Cəmiyyət

Abşeronda şəhid XTQ gizirinin doğum günü qeyd edildi – FOTOLAR

Sharing is caring!

Qırx dörd günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni , “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Sahib Musa oğlu Musayevin 38-ci doğum günü qeyd edilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və şəhidin döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edənlərdən şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhidin döyüş yoldaşı Tural Səlimov, Milli Qəhrəmanlar Birliyinin Abşeron şöbəsinin sədri Tərlan Mahmudov, din xadimi Rasim Xudaverdiyev, şəhidin övladları Sahibə Musayeva və Ülvi Musayev ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə ediblər.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.

Məlumat üçün bildirək ki, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Sahib Musayevdir.

Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Su Altı Hücum” (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan “Pələng” ləqəbli Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sahib Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İki övlad atası olan Sahib Musayev Aprel döyüşlərində də iştirak edib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir