Cəmiyyət

Subbakalavrların universitetlərə axını güclənib: “Ali məktəblərə rahat qəbul üçün bu yola əl atırlar”

Sharing is caring!

“Subbakalavrın universitetlərə qəbul qaydası çox asandır. Lakin universitetdə dörd il oxuduqları müddət ərzində potensialı zəif olan, imtahanlarda uğur qazana bilməyənlər diplom ala bilməyəcəklər”.

Bunu subbakalavrların qəbul qaydası ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərov deyib.

Qeyd edək ki, son zamanlar kolleclərə üz tutanların sayında artım müşahidə olunur. Həqiqətən də, müşahidələrdən görürük ki, subbakalavrların universitetlərə axını güclənib. Kolleci bitirənlər imtahan vermədən universitetə qəbul olurlar. Bəziləri sırf universitetlərə rahat yol almaq üçün bunu edirlər.

Bəs görəsən, bunun ziyanlı tərəfləri hansılardır?

Deputatın sözlərinə görə, universitet dövründə potensialı yüksək olan uğur qazanır:

“Orta məktəbi bitirən abituriyentlər həm orta məktəbdə, həm də sonrakı dövrlərdə imtahan verir, daha sonra ixtisas seçirlər. Lakin kolleci bitirənlər imtahan vermədən, orta ixtisas müəssisəsinin nəticələrinə uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olurlar. Kolleclərdən gələnlər bir qədər rahat qəbul ola bilirlər. Lakin semestr imtahanlarını bərabər şəkildə verirlər. İmtahanları verə bilməyən dörd il oxuya bilər, lakin diplom ala bilməz”.

A.İsgəndərov qeyd edib ki, hamı kollecdən üz tutanların işinin rahat olacağını düşünür, lakin belə deyil:

“Kimin potensialı çoxdursa, daha çox uğur qazanır. Hətta yüksək nailiyyətlər əldə edirlər. Potensialı az olan, əgər imtahanları verə bilmirsə, kredit borclarını ödəyə bilmirsə, diplom ala bilmir. Yəni güclü olan qalib gələcək”.

Təhsil eksperti Elçin Əfəndi isə əlavə edib ki, bəziləri müvafiq ödəniş qarşılığında ümumi orta qiymətlərini yüksək yazdırırlar:

“Nazirlər Kabinetinin müvafiq qərarına görə, orta ixtisas müəssisəsini bitirənlər subbakalavr kimi ali məktəbə qəbul ola bilərlər.

Bunun nəticəsində də subbakalavr dərəcəsində olan şəxslər artıq bir-iki ildir ki, imtahan vermədən asanlıqla ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Bəzi şəxslər təhsil aldıqları dövrdə akademik göstəriciləri yüksək olmadıqda müvafiq ödəniş qarşılığında ümumi orta qiymətləri yüksək yazdırırlar. Sırf ali məktəbə qəbul üçün bunu edirlər”.

E.Əfəndi gələcəkdə ixtisaslı kadr çatışmazlığının yaranacağını deyib:

“Qaydalarda dəyişiklik etmək vacib və zəruridir. Biz həm 9, həm də 11 illik səviyyədə kolleclərə qəbul olmaq istəyənlərin say çoxluğunu görürük. Bu il 41 mindən çox şagird orta ixtisas təhsili müəssisəsində təhsil almaq üçün elektron qeydiyyatdan keçib. Ayrılan plan yerini nəzərə alsaq, görərik ki, 31 mindən çox şəxs kənarda qalacaq. Müsabiqədən keçməyəcək. Universitetə qəbul üçün asan yol tapıblar”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir