Cəmiyyət

Polis hər cinayətdə qapını döyəndə: “CM-nin üç maddəsi ilə tutulanlar islah olunmurlar” – FOTO

Sharing is caring!

“Dünyanın əksər ölkələrində aparılmış müşahidələr göstərir ki, keçmiş məhkumların əksəriyyəti sosial inteqrasiya prosesinə keçə bilmirlər. Onları cəmiyyətə yenidən qaytarmaq çətin olur. Səbəblər hər şeydən öncə onların özlərini tapa bilməməsidir”. 

Bunu keçmiş məhkumların yenidən həbsi ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. 

Qeyd edək ki, son vaxtlar ölkədə cinayət törədən keçmiş məhkumların sayı xeyli artıb. Demək olar ki, hər gün vaxtı ilə məhbus həyatı yaşamış bir və ya bir neçə nəfərin yenidən cinayət törətməsi ilə bağlı məlumat alırıq. Keçmiş məhkumların adlarının kriminal hadisələrdə tez-tez hallanması məhkumların cəzaçəkmə müəssisələrində islah prosesini gündəmə gətirir. 

Maraqlıdır, keçmiş məhkumların kriminal hadisələrdə adlarının tez-tez hallanması nə ilə bağlıdır? Cəzaçəkmə müəssisələrində olduqları dövrdə yaxşı islah olunmayıblar, yoxsa ehtiyac onları bu cür yaşamağa məcbur edir? 

Deputatın sözlərinə görə, məhkumluq həyatından sonra məhbusların iş tapması müşkül məsələyə çevrilib:

“Hər şeydən öncə qeyd edim ki, bu təkcə bizim ölkədə müşahidə olunan hal deyil. Reallıq bunu deyir. Bəllidir ki, insan cinayət törədərək həbsə düşdükdə iş yerini itirir. Həbsdən çıxandan sonra onun iş tapması çox çətin olur. Təsadüfi deyil ki, BMT çərçivəsində də keçmiş məhkumlara münasibətdə davranış məsələsi həmişə müzakirə obyekti olub. Keçmiş məhkumların cəmiyyətə inteqrasiyası, yenidən sosiallaşması məsələsi ilə bağlı tövsiyələr olub, müzakirələr aparılıb. Bu, qlobal bir problemdir”. 

E.Mirbəşiroğlu qeyd edib ki, keçmiş məhkumların yenidən cinayət törətməsini şərtləndirən səbəblər oxşardır:

“Düşünürəm ki, bu barədə ümumi danışmaq lazımdır. Həmin insanlar mənəvi, psixoloji cəhətdən azadlığa uyğunlaşa bilmirlər. Hesab edirəm ki, həbsdə olan zaman onlarla daha çox mənəvi-psixoloji işlərin aparılması vacibdir. Psixoloji cəhətdən onlarda zəiflik olduğundan yenidən cinayətə əl atırlar. Stabilliyi təmin etmək lazımdır. Həbsdən çıxan insanların işlə təmin olunması istiqamətində addımlar atılsın – əsas məsələ bununla bağlıdır. Onların məşğulluğu təmin olunmalıdır. O zaman statistikada da ciddi bir fərq olacaq”. 

Elşad Mirbəşiroğlu əlavə edib ki, uzun müddətdən sonra artıq həbsxana onların həyatına çevrilir:

“Bu, aparılan tədqiqatların nəticəsidir. Onlar azadlıqda yaşaya bilmirlər. Ona görə də cinayətə meyilli olurlar. Məhkumlar da Azərbaycan cəmiyyətinin üzvləridir. Onlara daha həssas yanaşmaq lazımdır. İnsanlar həbsdə olduqları dövrdə müəyyən peşələrə yiyələnə bilərlər. Azad olanlar arasında da maarifləndirmə işlərinin aparılması vacibdir. Çalışmalıyıq ki, həbsdən çıxan insanlar cəmiyyətə inteqrasiya oluna bilsinlər. Yadlaşdırıb, özümüzdən kənarlaşdırmamalıyıq. O zaman inteqrasiya daha asan olacaq”. 

Vəkil Gülnar Nəzərli isə əlavə edib ki, onların başqa bir məşğuliyyəti olmadığına görə yenidən həmin cinayətə üz tuturlar: 

“Hesab etmirəm ki, onlar cəzaçəkmə müəssisələrində islah olunmurlar. Oğurluq, zorlama, dələduzluqla cəza çəkən insanlar azadlığa çıxdıqdan sonra başqa məşğuliyyətləri olmadığına görə yenidən həmin işə əl atırlar. Narkotik alverinə yüngül dolanışıq kimi baxanlar da var.

Adam fikirləşir ki, o tutulsa, itirəcəyi bir şey yoxdur. Oğurluqla tutulanların əksəriyyəti yenidən həbs olunur. Çünki adam başqa işi bacarmadığını düşünür”. 

G.Nəzərli qeyd edib ki, bunun həbsxanadakı islah prosesi ilə bağlılığı yoxdur: 

“Məhkəmələrdə də bunun şahidi oluruq. Üç-yeddi il cəzasını çəkir, yenidən narkotikə üz tutur. O rahatlığı onda tapır. Bacardığı iş budur. Məcburiyyətdən və ya qəsdən cinayət törədənlər var. Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq, 234-cü maddəsi ilə narkotik, 178-ci maddəsi ilə dələduzluq edənlər var. Bu silsilədən olan cinayəti törətmiş insanlar adətən islah olunmur. Özünü başqa cür təsdiq edə bilmədiklərindən yenidən bu yola əl atırlar”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir