Cəmiyyət

“Ölümə də gedərəm” – Paşinyana mesaj göndərən qaziylə MÜSAHİBƏ + FOTO/VİDEO

Sharing is caring!

Bir neçə gün öncə sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsi qazilərimizdən olan Elməddin Rüstəmovun yeni videosu yayılıb. İki il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək: “Nə oldu, bəs yol çəkirdin”, – deyərək məşhurlaşan qazimizin görüntüsü bu dəfə də xeyli müzakirəyə yol açıb.

Kadrlardan müharibədən döndükdən sonra onun ofisiant işlədiyi və buna görə də dostlarının onunla zarafatlaşdığı diqqətə çarpır.

Oxu.Az Elməddin Rüstəmovla həmsöhbət olub:

– İlk olaraq bilmək istərdik ki, necə oldu müharibəyə yollandınız? Könüllü getdiniz, yoxsa çağırışla?

– 29 sentyabr 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulmuşam. Ağdaş hərbi komissarlığından döyüşə yola salınmışam.

– Hansı ərazilərimizdə döyüşmüsünüz?

– Biz Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində döyüşmüşük. Ən çox da Qubadlıda olmuşuq.

– Hansı medallarla təltif olunmusunuz?

– Hələ ki “Qubadlının azad olunmasına görə” medalı verilib, inşallah, yavaş-yavaş digərləri də verilər.

– Müharibədən əvvəl nə işlə məşğul idiniz?

– Elə müharibədən əvvəl də satıcı, fəhlə, ofisiant kimi işləmişəm. Hazırda da ofisiant işləyirəm.

– Müharibə bitəndən sonra iş tapmaqda çətinlik çəkdinizmi?

– Xeyr, çox da çətinlik çəkməmişəm. Düzdür, bir-iki yerə CV göndərdim, amma onlar təcrübəli işçi axtardıqları üçün məni qəbul etmədilər. Məşğulluq İdarəsinə yazıldım. Hazırda müharibədən əvvəl harada işləyirdimsə, elə orada işləyirəm.

– Döndükdən sonra dövlətdən dəstək gördünüzmü?

– Biz müharibəyə maddi nəsə əldə etmək üçün getməmişdik. Qisasımızı almaq, torpağımızı azad etmək üçün getmişdik. Mən oraya gedəndə heç nə ummamışdım. Bu gün müharibədən əvvəlki həyatımı yaşayıram. Hazırda 80 manat təqaüd alıram, başqa hansısa yardım göstərilməyib. Hamı necə, mən də elə.

– Bir neçə gün öncə videonuz yayıldı, ondan sonra kimlərsə sizinlə əlaqə saxladılarmı?

– Videonu çəkən yad adam deyil, mənim oradakı iş yoldaşımdır. Bir yerdə böyümüşük. “Instagram”da onların qabağına videom çıxıb. Görüblər ki, insanlar həmin videonun altında sağ olub-olmadığımla, işimlə və s. maraqlanırlar. Ona görə də həmin videonu çəkiblər.

– Dövlətdən işlə bağlı dəstək gözləyirsinizmi?

– Dövlətdən bu dəqiqə hansısa dəstək gözləmirəm. Əsas şəhid ailələridir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin. Bizim əlimiz-ayağımız iş tutur. Müharibədən təzə çıxmış dövlətik. Dövlətimiz qazilərlə, döyüş iştirakçıları ilə bağlı hər gün bir qanun çıxarır. Yəqin ki, qarşıdakı illərdə hər şey daha yaxşı olar.

– Yenidən müharibə olsa, gedərsinizmi?

– Əgər yenə müharibə olsa, günü bu gün gedərəm. Müharibəni görmüş adam kimi iştirak edərəm. Vətənim üçün ölümə də gedərəm. Mən bunları qarşılıqsız edirəm, kimdənsə nəsə gözləmirəm.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir