atmır”.

Məsələ ilə bağlı hüquqşünas Rəşad Əliyev Oxu.Az-a açıqlamasında diqqətə çatdırıb ki, əgər uşağın ananın himayəsində qalmasıyla bağlı məhkəmə qətnaməsi varsa, qətnamənin icra edilməsinə icra şöbəsinə baxmalıdır:

“Əgər uşaq hazırda atanın yanındadırsa, icra məmuru uşağın alınıb anaya verilməsini təmin etməlidir. İcra məmurunun hərəkəti şikayətçini qane etmirsə, yəni məhkəmə qətnaməsini məmur yerinə yetirmək istəmirsə, bu halda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edərək icra məmuru barədə şikayət verə bilərlər”.

Qeyd edək ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərə cavab verilmədi.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir