Cəmiyyət

İctimai yerlərdə tüpürmək, siqaret çəkmək, çimərlik paltarında gəzmək qanunla qadağandır? – AÇIQLAMA

Sharing is caring!

Cəmiyyətdə həllini heç cür tapmayan problemlərdən biri də ictimai yerlərdə tütün məmulatlarının istifadəsidir. Əksəriyyət dayanacaqlarda, parklarda tütün aludəçilərinin siqaret çəkərkən ətrafdakı insanları nəzərə almamasından narazılıq edir. Bunun qanunla tənzimlənməsini tələb edənlər də az deyil. Çünki siqaretin özü qədər elə tüstüsü də zərərlidir. Yəni siqaret çəkən şəxs təkcə özünə deyil, yaxınlığındakı şəxslərə də müəyyən qədər ziyan vurur. Digər narazılıq doğuran məqam isə vətəndaşların bir qisminin davranış və əxlaq normalarını pozaraq, ətrafındakı insanların reaksiyasını nəzərə almadan səkilərə rahatlıqla tüpürməsi, həmçinin  əllərindəki tullantıları zibil qutularına deyil, yola atmasıdır. 

Mövzu barədə Oxu.Az-a danışan hüquqşünas Əsabəli Mustafayev açıq havada siqaret çəkməklə bağlı qadağanın olmadığını deyib:

“Burada ancaq zibilləməklə bağlı irad ola bilər. İctimai istifadədə olan qapalı yerlərdə (istirahət mərkəzləri,  hava limanı və buna bənzər digər yerlər) isə ancaq xüsusi ayrılmış hissələrdə tütün məmulatlarının istifadəsi mümkündür.  Siqaret kötüyünü yerə atmaq isə zibilləməyə daxildir. Tez-tez dəyişdirildiyi üçün dəqiq yadımda deyil,  amma bunun cərimə miqdarı təqribən 100-500 manat arasındadır”.

Vəkil ictimai yerlərdəki bəzi davranışların isə xırda xuliqanlıq kimi qəbul oluna biləcəyini diqqətə çatdırıb:

 “Məsələn, yerə tüpürmək, üst paltarını çıxarıb gəzmək, bərkdən qışqırmaq, cəmiyyətin qəbul etmədiyi tərzdə sözlər işlətmək xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Bununla bağlı isə həm sutkalıq həbs, həm də cərimə var. Daha çox isə cərimə tətbiq edilir. Lakin qiymətləndirmə meyarı önəmlidir, məsələn, ictimai yerdir, ancaq elə saatdır ki, küçədə heç kəs yoxdur və şəxs yerə tüpürür, buna görə polisin onu saxlayıb protokol tərtib etməsi doğru deyil. Söhbət ictimaiyyətə qarşı olan əməldən gedir. Əgər ətrafda ictimaiyyət nümayəndəsi yoxdursa, bu əməl qiymətləndirilə bilməz. Digər bəzi hərəkətlər də qanunla tənzimlənir. Məsələn, bəzi çimərliyə yaxın, amma çimərlikdən kənar yerlərdə çimərlik paltarında gəzmək qadağandır. Bir qism şəxs bu qadağanı bəyənmir, ancaq hər ölkənin milli əxlaqı, mentaliteti var və bu bizim ictimai əxlaqa uyğun olmaya bilər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat cərimə tətbiq edilir. Müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə ödəməlidir. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına hallarında tətbiq edilən cərimə məbləği isə 50 manatdır.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir