Cəmiyyət

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcəkdir.

Sharing is caring!

Son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndiyi müxtəlif sahələrdə özünü göstərir. Hazırda dünyada gedən siyasi proseslər fonunda Avropa İttifaqı ölkələrinin enerjiyə olan ehtiyacı Azərbaycanla əlaqələrin yeni mərhələyə keçidi üçün real şərait yaradıbdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bunun əyani sübutudur.
Azərbaycan Avropa İttifaqının iqtisadi tərəfdaşıdır və imzalanan bu tarixi sənəd əməkdaşlığın daha da güclənməsinə və inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda bu Azərbaycanla Aİ-nin daha da yaxınlaşması istiqamətində böyük əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət ortağıdır. Bu mənada Avropanın vahid stabil enerji bazarına böyük ehtiyacı var və bu ehtiyacı Azərbaycanla ödəmək mövcud reallıqlardan xəbər verir. Çünki Azərbaycanın zəngin resursları var, stabil tərəfdaşdır, eyni zamanda təhlükəsizlik baxımından da çox sərfəlidir.
Anlaşma Memorandumuna əsasən, Azərbaycandan Avropa İttifaqına nəql edilən qazın həcmi ikiqat artırılacaq. “Cənub qaz dəhlizi” vasitəsilə ildə nəql edilən 8 milyard kubmetr qazın həcmi isə bir neçə il ərzində 20 milyard kubmetrə çatdırılacaq. Eyni zamanda gələn ildən Avropa İttifaqı ölkələrinə Azərbaycandan 12 milyard kubmetr qaz ötürüləcək. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcəkdir.
Göründüyü kimi, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etdirməkdədir.
Prezident İlham Əliyevin söylədiyi kimi, “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu, möhtərəm Prezidentimizin bu sahədə çoxşaxəli siyasətini, qəbul etdiyi qərarları Aİ-nin rəhbərliyi yüksək dəyərləndirir. Bu, Azərbaycanın uğurlu xarici siyasəti, dünya birliyində getdikcə artan nüfuzumuzun bariz təcəssümüdür.
İlham Əliyevin sözləri ilə desək, “Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq”.

Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir