Cəmiyyət

Nazir: “Hirkan meşələri ilə bağlı müsbət qərar gözləyirik, palçıq vulkanları ilə bağlı müraciət edilib”

Sharing is caring!

Azərbaycanın ən böyük Milli Parklarından biri Hirkan Milli Parkıdır. Park 2004-cü ildə ölkənin cənub-şərqində, Azərbaycanın Lənkəran və Astara rayonları ərazisindəki eyniadlı qoruğun bazasında yaradılıb. 2008-ci ildə iki dəfə artırıldıqdan sonra parkın sahəsi 40,358 hektar təşkil edir.

Milli Parkın böyük hissəsi meşələrlə örtülüdür, yeri gəlmişkən, bu yaxınlarda sözügedən ərazi UNESCO-nun(United Nations Educational, Scientific and Cultural Organization) təbii və mədəni irsi siyahısına daxil edilə bilər.

Media.Az mövzu ilə əlaqədar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə danışıb:

– Hirkan meşələrinin dünya təbii və mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO Katibliyinə sənədlər təqdim olunub. Bu il biz artıq bu siyahıya düşə bilərdik, çünki yekun qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında elan edilməli idi. Lakin Ukrayna hadisələri ilə əlaqədar tədbirin təxirə salınmasına qərar verilib. Sessiyanın Parisdə keçiriləcəyi bildirilir, lakin onun təşkili üçün zamana ehtiyac var.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisi rütubətli subtropik iqlimə malikdir.

Azərbaycanda yayılmış 435 ağac və kol növündən 150-si Hirkan meşələrində bitir. Burada “Qırmızı kitab”a düşmüş hirkan şümşadı, dəmirağac, şabalıdyarpaqlı palıd, əncir, hirkan armudu, ipək akasiya, Qafqaz xurması, qızılağac və sair növ ağac və bitkilər mövcuddur.

Parkın florasına 1 900 növ, o cümlədən 162 endemik, 95 nadir, 38 nəsli kəsilməkdə olan növ daxildir.

Gələcəkdə UNESCO-nun Ümumdünya Təbii İrs Siyahısına daxil olmağa namizəd ola biləcək nadir təbiət obyektlərimiz varmı?

– Təbii ki, biz bunun üzərində işləyirik. Əgər biz Hirkan meşələri ilə bağlı müsbət qərar gözləyiriksə, deməli, artıq ikinci obyekt üçün də ərizə vermişik.

– Söhbət hansı təbiət obyektdən gedir?

– Söhbət UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmağa namizəd olan palçıq vulkanlarından gedir. Onların unikallığı ondadır ki, dünyada ən çox palçıq vulkanı Azərbaycanda cəmləşib və onların bütün növləri yalnız bizdədir. Yeri gəlmişkən, biz artıq UNESCO-nun qiymətləndirmə siyahısındayıq.

– Qiymətləndirmə prosesi nə qədər vaxt aparır?

– Bunu demək çətindir. Hirkan meşələrini misal çəkərək deyə bilərəm ki, iki ildən çox gözləməli olduq. Bu müddət ərzində UNESCO-nun ekspertləri və beynəlxalq məsləhətçilər bu meşələri öyrənmək və onların  unikallığını qiymətləndirmək üçün buraya gəliblər. Bu, çox əziyyətli və uzun bir prosesdir. Palçıq vulkanlarının qiymətləndirilməsi üçün də oxşar prosesə başlanılıb. Ona görə də nə isə demək üçün hələ tezdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir