Cəmiyyət

Ağır pasiyenti xəstəxanadan evə kim daşımalıdır, təcili tibbi yardım maşını, yoxsa?.. – AÇIQLAMA + FOTO

Sharing is caring!

Son günlər sosial şəbəkələrdə təcili tibbi yardım maşınları ilə bağlı maraqlı iddialar paylaşılır və geniş müzakirələrə səbəb olur.

Belə ki, vətəndaşlar ağır xəstələrin müalicə müddəti bitdikdən sonra yaşadıqları ünvana təcili tibbi yardım maşınları ilə, yoxsa özlərinin getməli olduqlarını müzakirə ediblər. Söhbət xüsusilə insult keçirən, ağır yataq xəstəsi olan şəxslərdən gedir.

Maraqlıdır, təcili tibbi yardımın təyinatına protokol üzrə bu kimi məqamlar daxildirmi? Ümumiyyətlə, hər hansı bir xəstəliklə bağlı istisna halları mövcuddurmu?

Mövzu ilə əlaqədar Bakı Şəhəri üzrə Təcili Tibbi Yardım Mərkəzinin direktor müavini Nuridə Fərzəliyeva Oxu.Az-a açıqlamasında deyir ki, təcili tibbi yardım briqadası çağırış ünvanına çatır, xəstəni ilkin müayinə edib, lazımi tibbi yardım göstərir:

“Həkim xəstənin diaqnozuna və o an üçün olan vəziyyətinə görə hospitalizasiyaya qərar verir. Əgər hospitalizasiyaya ehtiyac varsa, hospital şöbə ilə əlaqə saxlayıb xəstə haqqında bütün məlumatları verir. Hospital şöbənin həkimi tərəfindən xəstə diaqnozuna və vəziyyətinə uyğun müvafiq stasionara yönləndirilir. Bu barədə göndərilən tibb müəssisəsinin qəbul şöbəsinə tərəfimizdən məlumat verilir.

Xəstələrin xəstəxanadan ünvanına daşınması təcili yardımın vəzifə borcuna aid deyil. Xəstə tam müalicəsini alıb, stabil şəkildə evə yazılmalıdır. Lakin bəzi istisnalar vardır. Əgər xəstə ağır diaqnozla müalicədən və ya hər hansı cərrahi əməliyyatdan sonra yataq rejimində evdə müalicəsini davam etdirməlidirsə, kömək məqsədi ilə təcili yardımla evə daşınması təmin olunur”.

Mövzu ilə əlaqədar TƏBİB-in koordinasiya şöbəsinin məsləhətçisi Günay Muradova isə bildirib ki, təcili tibbi yardım maşınları ilə təxliyə prosesi iki cür həyata keçirilir:

“Bunlardan biri təcili tibbi müdaxilə tələb olunan xəstələrin təxliyəsi, digəri isə planlaşdırılmış təxliyədir. Təcili tibbi müdaxilə tələb olunan xəstələrin köçürülməsi zamanı biz reanimasion həkim briqadası göndəririk. Həkim briqadası xəstəni yerində müayinə edir və vəziyyətini dəyərləndirir. Xəstənin kliniki vəziyyəti köçürülməyə imkan verməlidir. Yalnız həkim rəyi əsasında xəstənin köçürülməsinə qərar verilir.

Planlı xəstələrin köçürülmə prosesi isə bir qədər fərqlidir. Bu xəstələr profil üzrə tibb müəssisələrinə köçürülür və sistem üzərindən yönləndirilirlər. Əgər üçüncü səviyyə tibb müəssisəsidirsə, köçürülmə mütləq TƏBİB-in və xəstəxananın təsdiqindən sonra həyata keçirilir. Üçüncü səviyyə tibb müəssisələri dedikdə elmi-tədqiqat institutları və ixtisaslaşmış xəstəxanalar nəzərdə tutulur. İkinci səviyyəli tibb müəssisələri dedikdə mərkəzlər, birinci səviyyəli tibb müəssisələri dedikdə isə ilkin səhiyyə xidməti nəzərdə tutulur. Biz bütün hallarda “103 Çağrı Mərkəzi”nə məlumat veririk və onlar xəstənin bir xəstəxanadan başqa xəstəxanaya təxliyəsini həyata keçirirlər.

Eyni zamanda özəl tibb müəssisələrində stasionar müalicə alan pasiyentlər olur ki, bəzən onların maddi rifahı müalicəni davam etdirməyə imkan vermir. Bu zaman onların ailə üzvləri özəl tibb müəssisəsinin rəhbərliyinə müraciət edirlər, onlar isə TƏBİB-lə əlaqə yaradaraq prosesin icrasını təşkil edirlər.

Tibb müəssisələri arasında koordinasiya yaradılır, profil üzrə yaşayış yeri, xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınaraq, xəstəxanalarda onlar üçün yer ayrılır. Daha sonra xəstələrin icbari tibbi sığorta çərçivəsində diaqnoz üzrə xəstəliyi müvafiq olaraq xidmətlər zərfinə daxildirsə, tam təmənnasız tibbi xidməti həyata keçirilir. Bu zaman da “103” təcili tibbi yardım briqadası xəstənin vəziyyətini yerində qiymətləndirib, rəy verdikdən sonra özəl tibb müəssisələrindən dövlət müəssisəsinə təxliyə prosesi həyata keçirilir”.

G.Muradova onu da əlavə edib ki, “103” təcili tibbi yardım maşınlarının protokol üzrə təyinatında xəstələrin tibb müəssisəsindən yaşayış ünvanına daşınması nəzərdə tutulmayıb:

“Çünki xəstələr tibb müəssisəsindən sağalaraq ambulator müalicəyə buraxılırlar. Lakin bəzi istisna hallarda, insult keçirən, yataq xəstəsi olan pasiyentlər üçün vətəndaş məmnunluğunu təmin etmək məqsədilə dəstək üçün təcili tibbi yardım maşınları onları yaşayış yerinə apara bilər. Lakin protokol üzrə bu, “103” təcili tibbi yardımın səlahiyyətinə daxil deyil”.

“Eyni zamanda bölgələrdən də Bakıda yerləşən tibb müəssisələrinə təxliyələr nəzərdə tutulur. İki xəstəxana arasında pasiyentin məlumatları mübadilə edilir. Daha sonra pasiyentə yerində baxılır, vəziyyəti dəyərləndirildikdən sonra “113” təcili tibbi yardım briqadasının həkimləri xəstənin köçürülməsinə rəy verirsə, təxliyə prosesi həyata keçirilir”, – deyə G.Muradova qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir