Cəmiyyət

“Düş, söhbət edək, maykada maşın sürərlər?” – Polislə sürücünün mübahisəsi ilə bağlı AÇIQLAMA + VİDEO

Sharing is caring!

Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edir.

Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edir:

“Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsınız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı, gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get Vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”.

Sürücü isə polisə danışıq tərzini irad tutaraq, gecə xidmət aparmağın onların vəzifə borcu olduğunu xatırladıb:

“Maşını tərk etmirəm. Kişilikdən danışma, zəhmət olmasa, öz avtomobilimdir, istəsəm, maykasız da sürərəm. Qanun var, qayda var. Gecə xidmət aparmaq sizin vəzifə borcunuzdur”.

Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə: “Mən içkili deyiləm, sözümə inanmırsan?” – cavabını verib. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini deyib:

“Alkotesterə üfürün, istəyirsiniz, tək istifadəlik ağızlıq da verə bilərik. Biz alkoqol təsiri altında maşın sürən sürücülərə qarşı mübarizə aparırıq, bir-birimizi incitməyək, yoxlanışdan keçin”.

Mübahisənin sonunda sürücü cihaza üfürüb və onun içkili olmadığı bəlli olub. Polis ona yenidən avtomobildən düşməyi, söhbət etməyi təklif edib. Sürücü isə: “Alkotestdən keçdim, gördünüz ki, içkili deyiləm, mənim vaxtımı almayın, icazə verin, gedim evimə”, – deyərək cavab verib.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Qurumun baş inspektoru, mayor Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirdi ki, yol polisinin xüsusilə gecə saatlarında, istirahət və əyləncə mərkəzlərinin və ya sürücülərin sərxoş halda avtomobil idarə etməsi ilə bağlı ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət-profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir və beynəlxalq praktikada bu proses eyni formada icra olunur:

“DİN öz fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə qurur. Yol polisinin vətəndaşa: “Sizin avtomobilinizi sərxoşluğunuzun yoxlanılması üçün saxlamışıq”, – deməsi kifayətdir. Sürücünün videoçəkiliş etməsində qəbahət yoxdur və qanunidir. Əməkdaşların sürücü ilə danışıqlarına gəlincə, düzdür, burada lüzumsuz dialoq var və buna görə də aidiyyətı üzrə xidməti araşdırma aparılır. Həmin əməkdaşlar barəsində qanuni tədbir görüləcək.

Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək, qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir-birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla, qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə, cəmiyyət üçün daha faydalı olar”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir