Cəmiyyət

Sumqayıtda 50 yaşlı kişi rayona getmək istəməyən arvadını döydü – TƏFƏRRÜAT

Sharing is caring!

Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü İsa şəxsi münasibətlər zəminində arvadı Rəfiqəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır:

“Rəfiqə ilə 1998-ci ildə ailə həyatı qurmuşam və üç övladımız var. Həyat yoldaşım ilə münasibətlərim hər zaman yaxşı olub. Lakin son vaxtlar Rəfiqə evdə yerli-yersiz söhbətlər salırdı və bu hal məni narahat etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün Rəfiqəyə Tovuz rayonuna getmək istədiyini bildirib:

“Fikirləşdim ki, həyat yoldaşım mənimlə razılaşar. Lakin Rəfiqə bu zaman deyinməyə başladı. Rəfiqənin bu hərəkəti mənə pis təsir etdi. Buna əsəbiləşərək onun üzərinə getdim. Əlimlə və ayaqqabımla ona bir neçə zərbə vurdum. Daha sonra isə sakitləşmək üçün evdən çıxdım. Bir müddət sonra rayona getdim”. 

İsa deyib ki, sonradan Rəfiqənin hadisə ilə bağlı polisə müraciət etdiyini bilib. O, əməlindən peşman olduğunu deyib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəfiqənin sözlərinə görə, həyat yoldaşı İsa taksi fəaliyyəti ilə məşğuldur:

“Mən özüm isə Sumqayıt şəhəri 22 saylı MİS-də xadimə kimi işləyirəm. Əvvəllər İsa ilə münasibətlərim normal olub. Lakin son dövrlərdə İsa mənimlə tez-tez mübahisələr etməyə, əsassız yerə məni təhqir etməyə və döyməyə başladı. Mən isə ailəm üçün buna səbir etdim”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə İsa onunla birlikdə Tovuz rayonuna gedərək, vəfat etmiş qardaşının məzarını ziyarət etməyi təklif edib:

“Bu zaman yoldaşıma oruc tutduğumu, uzun yola çıxmaqda çətinlik çəkdiyimi, Ramazan bayramından sonra getməyi təklif etdim. Lakin həyat yoldaşım bu zaman üzərimə hücum çəkərək başıma yumruqla vurmağa başladı. Sonradan isə İsa öz ayaqqabısını ataraq başıma bərk zərbə vurdu”. 

Rəfiqə deyib ki, həyat yoldaşı ilə barışıb, ondan şikayəti yoxdur.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İsanın barəsində olan cinayət təqibinə xitam verilib.

Buna səbəb zərərçəkmişin ondan şikayətçi olmaması olub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir