Cəmiyyət

Nüvə silahı qədər təhlükəli məhsullar: Ölümcül qidalardan necə xilas olaq? – FOTO

Sharing is caring!

“GMO nədir?” sualının cavabı maraqla araşdırılan və sorğulanan mövzular arasında qalmaqda davam edir. Geni dəyişdirilmiş orqanizm mənasını verən GMO bir çox qidada olur. 

Bəs GMO nədir? GMO məhsulları hansılardır? 

GMO laboratoriya şəraitində canlının genetik xüsusiyyətləri dəyişdirilərək əldə edilir. Bu şəkildə qidalar həşərat kimi müxtəlif canlılara qarşı davamlı olur və bu qidaların dadı, qoxusu, ölçüsü və rəngi fərqlidir. Bu məhsullar ölkəmizə də çoxdandır ayaq açıb və uzun müddətdir ki, piştaxtalarda onlara rast gəlirik.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, GMO dünyamız üçün üç böyük təhlükəni yaxınlaşdırır: 

“Bunlardan biri insan sağlamlığına genetik şəkildə toxuma səviyyəsində sarsıdıcı zərbədir və elmi tərəfdən də dəfələrlə sübuta yetirilib. İkinci tərəf, təbiətə vurduğu ziyandır ki, bu bitkilərin əkildiyi torpaqlar tamamilə sıradan çıxır və faydalı, münbit elementlər məhv olur, həmin ərazilər genetik zibilliyə çevrilir. Üçüncü tərəf də dövlətin GMO toxum istehsalçılarından asılı vəziyyətə düşməsi, bir sözlə dövlətin ərzaq təhlükəsizliyi məsələsidir. Onlar bizə istədikləri zaman toxum satmaya, qiyməti qaldıraraq ölkəni pis vəziyyətə sala bilərlər. 

İndiyə qədər GMO məhsullar Azərbaycanda qadağan idi. Lakin bir neçə ay öncə “Qida təhlükəsizliyi haqqında” yeni qanun qəbul edildi. Bu kimi qanunlar Ümumdünya Ticarət Təşkilatının, həmçinin qlobal korporasiyaların layihələridir. Həmin qanunla GMO məhsulları və yemlərinin istifadəsinə icazə verildi. Biz məsələ ilə əlaqədar petisiyalar etsək, məsələ qaldırsaq da, ictimai dəstək az oldu. Petisiyaya dəstək verən deputatlar da var idi, lakin nəticə dəyişmədi. 

Beynəlxalq elmi mərkəzlərin araşdırmalarına görə, GMO məhsulların fəsadları daha çox ikinci nəsildə özünü büruzə verəcək. Yəni bu məhsulların uşaqlarımıza olan təsirlərini görəcəyik. Sonsuzluq, genetik kodların dəyişməsi, psixologiyadakı fəsadlar kimi bir çox xəstəliklərə səbəb olacaq. Məsələn, siçovul geni vurulan pomidoru yeyən insan bilavasitə həmin geni qəbul etmiş olacaq”. 

Ekspert əlavə edib ki, yerli toxum fondlarını qoruyub saxlaya bilmədiyimiz üçün meyvə və tərəvəzlərdə təbii məhsullara rast gəlmək mümkün deyil: 

“Azərbaycanda GMO məhsulları indiyə qədər qadağan olunsa da, geniş miqyasda tətbiq edilib. Həm idxal olunub, həm əkilib, həm də satılıb. Heç bir dövlət qurumu da bu qanunun tələblərini zərrə qədər də olsa yerinə yetirməyib. Bundan sonra isə həmin qlobal təşkilatların rahat şəkildə ölkəni zəhərləyib məhv etmək imkanları rahatlaşır. GMO məhsullarından qorunmaq üçün bu kimi qidalardan istifadəni şəxsi olaraq dayandırmaq lazımdır. Lakin mən cəmiyyətimizdən bunu gözləmirəm. Çünki biz aldığımız məhsulun qiymətinə və görünüşünə önəm veririk. Onun nə dərəcə təhlükəli olduğunu isə ümumiyyətlə düşünmürük”.

E.Bayramlı vurğulayıb ki, cəmiyyət olaraq bu təhlükədən qorunmaq imkanımız yoxdur: 

“GMO məhsullar ölkəyə gəldikcə yerli istehsal sıradan çıxır. Çünki yerli məhsulun maya dəyəri bir qədər bahadır. Bir sözlə, GMO məhsullarının ölkədə ayaq açması ilə iqtisadiyyatımız, xalqımızın sağlamlığı məhv olur, ərzaq təhlükəsizliyimiz asılı vəziyyət düşür. Nüvə müharibəsi istisna olmaqla dünyada bundan dəhşətli problem yoxdur. Bu, birbaşa bioloji terrordur və biz bundan tam olaraq müdafiəsizik”.
 
Aparılan araşdırmalara görə, GMO xüsusilə hamilə qadınların qanında və həmçinin döldə aşkar edilib. Bu qidalar insan orqanizmində tamamilə parçalana bilməz. Allergik xəstəlikləri olan insanlarda hətta öldürücü təsir göstərə bilər. İnsanda hormonal sistemi pozur. Onun bəzi heyvanlara mənfi təsiri ekosistemə də zərər verir. Antibiotik istifadəsi zamanı onun təsirini azaldır. Küləklə təbii növlərlə qarışaraq biomüxtəlifliyə ziyan vurur. Bitkinin tərkibindəki zəhər kökləri ilə torpağa keçir və bu da ekoloji problemlər yaradır. Ona görə də indiyə qədər aparılan araşdırmalardan da anlaşıldığı kimi, GMO-nun istifadəsi həm təbiətə, həm də canlılara ciddi ziyan vurur.

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir