Cəmiyyət

Cəlil Xəlilov: “Qazilərimiz qarşısında borcluyuq, onlar 30 il gözlədiyimiz Qarabağı bizə qaytardılar”

Sharing is caring!

“Vətən müharibəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qazilərimiz var. Onlara dövlət tərəfindən xüsusi imtiyazlar tətbiq edilir və dövlət qayğısı ilə əhatə edilirlər. Ölkə başçısı əlindən gələni edir ki, qazilərin, şəhid ailələrinin həyat şəraiti, rifahı yaxşılaşdırılsın”.

Bu barədə Oxu.Az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, həmin qazilərin bir qismi bu gün ölkənin sosial-ictimai sferasında müəyyən rol oynayırlar:

“Hər bir qazimizlə davranış zamanı ehtiyatlı olmalıyıq. Onlar müharibə dövründə ciddi psixoloji gərginlik yaşayıblar və zaman-zaman özlərinə xəsarət yetirməyə də cəhd edə bilərlər. Dövlət onları bu cür vəziyyətdən çıxarmaq üçün reabilitasiyaya cəlb edir. Bəzən isə qazilərimizi müxtəlif səbəblərdən videoya çəkərək, adlarından istifadə edərək onların vəziyyətini daha da gərginləşdirməyə çalışırlar. Bu istiqamətdə vaxtında tədbir görülməlidir ki, cəmiyyətimiz qazilərə qarşı kəskin yanaşmanı aradan qaldırsın.

Qazilərimiz qarşısında borcluyuq, onlar bizim 30 il gözlədiyimiz Qarabağı bizə sağlamlıqları bahasına geri qaytarıblar. Onların haqqıdır ki, bu torpaqlarda müalicə olunsunlar, sülh şəraitində işləsinlər və ya hər hansı istirahət məkanlarında dincəlsinlər. Bu istiqamətdə dövlət tərəfindən təqdirəlayiq addımlar atılır. Şəhid uşaqlarının istirahətinin təşkili üçün sanatoriyalara Gənclər və İdman Nazirliyi tərəfindən də dəstək verilir. Müxtəlif dövlət qurumları, iş adamları da dövlətin bu təşəbbüsünə əlindən gələn dəstəyi verir”.

C.Xəlilov deyir ki, müharibə dövründə də bu xalq hərbçilərin yanında olub, bu gün də yanındadır:

“Dövlətlə bərabər, iş adamları da qazilərə, şəhid ailələrinə qayğı ilə yanaşırlar. Ölkə başçısının tapşırığı ilə yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə qazilərimiz ölkə daxilində və xaricində peşəkar həkim müayinələrinə cəlb edilirlər, ağır əməliyyatların xərcləri qarşılanır. Bütün bunlar ölkədə qazi və şəhid ailələrinə ayrılan diqqətin əyani sübutudur.

Azərbaycan yeganə ölkələrdəndir ki, həm müharibə, həm də postmüharibə dövründə sosial layihələri dayandırmadı. Əlillik dərəcələri olan şəxslərin pensiyaları artırıldı, qazi və şəhid ailələrinin sosial durumlarının yaxşılaşdırılması məqsədilə ev, avtomobil ilə təmin edilmələri yüksək səviyyədə həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatlarına baxdıqda görülən bütün tədbirləri görmək mümkündür.

Qazilərin peşə fəaliyyəti ilə məşğul olması üçün onlara şərait yaradılır. Ali təhsili olan 86 veteran Daxili İşlər Nazirliyi orqanlarında müvafiq xidmətlərə qəbul edildi. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti də veteranların fəaliyyətini müvafiq qaydada davam etdirmələrinə köməklik göstərib. Bunları görməzlikdən gəlmək olmaz”.

“Bütün bunlara baxmayaraq, bir sıra problemlər qalmaqdadır, lakin zamanla hər biri öz müsbət həllini tapacaq. Bizə əlillik dərəcələri, pensiya ilə bağlı şikayətlər daxil olurdu. Həmin şikayətləri aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirdik. Bir qismi həllini tapıb, bir qismi də araşdırılır və əminəm ki, müsbət həllini tapacaq”, – deyə C.Xəlilov qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir