Cəmiyyət

İstifadə müddəti bitmiş məhsulun keçdiyi “yol”: Marketlərimiz haqda nələri bilməliyik? – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Market alış-verişində insanların narahat edən əsas məqamlardan biri də istifadə müddəti bitmiş məhsulların satışıdır. Belə hallar marketlərdə dəfələrlə bir çoxumuzun qarşısına çıxıb.

Mövzu ilə bağlı “Kaspi” qazetində məqalə dərc edilib.

Paralel olaraq, yararsız məhsulların yandırılması ilə bağlı xəbərləri də mətbuatdan oxuyuruq. Amma bunun əksi olan iddialar da az deyil. İddialardan bir neçəsini nəzərinizə çatdırırıq:

“Marketlərdə açıq şəkildə çəki ilə satılan bir çox məhsullar- bibər, küncüt, limon duzu, sarıkök vaxtı keçmiş məhsullardır. İstifadə müddəti keçdikdən sonra qablardan açıb sellofanlara tökür, çəki ilə satırlar. Bu üsulu şirniyyatlara da tətbiq edirlər. Fabrikdən paket şəklində satışa göndərilən vaflini istifadə müddəti bitən kimi kiçik ölçülü sellofanlara yığırlar. Qiyməti də adi kağıza yazıb üzərinə vururlar. Ona görə də keyfiyyəti yoxdur”.

“Dəfələrlə vaxtı keçmiş məhsullar görmüşəm, şikayət etmişəm, sabah yenə eyni yerdə olublar. Kilo ilə satılan məhsulların tarixinin bitdiyi dəfələrlə vurğulanıb. Marketdə işləyən tanışım deyir ki, vaxtı keçmiş məhsullar paketlərdən açılıb torbalara doldurulur və satılır”.

Belə iddiaların sayını çoxaltmaq olur. Kimisi istifadə müddətinin yenidən yazılaraq satışa verilməsini, kimisi xüsusilə, yararsız süd məhsullarının yenidən emal olunduğunu iddia edir. Bu iddialar həqiqət ola bilərmi? Mağazada istifadə müddəti bitmiş ərzaq məhsullarının taleyi necə olur? Yenidən emal olunma ehtimalı varmı? Ümumiyyətlə, vaxtı bitmiş məhsulun keçdiyi yolu izləmək mümkündürmü?

İstehsal meneceri Sayat Quliyeva deyir ki, istehsal müddəti bitmiş məhsulların yenidən emalı iri istehsalçılar üçün riskdir:

“Məhsullar satış məntəqələrinə verildikdə tərəflər arasında qarşılıqlı razılaşma olur. Razılaşmaya əsasən, məhsulların son istifadə müddəti bitdikdə və ya müddətindən əvvəl keyfiyyət göstəriciləri pozulduqda, onlar istehsalçıya və ya distributor firmalara qaytarılır. “Yeyinti məhsulları haqqında “ qanunda birmənalı şəkildə qeyd edilib ki, son istifadə tarixi bitmiş məhsulların satışı qadağandır. Qanunun əksinə, bazardan çıxarılmış və son istifadə müddəti bitmiş məhsulların təkrar emal edilərək yenidən satışa verilməsi günümüzdə hər kəs tərəfindən səsləndirilir. Təkrar emal iri istehsalçılar üçün böyük risk olduğundan və onların nüfuzuna xələl gətirəcəyi üçün bunu edəcəklərini düşünmürəm”.

Mütəxəssis müddəti bitmiş bəzi məhsulların heyvandarlıqda yem kimi istifadə edildiyini bildirir:

“Belə məhsulların qablaşdırma vasitələri onları istehsal edən şirkətlərə xammal kimi yenidən satılır. Şüşə və xüsusi dekorativ qablaşdırma vasitələri müəyyən sterilizasiya prosesindən sonra təkrar istifadə oluna bilər. Məhsulların yenidən tarixlənməklə bazara çıxarılmasına gəldikdə, bu, az riskli məhsullarla bağlı ola bilər. Buraya əsasən, alkoqollu içkilər daxildir”. 

Müddəti bitmiş məhsulların sonrakı vəziyyətinin izlənməsi prosesindən danışan ekspert vurğulayır ki, ölkəmizdə hazırda bununla bağlı mexanizm yoxdur:

“Firmaların belə uyğunsuzluqlara yol verməsi ancaq həmin şirkətlərdə aparılan yoxlamalar zamanı aşkar edilə bilər. Qida və ya qeyri-qida müəssisəsinin, istehsal etdiyi məhsulun miqdarı haqqında müvafiq qurumlara məlumat vermək öhdəliyi var. Əgər hər iki miqdar arasında fərq varsa və bu fərqi izah edən müvafiq sənəd (utilizasiya aktı və s.) yoxdursa, deməli şirkət təkrar emal həyata keçirir. Bu haqda da tədbirlərin icrası yenə müvafiq qurumların üzərinə düşür”.

Xarici təcrübədə iri şirkətlər tez-tez “açıq qapı” günləri keçirərək vətəndaşları istehsal prosesi və utilizasiya ilə tanış edirlər. Davamlı olaraq geri qaytarılan məhsulların toplanması, utilizasiya proseslərini yayımlayıb alıcıları məlumatlandırırlar. Əfsus ki, bizdə belə tədbirlər geniş yayılmayıb.

Həmsöhbətimiz deyir ki, xaricdə istehlakçılarda məhsullara qarşı inam formalaşıb. İngiltərədə istehlakçılar arasında maraqlı bir təcrübə aparılıb:

“İstehlakçılar məhsul alarkən son istifadə müddətinə baxmaq əvəzinə məhsulu qoxulayırlar və təzə olduğuna əminlik yaranması üçün vizual baxış keçirərək alırlar. Bu da onu göstərir ki, məhsulun təzəliyi və təhlükəsizliyinin təyini alıcıların üzərinə düşür”. 

Qida mütəxəssisi Fərid Səfərov vurğulayır ki, yararsız məhsulların yenidən emalı cinayətdir:

“Market nümayəndələri istifadə müddəti bitən məhsulları firmaya geri göndərir. Standarta əsasən, bu məhsullar məhv edilməlidir. Əgər standart tətbiq olunmursa və firmanın yenidən gəlir əldə etməsini istəyirlərsə, təkrar emala verə bilərlər. Belə hal varsa, bu, cinayətdir. Qida Təhlükəsizliyi Agentliyi müəssisələrdə monitorinqlər keçirir, belə məhsullar məhv edilir”.

“Son istifadə tarixi məhsulun rəfdəki ömrü deməkdir” deyir Sayat Quliyeva. Mütəxəssis vurğulayır ki, məhsulun saxlama müddəti, onun fiziki və kimyəvi göstəricilərinin uyğun şəraitdə pozulmamasına görə təyin edilir:

“Həmin müddət sənəd halına gətirilir, dövlət qurumları ilə razılaşdırılır. Bəzi hallarda isə standarta istinad edilir. Təyin edilən müddət məhsulun təzəliyinə və təhlükəsizliyinə xidmət edir. Saxlama müddəti bitdikdə onun fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verir və bu hal qida zəhərlənmələrinə, bəzi hallarda isə insan ölümünə səbəb olur.  Xüsusilə belə hallar düzgün saxlanılmayan ət və süd məhsullarında baş verir. Çünki bu məhsullarda sağlamlığa zərərli e-coli, koliforma kimi bakteriyalar və kif mayalar yarana bilir. Bu səbəbdən də belə məhsulların saxlama müddəti qısa olur və mütləq şəkildə xüsusi şərait tələb olunur”. 

“Ömrü” bitən məhsullarla bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərdik. Məhsulların yandırıldığını bilirik. Bəs utilizasiya prosesini məhz narazı, iddiaları olan kütlənin izləmək imkanı varmı? Xarici təcrübə bizdə həyata keçirilə bilərmi? Yoxsa yandırdıq və mediada məlumat verdik, bitdi?

Bu suallara cavab tapa bilmədik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir