Cəmiyyət

Səhiyyə Nazirliyində Litvanın ölkəmizdəki səfiri ilə görüş keçirilib – FOTO

Sharing is caring!

Səhiyyə Nazirliyində Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Egidius Navikasla görüş keçirilib.

Nazirlikdən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığı diqqətə çatdıran Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib:

“Bundan əlavə, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Öz növbəsində Egidius Navikas ikitərəfli əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalandığını diqqətə çatdıran səfir bu sənədin ölkələrimiz arasında tibbi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Ölkəmizin səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirən səfir Litvanın Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya və standartlara uyğun modernləşdirilməsinə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir