Cəmiyyət

Eqosu övladından daha dəyərli olanlar: Çıxış yolu yalnız aliment fondunun yaradılmasıdır? – FOTO

Sharing is caring!

Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir. Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər dəyişə bilir. 

Yalnız bu ilin ilk dörd ayında 18 506 nikah və 5 043 boşanma faktı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb. İki gəncin bəzən ani və keçici hislə qurduğu ailə, elə eyni minvalla da sonlanır. Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir. 

Qeyd edək ki, aliment tələbinə dair icra sənədləri üzrə 2022-ci ilin birinci yarımilində beş minədək borclu axtarışa verilib. 3500-dək borclu hesabat dövrünün sonuna axtarışda olub. İlin birinci yarımilində icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1000-dən çox borclunun barəsində inzibati həbs tətbiq olunub.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan Uşaqlar” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış yolunu aliment fondunun yaradılmasında görüb:

“Ümumiyyətlə Ədliyyə Nazirliyinin açıqlamasına görə daha çox məhkəmə prosesləri boşanma zamanı aliment iddiaları qaldırılmış şəxslərin məsələləri ilə bağlıdır. Əgər bunun üzərinə qeyri-rəsmi nikahda olan, lakin birgə övladları dünya gələnləri də əlavə etsək, çox böyük bir rəqəm alınacaq. Bu səbəbdən aliment fondu yaradılmalıdır. Fond yaradıldıqdan sonra vəsaitin alınma mexanizmi daha rahat ola bilər”. 

K.Ağazadə qeyd edib ki, aliment səbəbindən zorakılıq halları da yetərincə artıb:

“Ən ciddi problem məhkəmə vasitəsi ilə belə alimentin alına bilməməsi, alındıqda isə yetərincə effektin olmamasıdır. Açıq-aşkar deyir ki, mənim pulum yoxdur. 

Demək olar ki, rəsmi statistika yoxdur. Bizə il ərzində 10 mindən çox müraciət daxil olub. Bunun 30 faizi alimentin alına bilməməsi ilə bağlıdır. Aliment uşağa verilən kiçik müavinətdir. Ona görə, nikahdan öncə müqavilə imzalanmalıdır. Məsuliyyət öncədən yaradılmalıdır”. 

Psixoloq Vəfa Əkbər isə əlavə edib ki, bəzən qarşı tərəfi cəzalandırmaq üçün alimenti ödəmirlər:

“Burada bir neçə məqam var. Birinci məqam şəxsin maddi vəziyyətinin yaxşı olmamasıdır. Bəzən aliment maddi vəziyyətin yaxşı olmaması səbəbindən ödənilmir. Həmin şəxsin əgər imkanı çatmırsa, alimenti ödəyə bilmirsə, lakin özü qidalanır, yemək yeyirsə, anlamalıdır ki, övladı da qidalanmalıdır. Bizdə hələ də boşanma mədəniyyəti formalaşmayıb. İnsanlar bir-biri ilə sağlam şəkildə ayrıla bilmirlər”.

V.Əkbər sözlərinə görə, alimenti ödəməyənlərin çoxu valideynlik məsuliyyətini anlamırlar:

“Qarşı tərəfi cəzalandırmaq, öz eqosunu təmin etmək, özünün önəmli olduğunu göstərmək üçün onu alimentə möhtac saxlayırlar. Bəzən tələb edir ki, sən məndən alimenti ödəmək üçün xahiş etməlisən. Onlar sadəcə valideyn olduqlarını anlamırlar”.

Qeyd edək ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onu əvəzinə edir. Bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir