Cəmiyyət

Alimlər və alimələr

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Bu gün səhər gündəmi AzTV-nin AMEA haqqında tənqidi süjeti ilə açdıq. Hadisənin ikinci maraqlı tərəfi isə o oldu ki, AMEA bu süjeti öz səhifəsində də paylaşıb. 

Zənn edirəm ki, süjetə baxmadan atıblar sayta. Təbii ki, indilərdə AMEA-nın saytına bir malalama yazısı yazılır ki, açıqlama halında dərc etsinlər. Əslində son 30 ildə AMEA-nın işi elə malalamaq oldu. Gah akademik nəvəsinin toyu barədə açıqlama verdi, gah başqa məişət mövzuları müzakirə olundu. Bir sözlə, elmdən başqa hər şey oldu, elm olmadı. Deyilənə görə il boyu işçilər arasında nərd və domino idman növləri üzrə turnirlər keçirilir. Daha 10 il məşq və elmi araşdırmadan sonra bu istiqamətdə dünyaya tayı-bərabəri olmayan elmi ixtira təqdim olunacaq.

Hələ ki, sirr saxlanılır. Allah bütün qocaman alimlərimizə can sağlığı versin, İnşallah bizi də maarifləndirərlər. Deyilənə görə domino və nərdin gizli kombinasiyalarını kəşf ediblər. Ən azı insayder məlumatlar bunu deyir. 30 il gözləmişik, bir 10 ildə gözləyək. Nə olasıdır ki? 

Nə isə, özümüz nəyiksə, alimimiz də, elm ocağımız da elədir. Bizim bilik əldə etmək arzumuz “diplom” almaqdan o tərəfə keçmir. Əsas odur ki, bir parça karton olsun, qızın cehizinin üstünə qoyaq, oğul üçün də elçi gedəndə deyək ki, uşağımız ali təhsillidir. Amma millət olaraq kitab-dəftərdən uzağıq. Nə qədər malalasaq da fakt budur. 

Bir də beynimizdə sovetdən qalma klişelər var ki, o da elçiliyə professor-alim aparmaqdır. Yəni qız evi görsün ki, biz də yerdən çıxan göbələk deyilik. Elmlər namizədimiz də var, elmlər doktorumuz da. Bu adamların isə elmə nə qədər aid olması isə heç kimə maraqlı deyil. Necə ki, əsl üç-beş alimin fəaliyyəti, yaşayışı da bizə maraqlı deyil. Əsl ziya sahibləri yerə basdırıldıqca, institutlardan sıxışdırıldıqca, pul hesabına qohum-əqrəbanı “elm xadimi” və “xadiməsi” etdikcə boynu yoğun “alim” və “alimələr” elmi işğal etdilər. Pulun hesabına “elmi işlər” yazıldı, “müdafiələr” olundu. Elə AMEA-nın əliylə minlərlə “elmlər namizədi”, “elmlər doktoru” olanlardan müdafiə etdiyi mövzunun adını soruş, bilməyəcək. İki sual ver, deyəcək ki, bağışla “məşqə” gecikirəm.

İşçilərin eqosunun bu yolla özünü təmin etməsi dərd yarı olsa da, vurma cədvəlini bilməyən, boynu qalın “tros” boyunbağı ilə sayrışan “alimlərin” iddiası bir başqa dərddir. Alimə xanımın gözündəki boşluqdan anlayırsan ki, anamızın içində əsl alverçi Püstə xanım oturub. (Yüz faiz əminəm ki, yazının qayəsi bir tərəfə qalacaq, çoxları Püstə xanım adıma hücum çəkəcək. Olsun…) 

Alver eləmək qətiyyən ayıb bir şey deyil. Amma elmi, biliyi alverə çevirəndə, hansısa institutlarda kabinetdə oturub, kargüzarlıq malları sifariş verərək “otkat” yeyən “alimə” xanımlar, daha sonra toyda-bayramda başlarına bayraq taxıb qoyunu şaqqalayırlar. Və biz elmi fəaliyyətin təzahürünü sürrealist film janrında, canlı həyat rejimində izləyirik. 

AMEA-nın illərdir korrupsiya ocağı olması da heç kimə sirr deyil. Hamı bilir, hamı danışır, amma heç nə dəyişmir. 

Binanın yanından keçəndə düşünürsən ki, buranı otelə çevirsələr ölkəyə daha çox gəlir gətirər. Baxma da, turistlərdən o qədər pul qazanmaq olar. AMEA isə elə pul tələb edir hökumətdən.

Qadan alım, mən bir vergi ödəyicisi kimi istəmirəm mənim pulumla AMEA-da nərdtaxta vursunlar. Öz hesablarına oynasınlar. Ya da bağlasınlar. Oranın işıq pulunu hesablasan, gör hara vurur? O pulu “istixanaya” xərcləsələr, pomidor ixracından xeyli gəlir əldə etmək olar.

Çox təəssüf ki, həqiqi alimlərimiz çox azdır. Onları görəndə isə yadplanetli kimi baxıram onlara. İlahi, bu adam həqiqətən də ziya sahibi imiş düşünüb, üç dəfə də “sübhanallah” deyirəm. 

Beyni, zəkası açıq olan gənclərimizin vallah ki, bu pafoslu binaya ehtiyacı yoxdur. 

Zəkasını da, kitabını da qoltuğuna vurub gedirlər dünyanı kəşf etməyə. 

Sonda onu da qeyd edim ki, AzTV elə bil bir balaca gecikib tənqidi süjet üçün. AMEA-nın qırxı da, ili də çoxdan çıxıb. Bircə məzarı yoxdur, gedib duasını oxuyaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir