Cəmiyyət

“Yay Fest”də müdafiə sənayesi sərgisi təşkil edilib – FOTO

Sharing is caring!

Ölkənin ən böyük gənclər düşərgəsi olan “Yay Fest”də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə müxtəlif növ silah və sursatın sərgisi baş tutub.

“Yay Fest”in ikinci həftəsi olan – “Dəmir Yumruq” düşərgəsində təşkil olunan sərgidə gənclər təlim üçün nəzərdə tutulmuş atıcı silahlar – Nazirliyə tabeli birlik və müəssisələrdə istehsal olunan avtomatlar, pulemyotlar, snayper tüfəngləri, tapançalar, minaatanlar, minalar, mərmilər, həmçinin “İtiqovan” pilotsuz uçuş aparatı, digər avadanlıqlarla tanış olublar. Gənclərə nümayiş edilən müasir silahların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sərgi ərazisində təşkil olunan sərrast atıcılıq üzrə elektron trenajor gənclərin böyük marağına səbəb olub.

Bununla bərabər, düşərgədə 44 günlük Vətən müharibəsi qəhrəmanları və qaziləri, həmçinin Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edib. Görüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Ordumuzun rəşadəti, xalqımızın “Dəmir Yumruq” ətrafında sıx birləşməsi nəticəsində qazanılmış tarixi Qələbədən danışıb, keçdikləri döyüş yolu barədə xatirələrini bölüşüblər. Daha sonra, gəncləri maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.

Eyni zamanda, gənclər üçün “Salam Silah!” filmi nümayiş edilib, “Azərbaycan silahı” mövzusunda viktorina və müxtəlif yarışlar keçirilib.

Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan “Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.

19 iyul-9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG, İdeyadan Biznesə, Karyera və İnkişaf, Həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Ümumilikdə 2000 gəncin “Yay Fest”dən faydalanması nəzərdə tutulur.

“Yay Fest” festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir