Cəmiyyət

Qoşulmama Hərəkatının fəaliyyətinə Azərbaycanın tarixi töhvəsi

Sharing is caring!

Bakıda Heydər Əliyev Mərkəzində 30 iyun tarixində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Konfrans keçirilib. Konfransda 40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı təmsil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Qoşulmama Hərəkatı (QH) BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır. 120 ölkəni birləşdirən QH dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur.  Azərbaycanın 2011-ci ildən bu təşkilatın  tamhüquqlu üzvüdür.

Azərbaycan üzv olduğu ilk gündən hərəkatın ruhuna və prinsiplərinə  hörmətlə yanaşaraq onun işində çox uğurla fəaliyyət göstərir. Rəsmi Bakı bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasətinə hər zaman sadiqlik nümayiş etdirməklə nisbətən qisa müddət ərzində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.

 2019-cu ildən isə Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini həyata keçirir. Ötən dövr ərzində hərəkatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm tədbirlər həyata keçirilib. Xüsusən Prezident İlham Əliyevin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub və böyük razılıqla qarşılanıb. Bu tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq  həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynayıb. Ötən ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

Azərbaycanın QH-yə uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında Azərbaycanın bu təşəbbüsünün dəstəklənməsinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib: “Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

QH Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın bu təşkilatın fəaliyyətinə tarixi töhfəsidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təsis olunan Parlament Şəbəkəsi təşkilata üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bir sıra mövcud problemləri yalnız beynəlxalq səylər nəticəsində birgə həll etmək mümkündür. Təbii ki, bu işdə parlamentlər də öz sözünü deməli, qlobal problemlərə qarşı səylərini birləşdirməlidirlər.

Mayıl Əliyev    Nizami Rayon Ağsaqqal Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir