Cəmiyyət

Psixoloq müharibə iştirakçılarının yaxınlarına SƏSLƏNDİ: “Psixoloji yardım almağa təşviq edin” – FOTO

Sharing is caring!

“Uzun sürən şiddətli stresin, psixoloji travmanın sonunda, ya da bir müddət sonrasında insanlarda posttravmatik stres pozğunluğu (PTSP) inkişaf edə bilir. Müharibədə isə bütün bu sadalanan faktorları yaşamamaq qeyri-mümkündür”.

Bunu “Report”un yerli bürosuna müsahibəsində Gürcüstanda fəaliyyət göstərən psixoloq-məsləhətçi Aytən Məmmədova deyib.

Onun sözlərinə görə, nəinki birbaşa hərbi əməliyyatların iştirakçısı, eyni zamanda müharibə şəraitində yaşayan insanlarda da psixoloji narahatlıqlar müşahidə edilir:

“Müharibə iştirakçılarının ölüm xəbərini alan insanlarda da travma sonrası stres pozğunluğunun yaşanması bəzən qaçılmaz olur. Adətən insanlar həyatlarını müharibədən öncə və sonraya ayırırlar”.

Mütəxəssis bildirib ki, psixoloji travmadan 4 həftə – 6 aydan sonra posttravmatik stres pozğunluğu özünü göstərir:

“Məhz buna görədir ki, müharibə bitsə belə, onun insanlarda da psixoloji olaraq qoyduğu izlər özünü bir müddət sonra göstərməyə başlayır. Travmatik hadisənin təkrar-təkrar yaşanması – buna obsessiv yaddaş da deyirik – daim fikrinizdə şahidi olduğunuz, ya birbaşa qurbanı olduğunuz o səhnənin gözünüzün önündən getməməsi və bundan qurtula bilməmək. Daha sonra bu və ya buna bənzər səhnələrin yuxuda canlanması və kabus görmək. Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər reallıqdan uzaqlaşıb sanki eyni hadisələri indi burada səsli və görüntülü olaraq yaşanması. İnsan o zaman hiss etdiyi bütün fiziki və emosional hisslərini yenidən yaşayır. Müharibə ilə bağlı hər hansı bir informasiyanı eşidən kimi yenidən hər şeyi ogünkü kimi təkrar yaşaması, hiss etməsi. Emosional donma, bu travmanı xatırladan hər hansı bir faktordan qaçmaq, çox zaman yaddaşın qısa ya da uzun müddətli itməsi və ya baş verən travmanın müəyyən aspektlərinin beyin tərəfindən sıxışdırılaraq unudulmasıdır”.

A.Məmmədova qeyd edib ki, bir qayda olaraq posttravmatik stres pozğunluğunu yaradan səbəb insanları əhatə edən sosial mühitlə bağlıdır:

“II Qarabağ müharibəsinin həm şahidi, həm də eyni zamanda iştirakçısı olan insanlar PTSP olduğundan özlərini bu sosial mühitdən ayrı hiss etməyə başlayırlar. Əvvəlki kimi əylənə, gülə, həyata daha təhlükəsiz baxa bilmirlər. Bununla yanaşı isə o travmanı yenidən yaşaya biləcəyi hissinə qapılaraq hiper həssas vəziyyətə düşürlər, bu da özünü yuxunun pozulması ilə və təhlükəsizliyini daim nəzarət altında saxlama hissi ilə büruzə verir. Bu isə öz növbəsində ətraf mühitlə gərgin münasibətlərə gətirib çıxarır. Ən xırda hadisə belə onu yenidən müharibədə yaşadığı anlara apara bilər və ətrafına qarşı aqressiv davranış sərgiləməsinə səbəb ola bilir. Özünü və ətrafdakı insanları daim neqativ qəbul etməyə başlayır. Müharibə iştirakçısı gözünün önündə döyüş yoldaşı həlak olduğu zaman ilk özünü günahlandırmağa başlayır – niyə mən onu xilas edə bilmədim deyə dərin günahkarlıq hissi ilə yaşayırlar”.

Ekspertin sözlərinə görə, bütün bu simptomatika bir aydan çox davam edirsə, artıq PTSP diaqnozunu qoymaq və dərhal müalicəyə başlamaq lazımdır:

“Statistikaya görə PTSP-yə 50 % hallarda depressiya da qoşulur. Bu isə prosesin dərinləşməsinə və intihar barədə fikirlərin yaranmasına gətirib çıxarır. Yaşadıqları bu emosional status onların asosiallaşmasına və həyatlarını sonlandırmasına gətirib çıxara bilir. Bu zaman əlbəttə ki, psixoterapiya və yaranan simptomları aradan qaldırmaq üçün dərman müalicəsi tələb olunur. Nə qədər tez bir zamanda müalicə başlanarsa, bir o qədər tez nəticə əldə etmək mümkündür. Uzun zaman bu vəziyyətdə yaşayan insanların artıq yeni davranış forması əmələ gəldiyi üçün psixoterapiya da bir neçə aydan bir neçə ilə qədər davam edə bilər”.

Psixoloq-məsləhətçinin fikrincə, cəmiyyət müharibə iştirakçılarına qarşı daha diqqətli və səbirli olmalı, eyni zamanda onlara qayğı və diqqətini əskik etməməlidir:

“Belə ki, yuxarıda da qeyd etdiyim kimi, qazilərin birbaşa yaşadıqları stres, psixoloji travmanın nəticəsi olaraq formalaşan davranışları onların kontrolu daxilində yaranmır. Yaxınlarına isə retravmatizasiyanın qarşısını almaq üçün bir müddət travmanı yada sala biləcək, yenidən yaşama təhlükəsini onlara hiss etdirə biləcək mühitdən uzaq durmasına yardımçı olmaqla yanaşı, bu simptomatikanı gördüyünüz halda peşəkar psixoloji yardım almağa təşviq etmənizi məsləhət görərdim. Yaxınları ilk növbədə onların bu çətin vəziyyətdən çıxmasına səbəb ola, bəlkə də yarana biləcək letal nəticənin qarşısını ala, eyni zamanda isə qarşılıqlı münasibətlərin yaxşılaşmasına yardımçı ola bilərlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir