Cəmiyyət

Oxundan çıxan Yerə həmvətənlərimizin verdiyi “dəstək”: Özümüzü yanğından necə qoruyaq?

Sharing is caring!

Yay fəsli başlanandan, demək olar ki, günlərimizi yanğın hadisələri ilə açırıq. Bu, dünya üzrə belədir. Avropada kəskin istilər səbəbindən meşələr yanır. Avropa ilə müqayisə etsək, ölkəmizdə belə halların miqyası kiçikdir, ancaq ölkənin meşə ehtiyatlarını da nəzərə alanda, günümüzdə bir ağacın belə, nəfəs alma səbəbimiz olduğunu fikirləşəndə narahat olmaya bilmirsən. Fərdi evlərdə, mənzillərdə baş verən yanğınların səbəbi, statistika üzrə, əsasən qısaqapanmadırsa, otluq, meşəlik ərazilərdəki bu tip fəlakət həm insan amili, həm də kəskin istilərlə əlaqələndirilir. 

Yanğınların isti havalarla əlaqəsi varmı? Ümumiyyətlə, təhlükəsizliyimizi necə qorumalıyıq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ekoloq Telman Zeynalovun sözlərinə görə, yanğının əsas səbəbi havaların birdən-birə istiləşməsi oldu:

“Yanğın hadisəsi yay aylarında gözləniləndir. Daha əvvəllər də rast gəlinib. Təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əsas səbəb birdən-birə havaların istiləşməsidir”.

T.Zeynalov qeyd edib ki, Yer kürəsinin oxu istiqamətini dəyişib:

“Qlobal istiləşmə şimal qütbü üzrə gedir, şərqə doğru hərəkət edir. Baş verən yanğınların əsas səbəbi havaların kəskin isti keçməsidir. Bir də qəsdən yandırırlar”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl yanğın hadisələrinin ehtiyatsızlıqdan baş verdiyini söyləyib:

“Nəzər yetirsək, görərik ki, bütün dünya yanır. Portuqaliyada meşələrin az qala yarısı yanıb. Bu, hava və təbiətlə bağlı olan məsələlərdir. O ki qaldı ayrı-ayrı yerlərdə təsadüfən yanğınların çıxması, bu, adi hallardan biridir. Ermənistanda bu günlərdə böyük bir partlayış baş verdi. Onun nədən yarandığını bilmirik. Əsas odur ki, təxribat olmasın. Bunlar ehtiyatsızlıqdan yaranan məsələlərdir”.

İ.İsmayıl əlavə edib ki, bizdə meşə yanğınları dünya səviyyəsində deyil:

“İndiki halda qarşısını daha çox maarifləndirmə işləri aparmaqla ala bilərik. İnsanlara izahat verilməlidir. Hazırda adamlar meşələrə istirahət üçün gedirlər. Çox vaxt orada nəzarət olmur. Ocaq qalayırlar. Nəticədə meşə də yana bilər. Şükür edək ki, bizdə meşə yanğınları dünya səviyyəsində deyil. Bütün bunların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır”.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, ekoloq Ənvər Əliyev bildirib ki, kondisionerlər uzun müddət fasiləsiz işlədiyinə görə evlərdə yanğın hadisəsi daha çox bu səbəbdən baş verir:

“Elektrik kabellərinin diametrinin daha geniş olmasına fikir vermirik. Daha sonra da xırda bir səbəb belə hadisələri ortaya çıxarır. Elektrik avadanlıqlarından düzgün istifadə olunmur. İnsan amili nəticəsində yanğınlar baş verir”.

Ə.Əliyev meşələrin də insanların ehtiyatsızlığı səbəbindən yandığını əlavə edib:

“Meşə yanğınlarının əsas səbəbi yay aylarıdır. İnsanlar isti ilə əlaqədar təbiətin qoynuna daha çox üz tuturlar. Xırda bir amil ilə yaranan yanğın böyük miqyas ala bilər. 

Ehtiyatsızlıqdan ağaclar yanır. Mikroorqanizmlər də yanır. Bunların hamısı sonradan faciəyə yol açır. Kiçik sandığımız məsuliyyətsizlik böyük bəlalar gətirir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir