Cəmiyyət

DİN-də kollegiya iclası: “Bu il 473 kriminal qrup zərərsizləşdirilib”- FOTO/VİDEO

Sharing is caring!

İyulun 15-i Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb. 

Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17 411 cinayətin qeydə alındığını, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edildiyini, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılmasının 2,2 faizə yaxşılaşdığını qeyd edib.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1 207 cinayətin açıldığını, 4 832 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 2 685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini vurğulayıb. 

Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb. 

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir