Cəmiyyət

Vətəndaşların istirahəti üçün pulsuz əyləncə və konsertlər harada keçirilir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Dünyanın müxtəlif ölkələrində vətəndaşların əyləncəsi üçün ildə bir neçə dəfə ödənişsiz konsertlər təşkil olunur. Təşkilatçılar isə əsasən bələdiyyələr, yerli özünüidarəetmə qurumları olur. Bəllidir ki, Azərbaycanda konsert biletləri elə də ucuz deyil. Maraqlıdır, görəsən, ölkəmizdə də konsert bileti almağa imkanı çatmayanlar üçün pulsuz əyləncə və konsertlər təşkil olunurmu?

Oxu.Az-a danışan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Adil oğlu Hüseynov bildirib ki, bu məsələ onların səlahiyyətlərinə daxil deyil.

“Bu, Mədəniyyət Nazirliyinin tabeliyində olduğundan biz həmin məsələyə qarışmırıq”.

Mədəniyyət Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, il ərzində vətəndaşların istirahəti üçün kifayət qədər ödənişsiz fəaliyyətlər təşkil olunub, ola bilər ki, bəzi vətəndaşlar bundan məlumatsız olublar:

“Mədəniyyət Nazirliyi tərəfindən il ərzində onlarla pulsuz konsert və tamaşa təşkil edilir. Buna misal olaraq bu il martın 27-də “Teatrda bir gün” layihəsi həyata keçirilib. Layihə çərçivəsində arzu edən hər bir şəxs ölkənin aparıcı teatr-konsert müəssisələrinə ekskursiya edib və günün yekununda teatr və konsertləri pulsuz olaraq izləmək imkanı əldə edib.

Layihə çərçivəsində azyaşlı tamaşaçılar üçün Azərbaycan Dövlət Kukla Teatrında, böyük yaş qrupu tamaşaçılar üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Akademik Musiqili Teatrında, Akademik Rus Dram Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında maraqlı gün təşkil edilib. “Teatrda bir gün” açıq qapı günlərinin ildə iki dəfə – 27 mart Beynəlxalq Teatr Günü və 25 oktyabr – Beynəlxalq Opera Günü – keçirilməsi planlaşdırılır.

Bundan əlavə, bir neçə gün öncə Heydər Əliyev Mərkəzinin parkında keçirilən “Baku Summer Jazz” festivalının açıq hava konsertlərini qeyd etmək istərdik. Festival çərçivəsində azərbaycanlı caz ifaçıları ilə yanaşı, ABŞ və Türkiyədən olan cazmenlər 6-7 iyul tarixində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi də tez-tez açıq konsertlər keçirir ki, buna misal olaraq ötən il Zəfər Günü ərəfəsində filarmoniyanın kollektivi qazi və şəhid ailələrinin uşaqları üçün “Qarabağ Azərbaycandır!” adlı konsert, cari ilin iyun ayında isə “Şuşa İli” çərçivəsində Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi övladları, Gəncə SOS uşaq kəndinin və internat məktəbinin körpələri üçün “Şuşa, biz gəldik” adlı konserti qeyd etmək istərdik.

Onu da bildirək ki, cari ilin sentyabr ayında Üzeyir Musiqi Günü ərəfəsində də bir neçə açıq hava konsertinin keçirilməsi nəzərdə tutulub”.

Dilşad Bəhruzqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir