Cəmiyyət

“Artıq bir övladımı itirmişəm, daha bir itkiyə dözə bilmərəm” – Ana köməyə çağırır

Sharing is caring!

15 yaşlı qızı İlhamə Nağızadə beta talassemiyanın ağır formasından əziyyət çəkən Günay Əsgərova Media.Az-a kömək çağırışı ilə müraciət edib. Qadın artıq ilk övladını onda aşkarlanan qan problemlərinə görə itirib. Buna baxmayaraq, o, təslim olmur və qızını xilas etmək üçün əlindən gələni edir.

2016-cı ildə həmyerlilərinin maddi yardımı sayəsində Almaniyada İ.Nağızadənin sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Lakin qızın vəziyyəti yenidən pisləşib və transplantasiyanın mənfi nəticələrinə görə dərisində zədələnmələr başlayıb.

“Bu ilin mart ayında Almaniyaya getdik, orada bizə dedilər ki, İlhamə klinikada üç aylıq reabilitasiya kursu keçməlidir. Biz buna iyuldan gec olmayaraq başlamalıyıq. Əks halda, qızın orqanı imtina edəcək”, – G.Əsgərova deyir.

Müalicə xərcləri 200 min avrodan artıqdır (359 768 manatdan çox). İlhamənin anası təkbaşına bu məbləği ödəyə bilmir.

“Mən tənha anayam, 15 ildir Heydər Əliyev adına Liseydə müəllim işləyirəm. Qızımın sağalması üçün dostlardan borc alıram, bankdan kredit götürürəm. Mən maaşımla yalnız kirayə pulunu ödəyə bilirəm. Almaniyaya bilet almağıma qohumlarım kömək etdi”, – deyə o bildirib.

Bu həftənin sonunda Binə Atçılıq Mərkəzində Günay Əsgərovanın təşkilatçılığı ilə əl işlərinin növbəti xeyriyyə yarmarkası keçiriləcək. Məhsulların satışından yığılan pul İ.Nağızadənin müalicəsinə yönəldiləcək.

“Başa düşürəm, 200 min avro böyük məbləğdir. Amma 35 min adam bizə cəmi 10 manat göndərsə, qızımı xilas edə bilərik. Reabilitasiyadan sonra o, nəhayət, normal yaşaya biləcək. Düzdür, təəssüf ki, gələcəkdə o, ana ola bilməyəcək”, – deyə qadın qeyd edib.

G.Əsgərovanın sözlərinə görə, bu çətin yolda ona yaxınları, şagirdləri və onların valideynləri dəstək olurlar:

“Yalnız onların sayəsində mən hələ də ayaq üstə dayana bilirəm və mübarizəni davam etdirirəm. Hər dəfə ümidimi itirəndə onlar yanımda oldular. İndi mənim yenidən xalqımın köməyinə çox ehtiyacım var. Qızım əlaçıdır, ingilis və alman dillərini mükəmməl bilir, vətənini layiqincə təmsil edəcək. Mən artıq bir övladımı itirmişəm və daha bir itkiyə dözə bilmərəm. Hər kəsdən buna biganə qalmamağı xahiş edirəm”.

Günay Əsgərovanın probleminə həssas yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

İlhamənin anası ilə 055 989 54 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yardım üçün pulu bank hesabına köçürmək olar: 4169 7377 0706 4693.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir