Cəmiyyət

Koronavirusa yoluxma üçrəqəmliyə çatdı: Pandemiya yenidən qüvvətlənir? – FOTO

Sharing is caring!

Son günlər koronavirusa yoluxanların sayında artımın müşahidə olunması, hətta iyulun 14-də Azərbaycanda sutka ərzində 174 nəfərə çatması insanlar arasında müəyyən qədər narahatlığa səbəb olub. Bəzi insanlar yenidən sərt karantin günlərinin qayıdacağını düşünürlər. Bəzi sosial platformalarda “maskalı günlər geri qayıdır” başlığı ilə narahatedici xəbərlər də yayılır.

Maraqlıdır, növbəti aylarda yoluxma sayı üçrəqəmli həddə qala və pandemiya yenidən qüvvətlənə bilərmi? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev payıza doğru yoluxma sayının sürətlə artacağının gözlənilən olduğunu deyib:

“Yoluxma sayında artım müşahidə olunur. Bunun səbəbi yoluxub-sağalanlar və peyvənd olunanlar arasında immunitetin yavaş-yavaş azalması və xəstəliyə həssaslığın artması ilə bağlıdır. Zaman keçdikcə immunitetdə zəifləmə olur. Bu da xəstəliyə olan həssaslığı artırır. Təbii ki, indi bu şəkildə artma müşahidə edilsə də, ciddi bir şey yoxdur. Payıza doğru yoluxmanın sürətlənəcəyi gözləniləndir. Çünki Günəşin aktivliyinin azalması, insanların evlərə çəkilməsi, havalandırmaların azalması yoluxmanın artmasına gətirib çıxara bilər”.

İnfeksionist qeyd edib ki, aktiv xəstə sayı çox olsa da, xəstəxanaya müraciət edənlərin sayı az olacaq:

“Bizdə kollektiv immunitet formalaşıb. Aktiv xəstə sayı çox olsa da, əksəriyyət xəstəliyi evdə keçirəcək. Xəstəxanaya müraciət edənlərin sayı az olacaq. Güclü məhdudiyyətlərin olacağını düşünmürəm. Payıza doğru virusa yoluxanların sayı üçrəqəmli həddə qala bilər”.

M.Əliyevin sözlərinə görə, risk qrupuna daxil olan şəxslər mütləq şəkildə peyvənd olunmalıdırlar:

“İnsanların qanında antitellər azalıb. Bu da xəstəliyə yoluxmanı artırır. Ona görə ikinci buster dozanın vurulması gündəmə gəlib. Kim xəstələnmək istəmirsə, peyvənd olunmalıdır. Maksimum dərəcədə özünü qorumalıdır. Risk qrupuna daxil olan şəxslər mütləq şəkildə peyvənd olunmalıdırlar. Kim xəstəliyə yoluxub-sağalıbsa, onun peyvənd olunmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı altı faiz artıb. İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib. Bu günədək dünyada koronavirusa yoluxanların sayı 565 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir