Cəmiyyət

“Azərbaycan” dediyim mahnını bütün erməni səhifələrindən sildirdim” – Məşhur diceylə MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Azərbaycada yeni layihə yaradıb, fərqlənmək istədim. Hər zaman yenilik axtarışında olmuşam”.

Bunu Oxu.Az-a müsahibəsində “ZaWanbeats”in yaradıcısı Zaman deyib.

Müsahibəni təqdim edirik:

– Zaman bəy, necə oldu ki, bu layihəni yaratmaq qərarına gəldiniz?

– Beş il öncə dicey fəaliyyəti ilə məşğul idim. Artıq yekunlaşdırmağı, yenilik etməyi düşünürdüm. Sözün açığı, heç “YouTube”da belə bir layihə yaratmağı düşünmürdüm. Hər zaman arzum olub ki, Azərbaycanda yeni bir layihə ərsəyə gətirim. Əslində, mən musiqi kollecini bitirmişəm. Yeddi illik musiqi təhsilim var. Diceylik fəaliyyətinə 18 yaşında başladım.

Bundan öncə sadəcə diceylik edib, gecə həyatı yaşayırdım. Həmin ərəfədə Azərbaycanda heç bir meyxana remiks olunmurdu. Meyxanalar və xarici mahnılar bu şəkildə sintez edilmirdi. Təsadüfən sınadım və uğurlu olduğunu görüb, davam etdirmək qərarı aldım. Dicey olaraq fəaliyyət göstərmirəm. Beş ildir ki, tamam bitirmişəm.

Adını niyə “ZaWanbeats” qoydunuz?

– Öz adıma uyğunluğu var. Adımdakı “m” hərfi çevriləndə “w” olur. Bunu sırf özüm düşünmüşəm. Mənası tək deməkdir. Oradakı “wan” (səslənmədə – “one”) təkliyi bildirir. “Beats” döyüntülər deməkdir. Birlikdə zamanın nəbzi deməkdir. Loqomdakı bayquş şəkli isə təkliyə işarədir.

– “ZaWanbeats”i yalnız yaratdığınızı dediniz. Yəqin ki, çox çətinliklərlə üzləşmisiniz. Həmin günü necə xatırlayırsınız?

– Çətin də olsa, bu işi sevə-sevə edirəm. O zaman bu, çətinlik hesab olunmur. Başladığım günü ifadə edə bilmərəm. Bu qədər populyarlıq əldə edəcəyimi gözləmirdim. Gənclərin bu qədər sevgisini qazana biləcəyimi düşünməmişdim. 2016-da heç ağlımdan keçməzdi ki, bu işlə məşğul olacam. Hətta başqa planlarım var idi. Sadəcə sonradan fikirlər dəyişildi. Düşündüm ki, əgər sevilirsə, davam edə bilərəm. 2017-dən bu işə başladım.

Köhnə musiqilərə daha çox üz tutmağa çalışıram. Bununla yanaşı, öz bəstələdiklərim də var. “Azərbaycan Ordusu” adlı musiqi bəstələdim. Bütün efirlərdə səsləndi. Reklam çarxlarında belə, istifadə olundu. Trendə çevrildi. Bu musiqini Polad Həşimova həsr etdim. Generalın şəhid olması mənə çox pis təsir etdi. Təsirləndim və bu bəstəni yaratdım. Hisslərimi ifadə etdim. Orada öz səsimlə Azərbaycan demişəm. Hətta sosial şəbəkələrdə ermənilərin bu bəstəni paylaşdıqlarını gördüm. Mənim üçün ən böyük uğur orada Azərbaycan adının səslənməsi oldu. Bütün erməni səhifələrindən sildirdim. Bəstəni özlərininki kimi təqdim etməyə çalışmışdılar. Yəni remikslə yanaşı, musiqi də bəstələyirdim.

– İlk hansı musiqini remiks etmisiniz?

– İlk layihəm meyxanaçı Zarinanın “Ağla, gözəl, ağla, nə mənası var” meyxanası oldu. Onu götürüb yığdım, “YouTube”a yerləşdirdim. Abunəçim belə yox idi. İlk o musiqi oldu. Çoxlu baxış sayı gəldi. İzləyicilərim artdı. Belə qərara gəldim ki, dicey fəaliyyətimdənsə bu işə başlayım. Zarina xanımın sayəsində uğur qazana bildim. Musiqi və səs var. Onlar bir-birini tamamlasa və müğənni narazılıq etməsə, çox adam uğur qazanar. Sözün açığı, mən ondan icazə almamışdım. Sonradan münasibətimiz yarandı. İşlərimə müsbət yanaşır. Daim dəstək olur. Bir neçə layihəmiz var.

Məşhurlaşmağımın səbəbi musiqinin bəyənilməsi oldu. Musiqi bəyənilirsə, onun qarşısını almaq mümkün deyil. Qulaq asmıram deyənlər də gizlincə haradasa onu dinləyirlər. Çox güman ki, sevildiyinə görə məşhurlaşdı.

– Yeni rəng qatdığınız musiqilərin müəllifləri nə zamansa sizdən şikayət ediblər?

–  Hələ ki elə bir hal ilə qarşılaşmamışam. Onlar daha da dəstək olublar. Elə musiqi var ki, ona yeni nəfəs verirəm. Mən etdiyim variantdan orijinala keçid edib, dinləyirlər, yəni onlara da faydası toxunur.

Xaricdə də bu cür musiqilər var. Lakin heç bir məhdudiyyət yoxdur. Bu, musiqidir. Müxtəlif janrlar var. Mən özüm üçün yeni janr yaratdım. Onu min tərəfə fırlayıb, istifadə edənlər də var. Plagiatlar çoxdur. Musiqimə bənzədilənlər çoxdur. Heç birindən şikayət edib, sildirmirəm. Yəqin ki, həmin insanlar da nəsə etmək istəyiblər.

– Ümumiyyətlə, kimsə sizə bu yerə gəlməkdə dəstək olub?

– Xeyr, olmayıb. 50 manatlıq notbukla bu işə başladım. Məlumatım var idi. Proqramları bilirdim. Düzdür, əvvəl səs keyfiyyəti zəif idi. İmkan olmadığına görə vaxt çatdıra bilmirdim. Gecələr klubda çalışırdım. Amma indi tamam başqadır. O kompüteri indiyə qədər saxlayıram.

Remikslərini bəyəndiklərinizlə birlikdə çalışmağı düşünürsünüzmü?

– Mən təkliyi sevirəm. Bəlkə də, nə vaxtsa olar. Lakin istəmirəm. Çox təkliflər gəlib. Mən təkliflərə açıq biri deyiləm. Loqomda bayquş şəkli var. O, təklik mənasını bildirir. İkinci şəxsi sevmirəm. Səbirsiz biriyəm. Çalışıram ki, öz əlim, öz başım olsun.

– Nə vaxtsa, bu işi dayandırmağı düşünürsünüzmü?

– Bir az tez oldu. Söz var ki, hər aşığın bir dövrü var. Mən heç deyə bilmərəm ki, 10 il davam edəcəm, ya yox. Bu saat elə bir dövrdür ki, bu gün dinlənilən sabah yaddan çıxacaq. Sabah dinlənilməyə bilərəm.

– Zaman bəy, “YouTube”da müəllif hüququ ilə bağlı şikayət olub, hansısa videonuz silinib?

– Bu sistemlə bağlı anlayışım yox idi. Kanala bir dəfə şikayət gəlib. Bilmirdim, nə edim. Əsassız şəkildə gəlmədiyini bilirdim. Zarina xanımın mahnısına şikayət gəlmişdi. Çəkişməsən, bərkiməzsən.. Onda problem yaşamışdım. Və silinmişdi. Zarina xanımın ilk mahnısı deyildi. Xəbəri var idi. Yenidən yükləmək istədim, daha sonra düşündüm ki, birinci dəfə yerləşdirəndə effekt vermişdi. İkinci dəfə yükləsəm, mənasız olacaq.

– Xarici mahnıları remiks etməyi düşünürsünüzmü?

– Elə işləyə bilərəm ki, o, dünyada öz yerini tutsun. Amma burada çox effekt verməyəcəyini bilirəm. Publikanı tutmaq lazımdır.

İki ay bundan öncə bir hind musiqisini remiks etdim. Şikayət gəlmədi. Müsbət yanaşırlar. Mənfi münasibətlərlə bu günə qədər qarşılaşmamışam. Sevilirsə, müğənniyə də xeyri var. Tutmayan mahnıları da “dirildirəm”.

Xarici mahnıları düşünürəm. Sadəcə olaraq ya elə, ya da eləmə prinsipim var. Ya tutarlı et, ya da ümumiyyətlə etmə. Uitni Hyustonu çox sevirəm. İstəyərəm ki, onun hansısa mahnısını remiks edim.

Yaxşı ideyalarım var. “Hard” rep janrı var. O janrla Azərbaycan musiqisini sintez edib, ortaya bir şey çıxartmaq istəyirəm. Janrı dəyişmək istəyirəm. Tərzi dəyişməyi düşünürəm. Meyxananı özüm də çox sevirəm. Çox bəyənirəm. Bunun remiksini edən adam onu sevməli, dinləməlidir. Sevməyən, marağında olmayan edə bilməz. Həm o olsun, həm də bu. Orta nöqtəni tutub, getmək istəyirəm. Arada fikirləşirəm ki, başqa janra keçmək lazımdır.

– Bir musiqi üzərində nə qədər işləyirsiniz?

–  Eləsi olub ki, heç iki gün çəkməyib. Çox effektli olub. Eləsi də var ki, üzərində bir ay əziyyət çəkmişəm. Heç effekti olmayıb. Musiqini dinləyirəm. Proqramı çox yaxşı mənimsəmişəm. Beynimdə yığıram. Görürəm ki, yaxşı alınmır. Düşünürəm ki, bitdi. Düzgün yanaşmamışam. Elə də mahnı olur ki, qulaq asıram və anında beynimdə yığmağa başlayıram. Yaxşı tutacaq yerini özümdə qeyd kimi saxlayıram. Səsi də bəzən çıxarıram.

– Sirr deyilsə, “YouTube”dan aylıq nə qədər gəlir əldə etdiyinizi bilmək olar?

– Gəlir yalnız “YouTube”dan deyil. Müxtəlif platformalar üzərində də olur. “Apple Music”, “Yandex Music” var. Onlar üç aydan bir gəliri təqdim edir. “YouTube” isə stabildir. Məbləğ dəyişir. 600-800 olur, bəzən 1000 manat qədər ola bilir. Hazırda “YouTube”da vəziyyət yaxşı deyil. Bunu bütün musiqiçilər bilirlər.

– Zaman bəy, siz özünüzə rəqib olaraq kimisə görürsünüz?

– Rəqib olaraq heç kəsi görmürəm. Mümkün deyil. Öz gətirdiyim tərzə kim rəqib ola bilər ki? Mənə qədər olub. Lakin o olmayıb. Təkrar edənləri sevmirəm. Onlara necə deyim ki, yaxşısan.

– Ən yaddaqalan, özünüzün də bəyəndiyiniz layihəniz hansıdır?

– Özümün bəstələdiyim “Azərbaycan Ordusu”dur. Remikslərdən isə meyxanaçı Ağakərimin “Divanə” meyxanasıdır. Adlarını yadda saxlamaq bir qədər çətin olur. Bu günə qədər 145 remiks etmişəm.

– Yaxınlarınızın “ZaWanbeats”ə münasibəti necədir?

– Ən çox dəstək olan dayımdır. Atam da hər zaman dəstək olub. Hətta elə musiqilərim olub ki, atama demişəm, ifa et, qalsın. Anam və atam pianist olublar. Valideynlərim daim dəstək veriblər. Evdən dəstək varsa, hər şey qaydasında olur.

– Bir neçə il əvvəl 17 yaşlı İmanbek yaratdığı remiksə görə “Qremmi” mküfatına layiq görüldü. Siz də onun kimi mükafata layiq görülmək istərdinizmi?

– Qlobala keçidim olsa, 100 faiz qazanacağımı düşünürəm. O mükafatı mən də götürəcəm. Həmin şəxsin remiksini bəyənmişdim. Lakin qulaq asılası deyildi. Beyni qarışdırırdı. Mənim tərzim deyildi.

Burada görülən işə qiymət verilmir. Kanallar remikslərimi verirlər, lakin adımı çəkmirlər. Bu da insana təsir edir. Kimdənsə maddiyyat güdmürəm, sadəcə, əməyə qiymət verilməsini istəyirəm.

– Bundan sonrakı planınız nədir? Hansı musiqini remiks etməyi düşünürsünüz?

Son musiqini iki gün öncə remiks etmişəm. Melodiya çıxarmışam. Bundan sonra bir aydan bir mahnıya keçəcəm. İstəyirəm ki, vaxtım çox olsun. Dünən bəyəndiyim remiksi bu gün bəyənmirəm. Nəbzi tam olaraq tutmaq olmur. Günbəgün dəyişir. Ondan asılıyam ki, səhəri gün dinləyici kütləsinə istədiyini normal şəkildə təqdim edim.

Kənardan təkliflər gəlir. Lakin Azərbaycandan kənarda yaşaya bilmədiyimdən müsbət cavab vermirəm.

Nəzrin Vahid
Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir